12px13px15px17px
Tarix:26/12/14

“Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi üzrə ardıcıl tədbirlər görülür”

“Fərəhdoğurucu haldır ki, Azərbaycan minilliyin inkişaf məqsədlərini çox qısa zamanda icra edib və tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyan dövlətdir. Milli səviyyədə yüksək inkişafa nail olan ölkəmiz bu gün təşəbbüskarı və bilavasitə iştirakçısı olduğu irimiqyaslı layihələr vasitəsilə region və onun hüdudları boyunca əməkdaşlıq və inkişafa töhfə verir. “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) və Bakı-Tbilisi-Qars kimi layihələr 2015-ci ildən sonra BMT tərəfindən dünya qarşısında müəyyən olunmuş inkişaf məqsədlərinə töhfə verə biləcək layihələrdir”.  
 
Bu fikirlər xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə verdiyi açıqlamasında söyləyib. E.Məmmədyarov Azərbaycanın BMT ilə əməkdaşlığı və qlobal proseslərdə iştirakı ilə bağlı danışarkən qeyd edib ki, artıq ölkəmiz milli səviyyədə deyil, region və daha geniş çərçivədə BMT-nin inkişaf məqsədlərinə, qlobal inkişafa və sabitliyə töhfə verən dövlətdir. Onun sözlərinə görə, çoxtərəfli diplomatiyamızın əsasını təşkil edən beynəlxalq təşkilatlarla fəal iş aparılıb və bu sırada BMT-dəki fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edib:
 
“2015-ci ildən sonrakı dövr üçün dünya qarşısında duran yeni inkişaf məqsədlərinin müəyyən edilməsi mövzusuna həsr edilən BMT Baş Assambleyasının 69-cu sessiyasının ümumi müzakirələr hissəsində Azərbaycan çıxış edib və qlobal inkişaf baxımdan öz baxışlarını təqdim edib. 2000-ci ildə keçirilmiş minillik sammitində dövlətlər tərəfindən 2015-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulan Minilliyin inkişaf məqsədləri müəyyən olunub”.
 
 
Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar vizaların verilməsi prosedurlarının təkmilləşdirilməsinə toxunan E.Məmmədyarov qeyd edib ki, “I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2014-cü il tarixli 675 saylı Sərəncamına əsasən, Xarici İşlər Nazirliyinin üzərinə düşən tədbirlərin icrası istiqamətində ardıcıl iş aparılır:
 
“Viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Olimpiya Komitəsi, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) dolğun məlumatların verilməsi və ölkəmizə səfər edəcək əcnəbilərə və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi qaydalarının Xarici İşlər Nazirliyi və xaricdəki diplomatik nümayəndəliklərimizin resurslarında yerləşdirilməsi təmin olunur. Azərbaycan Respublikasında turizmin inkişafı ilə əlaqədar ölkəmizə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə vizalarının rəsmiləşdirilməsi işinin daha yüksək səviyyədə təşkili məqsədi ilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) mövcud proqram təminatının təkmilləşdirilməsi, bu sahədə müfəssəl statistik təhlillərin aparılması; Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini təkmilləşdirmək üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi üzrə ardıcıl tədbirlər görülür. Eyni zamanda, ölkəmizə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi işinin operativliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, XİN və diplomatik nümayəndəliklərin əməkdaşlarının ştat sayının artırılması sahəsində müvafiq işlər görülməkdədir”.
 
 
Azərbaycana səfər edən turistlərə vizaların elektron qaydada verilməsi işinin müvəffəqiyyətlə həyata keçirildiyini önə çəkən nazir buna sübut kimi e-vizaya müraciət edən turistlərin sayının getdikcə artmasını göstərib:
 
“Aparılmış uğurlu fəaliyyət nəticəsində 2014-cü ilin 1 sentyabr tarixindən etibarən “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş” qüvvəyə minib. Sazişin tətbiq edilmədiyi Danimarka, Birləşmiş Krallıq, İrlandiya, İslandiya, Norveç, İsveçrə və Lixtenşteyn ilə diplomatik və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi barədə ikitərəfli sazişlərin imzalanması istiqamətində müvafiq işlərin aparılmasına başlanılıb. Norveç Krallığı ilə Azərbaycan arasında “diplomatik və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi barədə” ikitərəfli saziş artıq imzalanıb”.
 
 
 Daha sonra 2014-cü il ərzində Azərbaycanın xarici iqtisadi-ticarət əlaqələrinin inkişafını qiymətləndirən E.Məmmədyarov bildirib ki, ötən illərdə olduğu kimi, cari ildə də respublikamızın xarici ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra mühüm işlər və tədbirlər görülüb.
 
O qeyd edib ki, dövlət qurumları ilə əlaqəli şəkildə Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının potensialının xaricdə təşviq olunması, Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə Azərbaycanın xarici dövlətlərlə birgə hökumətlərarası komissiyalarının və işçi qruplarının keçirilməsi, ölkəmizin qeyri-neft sektorunun şaxələndirilməsi, ixracının təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, tərəfdaş ölkələrə Azərbaycan sərmayələrinin yatırılmasının təşviqi, respublikamızda istehsal olunan məhsulların və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi ikitərəfli əməkdaşlıqda əsas istiqamətlərdən olub: “Belə ki, 2014-cü il ərzində Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi məqsədilə 18 birgə hökumətlərarası iqtisadi komissiyanın və 2 işçi qrupun iclası keçirilib. Keçirilmiş iclaslarda Azərbaycanın bu ölkələrlə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, informasiya və telekommunikasiya texnologiyaları, kənd təsərrüfatı və aqrar sənayesi, turizm və elmi-texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə konkret razılaşmalar əldə olunub və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib. Bununla yanaşı, Azərbaycanın bir sıra mühüm ölkələrlə keçirdiyi hökumətlərarası iqtisadi komissiya və işçi qruplarının iclasları zamanı qəbul olunan sənədlərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və digər işğal altında olan ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması məqsədilə Azərbaycanın həmin ölkələrlə birgə səylərinin aparılması üzrə razılıqlar əldə olunub”.
 
 
Nazir Elmar Məmmədyarov əlavə edib ki, ölkə iqtisadiyyatımızın potensialının xaricdə təşviq olunması, işgüzar dairələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, ölkəmizin iqtisadi imkanları, biznes və sərmayə mühitinin xarici sərmayədarlara tanıdılması, şirkətlərimizin istehsal etdiyi məhsul və xidmətlərinin xarici bazarlara çıxarılması, eyni zamanda xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi üçün 23 biznes forum keçirilib. Onun sözlərinə görə, 2014-cü il ərzində ölkəmizdə aparılan islahatlar və həyata keçirilən iqtisadi siyasət nəticəsində yaradılan əlverişli biznes mühitinə maraq göstərən xarici şirkətlərin və ölkəmizlə əməkdaşlıq istiqamətində irəli sürülən təkliflərin sayı davamlı olaraq artıb:
 
 
“Bu təkliflərin ölkəmizin maraqlarına uyğun olaraq rəqabətlilik əsasında seçilməsi məqsədilə xarici şirkətlər tərəfindən edilən işgüzar müraciətlərin təhlil edilməsi, iqtisadiyyatımıza verə biləcəyi töhfənin əsaslandırılması, əməkdaşlığın gələcək səmərəliliyi, ölkəmiz üçün faydalılığı, xüsusən yeni texnologiyaların ölkəmizə gətirilməsi, istehsal sahəsində uzunmüddətli sərmayə yatırmaq niyyəti olan şirkətlərin cəlb edilməsinə səy göstərilib.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 1222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024