12px13px15px17px
Tarix:02/12/14

Fərid Məmmədov: “Sənayenin böyük bayramına çevrilmiş “Bakutel” sərgisinin bütün iştirakçılarını təbrik edirik”

Telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri olan "Bakutel" bu il öz yubileyini qeyd edir. "Iteca Caspian LLC" şirkətinin icraçı direktoru Fərid Məmmədov yubiley sərgisinin təşkili ilə bağlı fikirlərini "Rabitə dünyası" ilə paylaşıb:

- 2014-cü il həm şirkətimiz, həm də sərgi üçün xüsusi önəm daşıyır. Artıq 20 ildir ki, "Bakutel" sərgisi Xəzəryanı regionda hər il keçirilən əsas tədbir statusunu qoruyub saxlayır və fürsətdən istifadə edərək, mən həm bizə, həm də sərginin uğur qazanmasına kömək edən hər bir kəsə təşəkkür edirəm. İlk növbədə isə mən bütün bu illər ərzində göstərdiyi dəstəyə və sərginin inkişafına verdiyi mühüm töhfəyə görə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) öz minnətdarlığımı bildirirəm. Biz sənayenin böyük bayramına çevrilmiş "Bakutel" sərgisinin bütün iştirakçılarını təbrik edirik. Sərgiyə hazırlıq işləri bütün ilboyu davam edib. Biz şirkətlərlə fəal danışıqlar aparmaqla yanaşı, xarici ölkələrdə keçirilən telekommunikasiya sərgilərində iştirak etmişik. Həmçinin, yubiley proqramını da hazırlamışıq və kompüter detallarından sərginin yubiley loqotipi toplanıb, eləcə də Bakı Ekspo Mərkəzində (BEM) stendlərin quraşdırılması tam sürətlə davam etdirilib.

 

"Beynəlxalq Telekommunikasiya İttifaqı ilk dəfədir ki, sərgidə öz stendi ilə iştirak edir"

 

- Bu il sərgi iştirakçılarının tərkibi, fəallığı və ayrılan pavilyonların sahəsi üzrə göstəricilərdə hansı dəyişikliklər var?

- Bu il bütün işgüzar tədbirlər Bakı Ekspo Mərkəzində keçiriləcək və bu, mütəxəssislərə işgüzar ünsiyyət üçün daha böyük imkanlar yaradacaq. Bunu seminar və konfranslarda iştirak etmək istəyən iştirakçılar, habelə tərəfdaşlarımız da xahiş edirdilər. Ümumilikdə, sərgidə 250-dən çox şirkət iştirak edir. Sərgi BEM-in foyesini və üç zalını tutur. Artıq ikinci dəfədir ki, Bakıda keçirilən bu sərgidə öz stendləri ilə iştirak edən Azərbaycanın milli pavilyonu, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) pavilyonu kompleksin foyesində yerləşdiriləcək. İlk dəfədir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Bakıda keçirilən bu sərgidə öz stendi ilə iştirak edir. Bildiyiniz kimi, Beynəlxalq Telekommunikasiya İttifaqının Koreyanın Pusan şəhərində keçirilən konfransında Azərbaycan bu ittifaqın ali idarəetmə orqanı olan олан şuraya üzv seçilib. BTİ-nin Baş katibi "Bakutel 2014" sərgisinin iştirakçılarına ünvanladığı salamlama məktubunda qeyd etmişdir ki, BTİ Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkədə bu sənayenin inkişafına verdiyi töhfəsini və Azərbaycanın ən müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə fəallığını yüksək qiymətləndirir.

"Bakutel" sərgisinin iştirakçıları bütün Azərbaycan kimi, "Bakı 2015" Birinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün fəal surətdə hazırlıq işləri görürlər və məhz buna görə də foyedə "Baku 2015" adlı stend yerləşdirilib və bu stenddə təşkilati komitənin nümayəndələri Avropa oyunlarına hazırlıq prosesinin gedişatından danışacaqlar.

Birinci pavilyonda sərginin həm daimi və həm də debütant iştirakçıları yerləşir. Qeyd etmək lazımdır ki, debütantlar iştirakçıların ümumi sayının 40%-ni təşkil edir. İkinci zalda biz milli pavilyonları yerləşdirmişik. Bu il Böyük Britaniya, İsrail, İtaliya, Kanada, Türkiyə, Xorvatiya, Estoniya və bir sıra digər ölkələr İKT sahəsində həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün maraqlı və innovasiyalı proqramları nümayiş etdirməklə yanaşı, bu sahə üzrə məhsul və xidmətlərin təqdimatlarını da təşkil edəcəklər. Üçüncü zal isə konfransların keçirilməsi üçün lazımı avadanlıqlarla tam təchiz olunub.

