12px13px15px17px
Tarix:15/01/15

Riyaziyyat və informatika fənləri üzrə olimpiadalara hazırlaşanlar üçün xüsusi vəsaitlər hazırlanıb

Riyaziyyat və informatika fənləri üzrə olimpiadalara hazırlaşanlar üçün xüsusi vəsaitlər tərcümə olunaraq çap edilib.
 
Bu barədə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev məlumat verib. Onun sözlərinə görə, bu vəsaitlərdən biri riyaziyyat fənni üzrə keçirilmiş respublika fənn olimpiadalarında müxtəlif illərdə istifadə olunmuş məsələlər və onların həlli, o cümlədən beynəlxalq riyaziyyat olimpiadası məsələlərinin Azərbaycan dilində tərcüməsindən ibarət kitabdır. Bundan əlavə, aşağı sinif şagirdləri üçün qeyri-standart riyazi məsələləri özündə əks etdirən beynəlxalq "Kenquru" müsabiqəsinin sualları da Azərbaycan dilinə tərcümə olunaraq ayrıca vəsait kimi buraxılıb. Üçüncü kitab informatika olimpiadaları ilə bağlıdır.
 
 
Qeyd edək ki, informatika üzrə ümumrespublika olimpiadasının davamı olaraq, qaliblər Beynəlxalq İnformatika Olimpiadasında (BİO) iştirak edirlər. BİO ilə bağlı məsələlərə aydınlıq gətirən Təhsil Nazirliyinin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdiri İsmayıl Sadıqovun sözlərinə görə, hazırda informasiya mühiti BİO-nun ayrılmaz hissəsidir: "Beynəlxalq olimpiadalarda istifadə olunan texniki və texnoloji təminat dünyada kompüter texnikası və informasiya texnologiyaları sahəsində baş verən dəyişikliklərlə eyni sürətlə inkişaf edib. Əgər birinci olimpiadada istifadə olunan kompüterləri və kompüter avadanlıqlarını, məsələn, sonuncu olimpiadalarda iştirakçıların ixtiyarına verilənlərlə müqayisə etsək, onlar arasında çox böyük fərqi aydın görmək olar".
 
 
Proqram təminatına (PT) gəlincə, olimpiadanın keçirilməsi zamanı həm iştirakçıların iş yerində, həm də yarışların serverində quraşdırılmış PT-nin, eləcə də yarışların kompüter şəbəkəsində istifadə olunan informasiya texnologiyalarının böyük önəmi var: "BİO-da hər bir yarış iştirakçısının iş yerində yalnız olimpiada məsələlərini yerinə yetirmək və yarışların informasiya mühiti ilə qarşılıqlı əlaqədə olmaq üçün zəruri olan proqramlar quraşdırılır. İş stansiyalarında proqramların işlənib hazırlanması və sazlanması prosesinə heç bir məhdudiyyət qoyulmur.  Olimpiadanın hər bir iştirakçısı olimpiada məsələlərinin həlli prosesində istədiyi proqramlaşdırma dilini və uyğun kompilyatoru seçə bilər". Olimpiadanın qaliblərinin müəyyən olunmasına gəlincə, BİO-nun keçirilməsinin mövcud qaydalarına uyğun olaraq olimpiadanın qalibləri və mükafatçıları, yəni qızıl, gümüş və bürünc medallarla təltif olunanlar iştirakçıların ümumi sayının 50%-ni aşmamalıdır:
 
 "Hər dəyərdən olan medalların sayı belə müəyyən olunur: qızıl medalları iştirakçıların 1/12, gümüş medalları 1/6, bürünc medalları isə 1/4 hissəsi alır. Olimpiadanın qaliblərinin və mükafatçılarının müəyyənləşdirilməsi zamanı, bu qərarı qəbul etmək üçün informasiya hazırlayan Baş Assambleya və Beynəlxalq Elm Komitəsi yalnız toplanılan balların miqdarını əsas götürür. Hər bir iştirakçının olimpiadanın yekununda topladığı bal hər bir məsələ üzrə onun aldığı balların toplanması yolu ilə müəyyənləşir".
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1198

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024