12px13px15px17px
Tarix:03/12/14

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir

Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə "Kempinski Hotel Badamdar"da QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir.

Yüksəksəviyyəli iclasda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 4 illik fəaliyyət planı, bəyannamə və digər müvafiq sənədlər müzakirə edilərək qəbul olunacaq. Adıçəkilən sənədlər QDİƏT-in Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun Bakıda 2014-cü il 1-2 dekabr tarixlərində keçirilmiş iclasında ekspertlər tərəfindən hazırlanıb. Bu iclasda Azərbaycan adından Elmin İnkişafı Fondunun təqdim etdiyi 2 illik fəaliyyət planı da müzakirə edilərək qəbul olunub.
 
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi iclasın işində QDİƏT-ə üzv olan Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstandan yüksəksəviyyəli nümayəndə heyətləri iştirak edir. Türkiyənin elm, sənaye və texnologiya naziri Isiq Fikri, Bolqarıstanın təhsil və elm naziri Todor Tanev, Rusiyanın təhsil və elm nazirinin müavini Benyamin Kaqanov, Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin baş katibi səfir Viktor Tvircun və Katibliyin icraçı direktoru səfir Bratislav Dordevic, Yunanıstanın Azərbaycandakı səfiri Dimitros Tsoungas, QDİƏT-ə sədrlik edən ölkə olan Yunanıstanın koordinatoru səfir Michael Christides, Moldova Elmlər Akademiyasının vitse-prezidenti İon Guceac, Rumıniyanın Azərbaycandakı səfiri Daniel-Cristian Ciobanu, Serbiyanın Azərbaycandakı səfiri Nebojsa Rodic, Azərbaycanın QDİƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Asəf Hacıyev, QDİƏT Parlament Assambleyasının İqtisadiyyat, Kommersiya, Texnologiya və Ətraf Mühit üzrə Komitəsinin katibi Yadigar Məmmədov, QDİƏT-də müşahidəçi statusuna malik Almaniyanın Azərbaycandakı səfirliyinin (missiyasının) müavini Volfgang Mossinger, Azərbaycanın Türkiyədəki baş konsulu Həsən Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev və akademik-katibi Rasim Əliquliyev, bir sıra ali təhsil müəssisələrinin rektorları, dövlət və hökumət qurumlarının nümayəndələri iştirak və çıxış edəcəklər.
 
 
Fəaliyyət planında bilateral əməkdaşlığın gücləndirilməsi, innovasiyalar, tədqiqat infrastrukturu, kadr potensialına, xüsusilə də gənc tədqiqatçılara olan diqqətin artırılması, yay məktəblərinin təşkili, informasiya mübadiləsi, tədqiqiat və inkişaf üzrə şəbəkələrin fəaliyyətinin canlandırılması, beynəlxalq çərçivə proqramlarında fəal iştirak, layihələr fondunun reabilitasiyası və digər mühüm məsələlər öz əksini tapacaq.
 
 
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunda (Organization of the Black Sea Economic Cooperation - BSEC, Working Group on Cooperation in Science and Technology)  2014-cü il 1 iyul tarixindən etibarən iki il müddətində ölkə əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.
 
12 dövlətin üzv olduğu QDİƏT-in ali orqanı Xarici İşlər Nazirləri Şurasıdır və üzv ölkələrin koordinasiyası işini təşkilatın İstanbul şəhərində yerləşən Daimi Beynəlxalq Katibliyi təşkil edir. QDİƏT-in fəaliyyəti isə əsasən İşçi qruplar vasitəsi ilə həyata keçirilir. QDİƏT-in Elm və texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyətini ölkə əlaqələndiricisi olan Azərbaycan adından 2 illik fəaliyyət dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əlaqələndirəcək.
 
 
 
 
 



Baxış sayı: 833

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024