12px13px15px17px
Tarix:05/01/15

2015-ci ildə yeni əməliyyat sistemli smartfonların satışı artacaq

Bu il “Android One”, “Firefox OS” və “Tizen” kimi bu yaxınlarda buraxılan əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların satış həcminin xeyli artacağı gözlənilir. Analitiklərin proqnozlarına görə, buna Yeni ildə köhnəlmiş telefonlarını əvəzləmək istəyən istifadəçilər zəmin yaradacaq.
 
“Gartner” analitik şirkətinin məlumatına görə, “feature phone” adlanan telefonların dünya mobil telefon tədarükündə payı 2014-cü ilin üçüncü rübündə 34 faizədək azalıb və gözlənildiyinə görə, azalmaqda davam edəcək. Proqnozlara əsasən, 2018-ci ilədək onların payı 10 faizədək aşağı düşəcək.
 
“DigiTimes” nəşrinin məlumatına görə, mütəxəssislər mobil telefon istifadəçilərinin smartfonlara keçidinin başlıca səbəbi kimi onların qiymətləri arasında fərqin azalmasını qeyd edirlər.  
 
Qiyməti 50-100 dollar arasında dəyişən “Android One”, “Firefox OS” və “Tizen” əməliyyat sistemli qurğuların istehsal həcminin artması da “Microsoft” korporasiyasının mobil bölməsinin adi mobil telefonların buraxılışından imtina etməsinə səbəb olub.
 
“Firefox OS” sisteminin tərtibatçısı “Mozilla” şirkəti Çinin “TCL”, “ZTE”, “Huawei” və “Spreadtrum Communications” şirkətləri ilə “Firefox” sistemli smartfonlar üçün tədarük kanalının yaradılması məqsədilə birləşib. “Firefox” sistemli 14 smartfon modeli artıq dünyanın 30 ölkəsində təklif olunur. Hindistan və Filippində satışda olan bəzi modellərin qiyməti 30 dollardan aşağıdır.
 
“Google” da  “Micromax”, “Karbonn” və “Spice” şirkətləri ilə birlikdə Hindistanda "Android One” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların satışı ilə məşğuldur. Eyni zamanda, “Google” çip istehsalçıları “Qualcomm” və “MediaTek”, eləcə də “HTC”, “Asustek Computer”, “Acer” və “Lenovo” smartfon istehsalçıları ilə birlikdə 2015-ci ilin birinci yarısında satışa çıxarılacaq "Android One” sistemli mobil qurğular hazırlamaq məqsədilə əməkdaşlıq qurur.
 
Bundan əlavə, 2015-ci ilin əvvəlində “Samsung” şirkətinin “Tizen” sistemli ilk smartfonunun istehsalına başlanılacaq. Ekspertlərin qiymətləndirməsinə görə, “Z1” adlanan qurğu 4 düymlü ekran, 1,2 giqahers takt tezlikli ikinüvəli prosessorla təchiz edilməklə qiyməti 100 dollardan az olacaq, - "Hi-News” yazır.



Baxış sayı: 772

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024