 

Unikal formatı ilə seçilən "Bakutel"də ziyarətçiləri əyləncəli anlar gözləyir

 

- Ziyarətçiləri hər dəfə təəccübləndirməyi bacaran "Bakutel" sərgisində bu dəfə hansı yeniliklər olacaq?

- Sərgidə ziyarətçiləri bir çox maraqlı məhsulların nümayişi gözləyir. Əlbəttə, ilk növbədə bunlara tətbiqi mobil proqramlarından tutmuş, peyk avadanlıqlarına kimi sənayenin müxtəlif yenilikləri daxildir. Xüsusilə, bu il optik lifli və "bulud" ("cloud") texnologiyaları üzrə xidmətlər, eləcə də gündəlik həyatımızı asanlaşdıran müxtəlif "qadjet"lər (kiçik tətbiqi proqram və qurğular) nümayiş etdirilir. Azərbaycanlı proqram layihəçiləri də bir sıra təqdimatlar keçirəcəklər. Həmçinin, iştirakçılar arasında böyük sayda yeni şirkətlər də yer alır ki, onlarda da yerli İT bazarına təklif etmək üçün müxtəlif məhsullar var. Məsələn, sərginin bütün tarixi ərzində ilk dəfə olaraq, tədbirdə Argentina şirkətləri, eləcə də milli qrupların tərkibində bir çox debütant şirkətlər iştirak edir. Bir sözlə, sərginin ziyarətçiləri yaxın gələcəkdə ölkə bazarına çıxarılacaq yüksək texnoloji həll variantları, habelə müasir avadanlıq və xidmətlərlə bilavasitə iş prosesində ilk tanışlıq imkanına malik olacaqlar. Artıq hamı bilir ki, "Bakutel" sərgisi həmişə öz unikal formatı ilə standart sərgilərdən fərqlənir və məhz buna görə də, yubileylə əlaqədar olaraq, ziyarətçiləri əyləncəli anlar gözləyir. Bura robotlarla görüş və virtual müsabiqələr də daxildir. Bundan əlavə, iştirakçılar öz stendlərində ziyarətçilər üçün sürprizlər, viktorinalar və konkurslar hazırlayıblar.

 

"Bakutel" çərçivəsində aktual mövzular gündəmə gətiriləcək

 

- Adətən, "Bakutel" çərçivəsində geniş işgüzar proqram da planlaşdırılır. Bu baxımdan, builki sərginin planlarında hansı tədbirlər nəzərdə tutulur?

- Yubiley "Bakutel" sərgisi dünyada İKT sənayesinin ən son təmayüllərini, eləcə də Azərbaycanda İKT-nın inkişafı perspektivlərini müzakirə etmək imkanını yaratmaqla, mütəxəssislərin geniş işgüzar ünsiyyəti formatında keçirilir. Belə ki, 2-3 dekabr tarixində "Əşyalar İnterneti" mövzusunda konfrans və "e-Gov 3.0: innovativ çağırışlar, müasir təmayüllər və yeni imkanlar" adlı beynəlxalq forum keçiriləcək. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu konfransların təşkilatçısı qismində çıxış edir. Bu il "Bakutel" sərgisində çox aktual mövzuya - yeni tədris metodlarını tələb edən İKT üzrə təhsil məsələsinə toxunulacaq. Bu mövzu "İnformatika təhsili - günümüzün çağırışları" mövzusuna həsr edilmiş konfrans çərçivəsində keçiriləcək və bu konfrans İKT sahəsində təhsil proqramları ilə məşğul olan "ACM Chapter" təşkilatının iştirakı ilə keçirilir. Bundan əlavə, sərgi çərçivəsində Bakı Ekspo Mərkəzində "Molex", "Acm Chapter", "Karel / Coriant", "Smart Communications" və "Vision Solutions" şirkətləri tərəfindən seminarlar keçiriləcək.

