12px13px15px17px
Tarix:15/12/14

Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri yaradılır

 
“Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı”  layihəsi Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur.
 
Layihənin əsas hədəfi layihə ərazisində daşınmaz əmlakın kadastrı işlərinin inkişafının təmin edilməsi, habelə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsidir.  Bu barədə “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi: mövcud vəziyyət və hədəflər” mövzusunda Gəncə şəhərində keçirilən ictimai təqdimatda məlumat verilib. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən təşkil olunan tədbirdə ƏMDK-nın Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin (DƏKTİM ) direktoru Ramiz Quliyev qeyd edib ki, qısa zaman kəsiyində komitə tərəfindən daşınmaz əmlakın kadastrının yaradılması sahəsində bir çox işlər görülüb:
 
 “Ölkəmizdə müasir dünya təcrübələrinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır. Daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir.
“Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsinin icrasına 2013-cü ilin oktyabrından başlanılıb və 2016-cı ilin aprelinə layihənin yekunlaşdırılması nəzərdə tutulur”.
 
 Onun sözlərinə görə, layihənin hədəflərinə çatmaqla, Gəncə şəhərində və Şəki rayonunda ərazilərdəki daşınmaz əmlaklar barəsində mükəmməl elektron kadastr məlumat bazası formalaşdırılacaq və bu elektron kadastr məlumatlarından istifadə etməklə daşınmaz əmlaklar üzərində hüquqların qeydiyyatı, obyektlərin kadastr uçotuna alınması, əmlakla bağlı müxtəlif arayış və sənədlərin verilməsi işlərinin elektron xidmətə keçidi təmin ediləcək.
 
Eyni zamanda, layihə ərazilərində daşınmaz əmlakın kadastr məlumatlarından istifadə etməklə memarlıq-planlaşdırma, əmlakların qiymətləndirilməsi, ünvan işlərinin müasir tələblər çərçivəsində qurulması üçün şərait yaranacaq:
 
“Hazırlanacaq elektron kadastr  məlumat bazası əmlakların elmi əsaslarla idarə edilməsi üçün də zəmin yaradacaq. Bu layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə və şəhər təsərrüfatının səmərəli idarəetməsinə informasiya təminatı baxımından əhəmiyyətli yardım edəcək. Elektron kadastr məlumat bazaları öz növbəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq”.
 
 
Xatırladaq ki, ölkədə həyata keçirilən kadastr işləri çərçivəsində Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazası yaradılıb. Bakı şəhərinin 7 rayonunda kadastr işləri artıq yekunlaşıb. 2015-ci ildə bütün Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazasının yaradılması, şəhərin rəqəmsal kadastr xəritəsinin tərtibi işi başa çatacaq.  
 
Azərbaycanın 53 rayonunun mərkəzinin və onlara bitişik iri qəsəbə və kəndlərin ərazilərindəki daşınmaz əmlaklar barəsində sadə modullu elektron kadastr məlumat bazasının yaradılması işi yekunlaşmışdır.
 
Beləliklə, yaxın 4 il ərzində Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisi üzrə daşınmaz əmlakın kadastrı sahəsində işlərin yekunlaşdırılması nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1091

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024