12px13px15px17px
Tarix:03/12/14

Dünyada ilk “SMS” mesaj tarixin bu günü göndərilib

Sürətlə dəyişən dünyamızda texnoloji cəhətdən köhnəlmiş, lakin hələ də mövcud olan və insanlara sevinc bəxş edən bir neçə həll qalmaqdadır.

Smartfonların müasir funksiyalarla təchiz edilməsinə baxmayaraq, 160 simvol uzunluğunda mesajlar rabitə qurğularında əvvəlki kimi başlıca atribut olaraq qalır. “SMS” əksər istifadəçilər üçün əsas ünsiyyət vasitəsidir; insanlar sadə simvollar vasitəsilə emosiya, əhval-ruhiyyə və hisslərini digərlərinə çatdıra bilər.
 
“SMS”-in yaranma tarixi Danimarka ilə bağlıdır. Belə ki, 1984-cü ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən mobil rabitə üzrə konfransa gəlmiş finlandiyalı mühəndis Matti Makkonen iki həmkarı ilə pizzaxanada keçirilmiş qeyri-rəsmi görüşdə “GSM” şəbəkələrdə qısa mesajlarla mübadilə sisteminin konsepsiyasını müzakirə edib. “GSM” o dövrdə sırf Skandinaviya standartı olub və yalnız bir neçə il sonra ümumavropa standartı kimi təsdiq edilib.
 
1992-ci ildə “SMS” standartı təsdiqlənib və “Vodafone” şirkəti Britaniyanın “Sema Group” standartlaşdırma təşkilatından “SMS” mərkəzin yaradılması üçün proqram təminatının hazırlanmasını sifariş edib. Yaradıcılar komandasının iştirakçılarından biri də Nil Papvort olub.
 
Proqram təminatının hazırlanmasına təxminən 1 il vaxt sərf olunub. 1992-ci il dekabrın 3-də Nil Papvort “Vodafone” şirkətinin qərargahına gedib kompüter arxasında əyləşərək “Vodafone”nun SMS üzrə direktoru Riçard Carvisə “Merry Christmas” adlı mesaj göndərib. “SMS” dövrü beləcə meydana gəlib.
 
Sınaq müddətinə daha bir neçə həftə sərf olunub. “Vodafone” şirkəti “Sema”nın hazırladığı “SMS” mərkəzini operator şəbəkəsinə qoşmazdan əvvəl onu bir sıra ciddi sınaqlardan keçirib.
 
"Bu layihəni nə dərəcədə mühüm hesab etməyimlə bağlı mənə  çoxsaylı suallarla müraciət edirlər – Papvort etiraf edib. – Xeyr, mən sadəcə “Sema” standartlaşdırma şirkətində çalışırdım və “Vodafone” proqram təminatını hazırlamağa görə pul ödəyib  və biz sifarişi yerinə yetirmişik".
 
“SMS“ mesajlar 1995-ci ilədək populyar olmayıb: o zaman azsaylı mobil rabitə istifadəçiləri 2,5 ayda təxminən 1 mesaj göndərib və birinci mobil telefonlar qısa mesajlar üçün yaxşı adaptasiya edilməyib.
 
“Ericsson” şirkətinin məlumatına əsasən, 2000-2012-ci illərdə “SMS”-in populyarlığı artmağa davam edib və yalnız 2000-2002-ci illərdə “SMS” trafikinin həcmi 20 dəfə artıb.
 
“GSM Association”ın məlumatına əsasən, hazırda dünyada 1 ildə təxminən 7 trilyon qısa mesaj ötürülür və bu, saniyədə təxminən 200 min “SMS” deməkdir.
 
Emil Hüseynov



Baxış sayı: 879

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024