12px13px15px17px
Tarix:18/11/14

Azərbaycanda sənaye sahəsində ixtisaslı kadr potensialına dair internet portalları yaradılacaq

“Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində zəruri məhsullarla yanaşı, kompüter, günəş batareyaları və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir”.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev söyləyib. Nazir Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə verdiyi müsahibəsində bildirib ki, həyata keçirilən düşünülmüş siyasət, rəqabətədavamlı, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması ixracın genişlənməsinə yeni imkanlar yaradır. Onun sözlərinə görə, hazırda bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır, analoji məhsullarla rəqabət aparır. Bura eyni zamanda bəzi İKT məhsulları da daxildir.
 
 
“Görülmüş tədbirlərin nəticəsidir ki, bu ilin 9 ayı ərzində qeyri-neft sənayesi 6% artmış, ÜDM-in 44,3%-i sənayedə istehsal olunmuşdur. Sənaye məhsulunun 80,7%-i özəl bölmənin payına düşmüşdür” – deyən nazir əlavə edib ki, “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, beynəlxalq təcrübə araşdırılmaqla sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı təkliflər hazırlanıb və bu işlər davam etdirilir. Ş.Mustafayev vurğulayıb ki, bu ilin 9 ayı ərzində müvəkkil kredit təşkilatları vasitəsilə müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin yaradılması üzrə 20 investisiya layihəsinin maliyyələşdirilməsinə 55,5 milyon manat güzəştli kredit vəsaiti ayrılmışdır. Maliyyələşdirilmiş layihələr hesabına 670-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
 
 
Hazırda sənaye sahəsinə, eləcə də bu sahədə ixtisaslı kadr potensialına dair internet portallarının yaradılması istiqamətində işlər aparıldığını söyləyən Ş.Mustafayevin sözlərinə görə, sənaye iqtisadiyyatın dinamik inkişaf edən və qlobal çağrışlara uyğun olaraq daim yenilənən, yeni yanaşma və mexanizmlərə açıq olan sahədir: “Ölkəmizdə həyata keçirilən dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini şərtləndirir. Azərbaycanda rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədi ilə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində işlər davam etdirilir. Xüsusilə vurğulamaq istəyirəm ki, dövlət başçısının iştirakı ilə 2013-cü ildə təməli qoyulmuş Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün ayrılmış ərazidə mövcud olan köhnə qurğular sökülmüş, torpaq istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Parkın ərazisi 166,6 hektardan 295,5 hektara kimi genişləndirilmişdir. Sənaye Parkının Baş Planına əsasən, SKSP-nin ərazisinə fiber-optik kabelin çəkilişi tamamlanıb”.
 
 
SEYMUR



Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024