12px13px15px17px
Tarix:02/02/15

Elektronlaşma mənzil fırıldaqçılığının qarşısını alır

Azərbaycanda elektron xidmətlərin genişlənməsi baş verə biləcək arzuolunmaz halların, nöqsanların aradan qaldırılmasına böyük təsir göstərib. Xidmətlərin onlayn təqdim edilməsi vətəndaşlara fəaliyyətini, prosesləri ardıcıllıqla izləməklə yanaşı, lazımi məlumatları toplamağa da imkan yaradır. Sözsüz ki, bu da süründürməçiliyin, fırıldaqçılığın vətəndaşlar tərəfindən aşkarlanmasına və vaxtında tədbirlərin görülməsinə gətirib çıxardır.
 
Azərbaycanda bu günə qədər müşahidə edilən problemlərdən biri də mənzillərin satışı zamanı satılmış və satılmamış evlər barəsində məlumat toplamaqda çətinliyin olması idi. Artıq bu problem də geridə qalıb. Belə ki, "Bakı Ağ Şəhər" layihəsi mənzillərin satışında innovativ xidmətini cəmiyyətə təqdim edib. Sözügedən layihənin mətbuat xidmətindən bildirilib ki, ölkədə ilk dəfə olaraq "Mənzilim" monitorinq xidməti istifadəyə verilib. Bu xidmət vasitəsilə mənzil sahibləri onlayn rejimdə aldıqları əmlakın məhz onlara məxsus olmasını yoxlamaq, həmçinin daşınmaz əmlakları barədə bütün məlumatları və yenilikləri öyrənmək imkanı əldə ediblər.
 
 
"Mənzilim" monitorinq xidməti 3-cü tərəf olan müstəqil monitorinq qrupu tərəfindən həyata keçirilir və daşınmaz əmlakın satışında son zaman yaranan dələduzluq və saxtakarlıq hallarının qarşısını alır.
 
 
Fəaliyyət göstərdiyi dövrdə "Mənzilim" monitorinq xidmətinə Bakı Ağ Şəhər ərazisində tikilən 50-yə yaxın bina qoşulub. Xidmət yalnız mənzillər üçün deyil, həmçinin qeyri-yaşayış obyektlərinin sahibləri üçün də fəaliyyət göstərir.
 
 
Əmlakın alınmasına dair müqavilə bağlandığı gündən etibarən 30 gün ərzində əmlak sahibinə "Mənzilim" plastik kartı təqdim edilir. Kartın üzərində alıcıya məxsus unikal istifadəçi adı və şifr yerləşir. İstifadəçi adı alıcının adı, soyadı və atasının adının baş hərfləri və şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında qurulur və bununla da istifadəçi adının unikallığı təmin edilir.
 
Kartdakı məlumatların məxfiliyini təmin etmək üçün istifadəçi adı və şifr boya ilə örtülür və monitorinq qrupunun təmsilçisi tərəfindən holoqramla bağlanmış zərfə yerləşdirilir. Daşınmaz əmlak sahibi "www.menzilim.bakuwhitecity.com" saytına daxil olaraq, istifadəçi adını və şifrini qeyd etməklə əmlaka dair bütün məlumatları öyrənə, əmlakın məhz ona məxsus olmasına əmin ola bilər.
 
 
SEYMUR



Baxış sayı: 769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024