"Bakutel" sərgisi çərçivəsində daha bir tədbir, yəni Azərbaycanda "İT sahəsində qadınlar" adlı ilk qadın klubunun təqdimat mərasimi keçiriləcək və bu fakt bizi sevindirməyə bilməz. Hazırda qadınlar çox fəal surətdə sənayeyə inteqrasiya etməklə yanaşı, aparıcı vəzifələrdə də çalışırlar və bu baxımdan, qadınlar da bir çox məsələləri bir araya gələrək müzakirə etmək istəyirlər. Biz şadıq ki, uzun illər "Bakutel" sərgisinin meneceri kimi çalışan Rəna Abutalıbova da klubun təsisçiləri arasında yer alır.

 

Bir dəqiqə ərzində qeydiyyatdan keçməyə imkan yaradan sistem - "Fast Track"

 

- Ziyarətçilər üçün müvafiq prosedurları asanlaşdırmaq məqsədilə "Iteca Caspian" şirkəti də elektron xidmətlərin əhatə dairəsini genişləndirir. Məsələn, ötən il təqdirəlayiq yeniliklərinizdən biri kimi, "Müsahibələrin təyini" xidmətini göstərmək olar. Bu il hansı prosedurların asanlaşdırılması üçün işlər aparılır?

- Bu il biz "Fast Track" adlı onlayn qeydiyyat sistemini tətbiq etmişik. Bu sistem demək olar ki, bir dəqiqə ərzində qeydiyyatdan keçməyə imkan verir. Bunun üçün sərginin veb-saytında qeydiyyatdan keçmək və kodu əldə etdikdən sonra onu Bakı Ekspo Mərkəzində "Fast Track" qeydiyyat sisteminə təqdim etmək lazımdır. Bu sistemdə kod skan olunur və ziyarətçi dərhal öz döş nişanını (bedc) və bu nişanla birlikdə bütün sərgi materiallarını əldə edir. Artıq "Iteca Caspian" şirkətinin yaz və payız sərgilərinin əksər ziyarətçiləri bu sistemi sınaqdan keçirib və ondan razı qalıblar. Biz bir çox müsbət rəylər almışıq. Düşünürəm ki, daha çox ziyarətçinin iştirak etdiyi "Bakutel" sərgisində bu xidmət xüsusi ilə aktual olacaq.

 

"Bakutel" yerli və beynəlxalq mətbuatda

 

- Sərginin mətbuatla qurulan əlaqələrini necə qiymətləndirirsiniz? Təşkilat Komitəsinin göstərdiyi səylər, "Bakutel" sərgisinin işi yerli və beynəlxalq mətbuatda kifayət qədər işıqlandırılırmı?

- Kütləvi informasiya vasitələri bizim anonsları izləməklə yanaşı, sərgiyə daim fəal dəstək göstərirlər. Təkcə bu il sərgidə 40-dan artıq KİV tərəfindən rəsmi dəstək göstərilir və onların arasında Azərbaycan, eləcə də Gürcüstan, Rusiya, Böyük Britaniya və digər ölkələrin nümayəndələri yer alır. Həmçinin, dəstək göstərən mətbuat orqanları arasında Azərbaycanın bir çox KİV-i var. Bura informasiya agentlikləri, çap nəşriyyatları, elektron jurnallar və veb-saytlar daxildir. Onlardan bir çoxu bir neçə ildir ki, sərgiyə dəstək göstərir. Bəzi nəşriyyatlar, peşəkar veb-saytlar, jurnallar və qəzetlər öz stendləri ilə sərgidə iştirak edir və bu da onlara bilavasitə öz oxucu auditoriyası ilə ünsiyyət saxlamaq və sənayenin təmayüllərini başa düşmək imkanını verir. Bu il "Bakutel" sərgisində təxminən 20 stend iştirak edir.

 

"Bakutel" sərgisinin keçirilməsi sənayenin inkişafını və onun uğurlarını əks etdirir

 

-"Rabitə dünyası" qəzetinə əvvəlki müsahibənizdə "Bakutel" sərgisini "İKT sahəsinin güzgüsü" adlandırmısınız. Bu güzgüdə sektorun inkişafı necə əks olunur? Ümumiyyətlə, sərgi Azərbaycanın İT sahəsinin bütün mənzərəsini canlandıra bilirmi?

