12px13px15px17px
Tarix:23/01/15

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi davam etdirilir

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi davam etdirilir. Bu məqsədlə qrantların verilməsi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) 2013-cü il üçün 2-ci məqsədli birgə İKT müsabiqəsindən uğurla keçmiş layihələrdən biri də rəqəmsal kitabxanalarla bağlıdır.
 
“Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında əhəmiyyətli rolu olan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlanan bu layihə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın (MEK) doktorantı, Azərbaycanşünaslıq şöbəsinin müdiri Nərminə Abdullayeva tərəfindən icra olunur.
 
MEK-dən qeyd edilib ki, layihə çərçivəsində N.Abdullayeva Varşava şəhərində səfərdə olub. Səfərdə məqsəd Polşa Milli Kitabxanasının timsalında Avropa ölkələrinin elmi kitabxanalarının iş təcrübəsinin, tətbiq olunan innovasiyaların və müasir xidmət növlərinin araşdırılması, elektron kitabxanaların, elektron kataloqların və elmi bazaların yaradılması, idarə olunması prinsiplərinin öyrənilməsidir. Dünyanın böyük kitabxanalarından biri olan Polşa Milli Kitabxanasına səfər zamanı kitabxananın qədim, nadir əlyazmaları və qiymətli nəşrlərini əhatə edən Krasinski sarayında yerləşən xüsusi fondu, Reproqrafiya və rəqəmsallaşdırma şöbəsi, Polona-rəqəmsal kitabxananın təşkili şöbəsi, Məsləhət-informasiya mərkəzi, Kitabxana-biblioqrafiya nəşrlərinin oxu zalı, Musiqi və audiovizual nəşrlərinin oxu zalı və digər şöbələrin fəaliyyəti nəzərdən keçirilib, gələcəkdə kitab və informasiya mübadiləsi aparmaq üçün lazımi koordinatlar əldə edilib.
 
 
Qeyd edək ki, layihənin həyata keçirildiyi müddət ərzində nəzərdə tutulan Belarus Milli Kitabxanası, İstanbul Universiteti Mərkəzi Kitabxanası və ən son olaraq Polşa Milli Kitabxanasının iş təcrübəsi öyrənilib. Keçən ilin may ayında start verilmiş layihənin icra müddəti bu ilin aprelində bitəcək.
 
Layihənin yekun nəticələri barədə təhlil və ümumiləşdirmələr aparıldıqdan sonra ictimaiyyətin və əlaqədar təşkilatların nəzərinə çatdırılacaq.
 

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1047

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024