12px13px15px17px
Tarix:27/01/15

Azərbaycanda yeni nəslin elmi bacarıqlarının inkişafına və innovativ fəaliyyətinə dəstək göstəriləcək

Azərbaycanda yeni nəslin elmi bacarıqlarının inkişafına və innovativ fəaliyyətinə dəstək göstəriləcək. Gənclərin elm və texnika sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçiriləcək.
 
Elmi tədqiqat institutlarında çalışan gənc alimlər müasir, lisenziyalı, xüsusi ixtisaslaşdırılmış İKT paket proqramları ilə təchiz ediləcəklər. Onların internet vasitəsilə dünya elektron kitabxanalarına pulsuz girişi də təmin olunacaq.
 
Eyni zamanda internet, jurnalistika, bloqçuluq və digər sahələrdə gənclərin bacarıqlarını artıran təlimlər təşkil etmək, müsabiqələr vasitəsilə daha istedadlı olanları üzə çıxarmaq və onların inkişafını dəstəkləmək də nəzərdə tutulur.
 
Bu tədbirlər ölkə başçısının sərəncamı ilə təsdiqlənən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nda yer alıb. Strategiyada qeyd olunur ki, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılıb. Amma daha erkən yaşlarda elm və intellektual yaradıcılıq sahələrinə diqqətin zəif olması səbəbindən fundamental, təbii, texniki elmlər və yüksək texnologiyalar üzrə təhsil alan tələbələrin sayı az, onların hazırlıq səviyyəsi isə aşağıdır:
 
 "Əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı və əmək resursudur. Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır. Nəticədə, bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən bəzi ixtisaslara (kənd təsərrüfatı, yüksək texnologiyalar və s.) maraq çox zəifdir".
 
Azərbaycan gəncliyinin çağırış və hədəflərini ümumbəşəri və daxili olmaqla iki qrupa bölmək olar:
 
"Ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur. Daxili çağırışlar fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədi ilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur".
 
 
Strategiyada bir sıra tədbirlər nəzərdə tutulur ki, buraya karyera məsləhət xidmətlərinin mütəmadi yeniləşdirilən sorğu-məlumat kitabçalarının nəşrini təmin etmək, xidmətin səyyar və distant məsləhət imkanlarını genişləndirmək;  yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması üçün orta məktəblərdə "Elm" guşələri yaratmaq, intellektual interaktiv müsabiqələr keçirmək, dövlət gənclər siyasətinin məlumat bazasının yaradılması, davamlı təkmilləşdirilməsi və zənginləşdirilməsi kimi istiqamətlər daxildir.
 
 Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər bir çox məqsədlərə nail olunması gözlənilir ki, bu sırada da əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması; gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması, onların praktikada tətbiqi üçün zəmin yaradılması; elm və texnika sahəsində çalışan gənclərin sayının artması yer alıb.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1181

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024