12px13px15px17px
Tarix:19/01/15

İnternetsiz 1 gün

Məlum olduğu kimi, bayram tarixləri sırasında "İnternet günü" ilə yanaşı, "Beynəlxalq İnternetsiz gün" (International Internet-Free Day) adlı qeyri-adi bir bayram da mövcuddur.

Bu bayram dünyada hər il yanvar ayının sonuncu bazar günü qeyd olunur. Əsas məqsəd cəmi bir gün də olsa, insanların fikrini kompüter və qlobal şəbəkədən yayındırmaq, istisna olaraq bu günü tamamilə real dünyada yaşamaq, başqa insanlara canlı ünsiyyətdə olmaq və ya sevimli məşğuliyyətə (əlbəttə ki, internetlə bağlı olmayan) həsr etməkdir.

Bu bayram 2000-ci illərin əvvəllərindən keçirilməyə başlayıb, bir məlumata görə, Böyük Britaniyanın sosial ixtiralar institutu, başqa məlumata görə isə Britaniyanın "DoBe.org" qeyri-kommersiya onlayn layihəsi onun təsisçisidir. Dəqiq məlum olan odur ki, məhz aktiv, qabaqcıl internet istifadəçiləri "Beynəlxalq İnternetsiz gün" bayramının təsisçiləridirlər.

Təbii ki, o vaxtdan etibarən qlobal şəbəkə dünyasında əhəmiyyətli dəyişikliklər baş verib. Həmin dövrlərdə internet istifadəçilərinin sayı az idi və dostlarla canlı ünsiyyət üçün onları qlobal şəbəkədən "qoparmaq" daha asan idi. Lakin son 15 ildə internet istifadəçilərinin sayı 5 dəfə artaraq 3 milyarda çatıb və internet həyatımızın bütün sahələrinə sürətlə nüfuz edib. Biznes, ünsiyyət, təhsil, asudə vaxt internetin təsiri altına düşüb. Bundan başqa, bu illər ərzində internet qoşulmanın orta sürəti xeyli artıb ki, bu da internetin sərhədlərini xeyli genişləndirib.

Gündəlik milyonlarla insan səhərlər internetdə xəbərləri izləyir və ya elektron poçtunu yoxlayır, bəzilərinin işi internetlə bağlı olduğundan, demək olar, gecə-gündüz ondan istifadə edir. Kimsə çat, forum və ya sosial şəbəkələrdə saatlarla vaxt keçirir, kimsə kino və ya veriliş izləyir, kimsə evdən çıxmadan internet vasitəsilə nə isə satın alır və ya sifariş edir… Həyatımızı sadələşdirən və daha maraqlı edən əşyalar, həmçinin internet bizi asılı vəziyyətə salır. Çoxları öz telefon, smartfon, planşet, noutbuklarından heç vaxt ayrılmır, yaxın insanlara deyil, öz virtual dostlarına daha çox diqqət ayırırlar…

Əlbəttə, heç kim bu gün internetin bir çox insanlar üçün mühüm informasiya mənbəyi olmasını inkar etmir. Amma həddi bilmək lazımdır, axı internet bütün həyatımız demək deyil. Həm də inkar etmək olmaz ki, internetdən "sui-istifadə" faydasız vaxt sərfinə səbəb olur və sağlamlığa ziyan vurur. Son 10 ildə yalnız internetin sürəti və istifadəçilərin sayı artmayıb, həm də "kiberaddiksiya", "seteqolizm", "infomaniya", "sosial təcrid" və sairə kimi terminlər meydana çıxıb. Təəssüf ki, virtual mühit çoxları üçün real dünyadan daha rahat və əlverişli olub. Gənclərin sosial şəbəkələrdən asılılığı isə bir çox mütəxəssis və valideynlərdə ciddi narahatçılıq doğurur.

Buna görə yaranmış bu vəziyyətdə məntiqi cəhətdən belə bir sual yaranır: qlobal şəbəkədən asılı müasir istifadəçi, heç olmasa, bir gün internetdən tamamilə imtina etməyə qadirdirmi?

Ümid edək ki, vəziyyət ilk baxışdan göründüyü kimi pis deyil. Dünyanın müxtəlif ölkələrində "Beynəlxalq İnternetsiz gün"də keçirilən illik tədbirlər ondan xəbər verir ki, bu mövzu illər keçdikcə daha da aktuallaşır. Bu aksiyaların təşkilatçıları bildirirlər ki, onlar ümumdünya şəbəkəsi ilə mübarizə aparmır və interneti lazımsız hesab etmirlər. Onlar sadəcə yenidən insanların, ilk növbədə gənclərin diqqətini ona yönəltmək istəyirlər ki, real dünya çox maraqlı və əyləncəlidir.

Bir çox ölkələrdə qeyd olunan bu günün təsisçiləri bütün dünyanın internet istifadəçilərini ilin, heç olmasa, bir gününü doğmaları ilə keçirməyə, öz sevimli məşğuliyyətlərinə həsr etməyə, muzeyə və ya sərgiyə getməyə çağırır.

Ölkəmizə gəlincə, bu gün Azərbaycanda əhalinin 73%-i internet, 55%-i isə  genişzolaqlı xidmət istifadəçisidir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.
Bundan başqa,  2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb ki, bu, ölkədə əhalinin internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir.
2014-cü il ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 119 mln. dəqiqə azalaraq 399.7 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 30.0 mln. dəqiqə azalaraq 127.6 mln. dəqiqə təşkil edib.

Emil Hüseynov
 
 



Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024