12px13px15px17px
Tarix:15/01/15

Elmi tədqiqat proqramları, layihə və digər elmi tədbirlərin maliyyələşdirilməsi üçün elan edilən müsabiqənin ekspertizası aparılacaq

Elmi tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) qrantların verilməsi üzrə 2014-cü il üçün elan etdiyi əsas müsabiqəyə sənəd qəbulu fevralın 27-də başa çatacaq.
 
Əsas müsabiqənin elmi ekspertiza işi isə 2015-ci ilin ikinci rübündə yerinə yetiriləcək. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.
 
 Fonddan qeyd edilib ki, ilk seminar yanvarın 21-də təşkil ediləcək. Ümumilikdə altı məsləhət seminarının keçirilməsi planlaşdırılır ki, sonuncu seminar da 24 fevral tarixində başa çatacaq.
 
 
Qeyd edək ki, müsabiqə elmi tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq, maddi-texniki təminatını təkmilləşdirmək, elmin ayrıca götürülmüş sahə və istiqamətlərinin davamlı inkişafını dəstəkləmək, həmçinin qısa müddət ərzində modern elmi cihaz, avadanlıq və qurğularla təchiz olunma yolu ilə əhəmiyyətli elmi nəticələr alınmasına şərait yaratmaq və kadr hazırlığını təmin etmək məqsədi daşıyır.
 
Müsabiqə çərçivəsində kompleks elmi tədqiqat proqramları üzrə layihələrin və pilot layihələrin böyük maliyyə həcmli qrantlar (100 000 - 500 000 manat) və meqa qrantlar (500 000 manatdan yuxarı), fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, kimya elmləri, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental-tətbiqi, həmçinin innovasiya xarakterli layihələrin kiçik (10 000 manatadək) və orta (10 000 – 100 000 manat) maliyyə həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsi, xüsusi layihələr (konfrans təşkili, kitab nəşrinin dəstəklənməsi) üzrə kiçik (10 000 manatadək) və orta (10 000 – 100 000 manat) maliyyə həcmli qrantların verilməsi nəzərdə tutulur.
 
 
Müsabiqənin əsas prioritetlərinə gəlincə, buraya “Yüksək texnologiyalar və yüksək xassəli materiallar”; “Biofizika”; “Elektron elmin formalaşması və inkişafı”; “Molekulyar biologiya və biotexnologiyalar”; “Təhlükəsizlik və risk faktorları, milli təhlükəsizlik”; “Texnoparklar” və s. daxildir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 426

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020