12px13px15px17px
Tarix:12/01/15

Azərbaycanda 23 bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir


Son 10 ildə Azərbaycanda elektron hesablaşmaların həcmi də 15 dəfə artıb. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin iclasındakı çıxışında Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov danışıb. MB sədri bildirib ki, sözügedən artım ümumi daxili məhsulun iki mislini təşkil edir. E.Rüstəmov qeyd edib ki, plastik kartların sayında da böyük miqdarda artım müşahidə edilib. Onun sözlərinə görə, artıq plastik kartların sayı 6 milyon ədədə çatır.
 
Son 7 ildə kartlarla əməliyyatların həcmində 3,5 dəfə artımın qeydə alındığını söyləyən E.Rüstəmov əlavə edib ki, POS-terminalların sayı təkcə 2014-cü ildə iki dəfədən çox böyüyüb.
 
 
Sonra elektron bankçılıq mövzusuna toxunan Mərkəzi Bankın sədri bildirib ki, bu istiqamətdə də göstərilən xidmətlər sürətlə inkişaf edir. Onun sözlərinə görə, hazırda ölkədə 23 bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir.
 Ötən ildə Azərbaycanda bank sektorunun sabitliyi və dayanıqlığının təmin olunduğunu qeyd edən E.Rüstəmov deyib ki, hazırda kapital adekvatlığı 8 faizlik beynəlxalq normaya qarşı 19 faiz təşkil edir:
 
"Bank sektorunun aktivlərinin 99 faizinə malik banklar minimum kapital tələblərini yerinə yetiriblər. Ona yaxın bankın isə kapitalı artıq bu gün 100 milyon manatdan yuxarıdır. Bank sektorunun artım templəri iqtisadi artımı əhəmiyyətli surətdə qabaqlayır. Bank aktivlərinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti son 10 ildə 2,4 dəfə artaraq - beynəlxalq praktikada belə bir göstərici var - iqtisadiyyatın maliyyə dərinliyi təxminən 78 faizə çatıb. Bu bütövlükdə, orta yaxşı göstərici hesab olunur".
 
 
Ötən il əhalinin banklardakı əmanətləri 11 faiz artaraq 7 milyard səviyyəsini keçib:
 
"Adambaşına əmanətlərin məbləği təxminən 1000 ABŞ dollarına yaxındır. Müqayisə üçün deyim ki, 10 il bundan əvvəl bu göstərici cəmi 50 dollar təşkil edirdi. 2014-cü ildə əmanətlər üzrə əhalinin faiz gəlirləri yarım milyard manatı ötüb keçib və bank sektoru bu istiqamətdə mühüm sosial rol oynamağa başlayıb".
 
Ötən il ölkədə maliyyə vasitəçiliyi və infrastrukturun inkişafı davam edib, milli iqtisadiyyatın maliyyələşməsi daha da dərinləşib. Kredit alanların sayı təxminən 2 milyona çatıb, ölkədə 4,5 milyona qədər əmanətçi var. Bu gün əhalinin hər min nəfərinə 473 əmanətçi düşür.
 
 
"Bizim məqsədimiz hər bir yetkin yaşa çatmış insanın bir və ya bir neçə bank hesabının olmasıdır. Əhalinin bütövlükdə maliyyə sektoruna inteqrasiyası, ondan faydalanması istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb. Ölkədə hər yüz min nəfərə düşən bank xidməti nöqtələrinin sayı 20-yə yaxınlaşır" - deyə Mərkəzi Bankın sədri bildirib.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024