- Şübhəsiz ki, "Bakutel" sərgisinin keçirilməsi sənayenin inkişafını və onun uğurlarını əks etdirir. Hər il 4 gün ərzində biz sənayenin tam profilini görmək, onun perspektivlərini təhlil etmək, eləcə də böyük sayda yenilik və xidmətləri müşahidə etmək imkanına malik oluruq. "Bakutel" sərgisi zəngin bilik və təcrübə axınıdır. Bu bilik və təcrübə bizə qalmaqla yanaşı, yerli bazarımıza da uyğunlaşdırılır. Sərgidə Azərbaycanın aparıcı şirkətləri iştirak edir və hazırda onlar Azərbaycanda uğur qazanmaqla bərabər, öz xidmətlərini artıq xarici ölkələrə də ixrac edirlər. Son bir neçə ildir ki, sərgi Azərbaycanda startaplara dəstək göstərir. Bu, artıq yeni nəsil, sənayenin gələcəyi deməkdir. Biz bir təşkilatçı kimi başa düşürük ki, startaplar üçün artıq uğur qazanmış şirkətlərin arasında yer almaq çox mühümdür. Bu il bütün startaplar ikinci zalda, "High Tech Park" stendində yerləşdirilib və biz investisiya yatırımı ilə maraqlanan bütün şəxsləri bu istedadlı gənclərlə və onların işləyib hazırladıqları məhsullarla tanış olmağa dəvət edirik.

 

- Yubiley astanasında olan "Bakutel" sərgisinin keçdiyi 20 illik yola nəzər saldıqda, hansı dəyişiklikləri görürsünüz?

 

- Sərgi üçün 20 il böyük müddətdir. Keçirildiyi illər ərzində sərgi Xəzər regionunun aparıcı İKT forumuna çevrilməklə yanaşı, hər il dünya ictimaiyyətinin diqqətini özünə cəlb edir. Sözsüz ki, bu, hər şeydən əvvəl, iştirakçı sayının artması ilə əlaqədardır. Əgər 90-cı illərdə keçirilən ilk sərgilərdə cəmi 5-6 şirkət iştirak edirdisə, artıq bu il eksponentlərin sayı 250 şirkətdən çoxdur. 20 il ərzində sərgidə dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkət və yüz mindən çox ziyarətçi iştirak etmişdir. Həmçinin, ötən bu müddətdə sərgini bir çox xarici qonaq da ziyarət edib və bu ziyarətçilər arasında Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi cənab Hamadun Ture, eləcə də Belarus, İsrail, İran, Latviya, İordaniya, Moldova, Pakistan, Rusiya Federasiyası, Rumıniya, Ukrayna və digər ölkələrin telekommunikasiya nazirləri yer alır. 2008-ci ildə Berkli Universitetinin professoru Lütfi Zadənin sərgini ziyarət etməsi mühüm hadisəyə çevrildi. BMT-nin Baş katibi Pan Qi Mun, Avropa Komissiyasının "Rəqəmsal Gündəlik" layihəsinin vitse-prezidenti Nilli Krous, "Microsoft" şirkətinin idarə heyətinin sədri Bill Qeyts və digər şəxslər müxtəlif illərdə sərginin iştirakçıları və qonaqlarına öz salamlama məktublarını ünvanlamışlar. 2010-cu ildə bütün standartlara cavab verən Bakı Ekspo Mərkəzi adlı müasir sərgi kompleksinə keçid isə "Bakutel" üçün əlamətdar hadisə oldu.

Xüsusilə vurğulamaq istəyirəm ki, həm sərginin, həm də sənayenin inkişafı güclü dəstəkdən asılıdır və bu dəstək respublika rəhbərliyi, o cümlədən Сənaye Нazirliyi tərəfindən təmin olunur. Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin açılış günündə sərgini ziyarət etməsi bu tədbirin yüksək statusunu vurğulayır. Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov sərgiyə böyük diqqət ayırır, nazirliyin beynəlxalq əlaqələr departamenti isə fəal iş aparır. Fürsətdən istifadə edərək, bir neçə il ərzində göstərdiyi dəstəyə görə "Rabitə dünyası" qəzetinə də öz minnətdarlığımı bildirirəm. Siz həmişə sərgiyə qarşı çox diqqətli olmaqla bərabər, onu geniş şəkildə işıqlandırırsınız. Biz yubiley münasibəti ilə "Rabitə dünyası" qəzetinin bütün kollektivini təbrik edir və hamını 2-5 dekabr tarixində "Bakutel" sərgisinə dəvət edirik.

 

Həqiqət İSABALAYEVA





Baxış sayı: 1431

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024