12px13px15px17px
Tarix:06/11/14

AMEA, RYTN və TN-in birgə təşkilatçılığı ilə “Azərbaycan alimlərinin I Qurultayı” keçiriləcək


 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Təhsil Nazirliyinin (TN) birgə təşkilatçılığı ilə cari ilin 19 dekabr tarixində “Azərbaycan alimlərinin I Qurultayı” keçiriləcək.  
 
Bu məsələ ilə bağlı AMEA Rəyasət Heyətinin növbəti iclasında çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qeyd edib ki, “Azərbaycan alimlərinin I Qurultayının təşkili və keçirilməsi haqqında” qərar Akademiyanın 18 aprel 2014-cü il tarixli Ümumi Yığıncağında qəbul edilib:
 
 “Qurultayın keçirilməsi müasir dövrün tələblərindən və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn elmin funksiya və vəzifələrini müzakirə edib, Azərbaycanın elmi potensialını səfərbər etmək, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək vermək, ölkənin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək zərurətindən irəli gəlib”.
 
Akademikin sözlərinə görə, fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq istiqamətində aparılan islahatlara dəstək vermək, onun dünya elminə inteqrasiyası ilə bağlı mövcud problemləri müzakirə edib həlli yollarını müəyyənləşdirmək Azərbaycan alimlərinin qarşısında duran mühüm vəzifələrdəndir:
 
 “Qurultayın işinin yüksək səviyyədə təşkil edilməsi üçün İşçi qrupu tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, qurultayın proqramı işlənilib və gündəliyi müəyyənləşdirilib”.
 
 
AMEA-dan verilən məlumata görə, qurultayda xaricdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan alimlərinin, eləcə də dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakı gözlənilir. Qurultayın gedişatının internet üzərindən canlı yayımlanması, çıxışların və müzakirələrin videokonfrans sistemi ilə təşkili də nəzərdə tutulub. “Azərbaycan alimlərinin I Qurultayı”nın işini mədəni proqramla yekunlaşdırması nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024