12px13px15px17px
Tarix:24/12/14

I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi keçirilib

2014-cü il dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası – İnformasiya Resursları Mərkəzində təşkil olunmuş I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi öz işinə başlayıb.
 
Sərginin açılışında çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sərginin Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 331 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun həyata keçirildiyini deyib. Ramiz Həsənov ölkəmizdə yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun günbəgün artdığını, ölkə başçısının 2014-cü ili “Sənaye ili” elan etməsi nəticəsində iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da sürətli inkişafına xidmət etdiyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, iqtisadi tərəqqi naminə, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Yeni texnologiyalar və ixtiralar isə öz növbəsində elmi-texniki araşdırmalara, yaradıcı fəaliyyətə, bir sözlə, insan kapitalına aid dəyərlərdir:
 
“Fikrimizcə, rəqabətqabiliyyətli və innovativ sənaye müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi dəyərləndirilməlidir”.
 
Komitə sədri əlavə edib ki, müasir sənayenin rəqabətqabiliyyətliliyi artıq o qədər də investisiyaların həcmilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir. Sənayenin effektivliyinə təsir edən bir çox iqtisadi və sosial faktorlar sırasında texniki yeniliklər – ixtiralar, faydalı modellər, sənaye nümunələri əsas amillər kimi qiymətləndirilir. Qeyd olunan intellektual komponentlər qeyri-maddi aktivlər kimi çıxış edərək istehsal proseslərinin effektivliyini, səmərəliliyini artırmaqla bərabər, sənaye məhsullarına əlavə istehlak xüsusiyyətləri verir, dünya bazarında daha da uğurlu nəticələrə yol açır. Bu isə öz növbəsində əqli mülkiyyət obyektləri üzərində müstəsna hüquqların qorunması mexanizminin – patent sisteminin rolunu günbəgün artırır.
 
Açılış mərasimində çıxış edən digər natiqlər də təşkil olunmuş sərginin sənayenin inkişafını əyani göstərən bir faktor kimi qiymətləndiriblər.
 
Sonra sərgi pavilyonları ilə tanışlıq aparılıb. Məlumat verilib ki, sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə yanaşı, Milli Aviasiya Akademiyası, “Azərenerji”-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “ASAN xidmət”in İnnovasiyalar Mərkəzi, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, SOCAR və s. təşkilatlar, patent almış ixtiraçılar və digər sənaye sahəsində fəaliyyət göstərən özəl sektorun nümayəndələri təmsil olunub.
 
Sərgi iki gün davam edəcək.
 



Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024