12px13px15px17px
Tarix:17/02/15

Bakı Telefon Rabitəsi İstehsalat Birliyində internetin inkişafı ilə bağlı vəziyyət müzakirə olunub

 Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) özəl provayderlər və aidiyyəti qurumların iştirakı ilə internetin inkişafına həsr olunmuş iclas keçirilib.

Birliyin baş direktoru Beytulla Hüseynov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş kollegiya iclasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun telekommunikasiya operatorları "Aztelekom" və BTRİB-in ünvanına səsləndirdiyi tənqidi fikirlərə diqqət çəkərək, iclasın bu zərurətdən təşkil olunduğunu vurğulayıb.

İnternetin inkişafı istiqamətində aparılan işlərdən danışan B.Hüseynov qeyd edib ki, son 5 ildə Bakı şəhərində özəl provayderlərlə birlikdə internet abunəçilərinin sayı 400 minə yaxındır.

"Bakinternet" provayderinin abunəçilərinin sayı isə hazırda 170 mindir: "Ümumi beynəlxalq trafikin həcmi təxminən 40 GB-dən çoxdur. Bakı şəhərində internet abunəçilərinin sıxlığı 80 faizdən çoxdur". Sürətli internetin daha da genişləndirilməsi layihələr üzərində işlərin geniş vüsat aldığını deyən müəssisə rəhbəri "Bakinternet" provayderinin yeni platforması daxili imkanlar hesabına tam yenidən qurulub. Əlavə olaraq VDSL texnologiyaları vasitəsi ilə daha da sürətli internet xidmətinin təşkili üçün Azevrotel MMC-nin telekommunikasiya qovşağı yenidən qurulub və şəbəkədə bu texnologiyaların tutumu və əhatə dairəsi genişləndirilib. Bu məqsədlə banklardan 6 milyona yaxın kredit götürüldüyünü, kreditlərin əldə olunan gəlirlər hesabına bağlanması üçün çalışdıqlarını bildirib. Problemləri istisna etməyən baş direktor qarşıya çıxan çətinliklərdən də söz açıb:

"Optik kabel qoyuluşu ilə bağlı bir məsələni qeyd etmək istərdim. Əgər yeni binaların kabelləşməsində bizim verdiyimiz texniki şərtin tələbi yerinə yetirilmirsə, biz ona "yox" deyirik. Nədən? Nazirlər Kabinetinin müvafiq sərəncamı var: əgər bina balansa götürülsə, biz o binanın balansa götürülməsində birbaşa rol oynayır, rabitənin təşkil olunmasında biz məsuliyyət daşıyırıq. Biz deyirik ki, əgər yeni binaların hamısında özəl provayderlər verilən tələbləri icra edəcəksə, gəlsin icra etsin".

B.Hüseynov yalnız optik xəttin çəkilişi ilə məsələnin yekunlaşmadığını qeyd edib:

"Verilən texniki şərtin icrası təmin olunmalıdır. Hansı özəl provayder istəyirsə, istənilən ərazini götürsün və bizimlə müqavilə bağlasın. Biz ona lazımi şərait yaradaq ki, əraziyə elektriki, optik kabeli də çəksin, sabit şəbəkə operatoru varsa, onu da etsin".

Daha sonra BTRİB rəhbəri iştirakçıları müzakirələrdə fəal olmağa, provayderlərin üzləşdiyi problemlərlə bağlı hər kəsi açıq şəkildə danışmağa, internetin inkişafına yönələn təkliflər səsləndirməyə dəvət edib.

Köhnə problemlərin 80 faizinin artıq həllini tapdığını deyən Azərbaycan İnternet Cəmiyyətinin (AİC) sədri Qalib Qurbanov hazırda gündəmdə daha çox internetin keyfiyyətinin yaxşılaşdırılması məsələsinin dayandığını bildirib:

"Keyfiyyəti də artırmaq üçün fiber-optik xidmətlərə diqqət edilməlidir. Hesab edirəm ki, kabel-kanalizasiya xərclərinə də yenidən baxılmalıdır. Vahid bazardan danışırıqsa, bütün provayderlərə vahid şərait yaradılmalıdır. Bunun üçün isə RYTN tərəfindən tənzimləmə işləri aparılmaldır".

Özəl provayderlərlə bağlı iradlarını da bildirən AİC sədri Qalib Qurbanov xüsusən "Connect", "Superonline", "UniNet" rəhbərliyinin abunəçilərlə ünsiyyətdən qaçdığını və bununla bağlı çoxsaylı şikayətlərin daxil olduğunu qeyd edib.

Azərbaycanın ümumi inkişafının nəticəsi olaraq, bu gün daha güclü və keyfiyyətli internetə böyük tələbatın formalaşdığını deyən Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz optik infrastrukturun inkişafına ciddi ehtiyac yarandığını vurğulayıb. Genişzolaqlı internet infrastrukturunun inkişafı üçün isə müəyyən edilmiş tariflərə yenidən baxılmasını vacib sayan AİF prezidenti özəl və dövlət provayderlərinin "start" vəziyyətlərinin bərabərləşdirilməsi istiqamətində addımların atılması məsələsini diqqətə çatdırıb. Azərbaycanda internetin inkişafının digər ölkələr, xüsusən Rusiya ilə müqayisədə daha irəlidə olduğunu deyən "Meqa-Telekom" telekommunikasiya şirkətinin direktoru Azər İbrahimov təkliflərini də irəli sürüb:

"Hesab edirəm ki, son 10 ildə Azərbaycanda rabitənin inkişafı böyük həcmdə olub və burada provayderlərin də böyük əməyi olub. Yeganə sahədir ki, rabitə xidmətlərinin qiymətləri son 10 ildə xeyli aşağı düşüb. Bizi maraqlandıran suallarla bağlı təklifim də var. Nəzərə alsaq ki, 4-lük, 12-lik, 24-lük kabellərin diametrləri tam eynidir, yaxşı olardı ki, tariflər kanalizasiya qurğularındakı saylarına görə yox, diametrlərinə görə müəyyənləşsin. Tutaq ki, diametri 1 santimetri keçməyən kabellər üçün vahid tariflər təyin olunsun. Əgər orada az yer tutursa, orada 4-lük, 12-lik, 24-lük kabelin keçməsinin nə fərqi var? Ona görə də provayderlərin marağında olur ki, hər yerə 4-lük, 6-lıq kabel qoysunlar, sonradan yeni müştəri çıxarsa, təkrar başqa kabel qoysunlar".

Daha sonra çıxış edənlər bu qəbildən olan görüşlərin səmərəli əməkdaşlığın qurulmasında faydalı olacağını, ümumilikdə isə internetin inkişafına töhfə verəcəyini qeyd ediblər. Qızğın diskussiya şəklində keçən iclasın sonunda BTRİB rəhbəri kabel-kanalizasiya qurğularından istifadə ilə bağlı tariflərə yenidən baxılması üçün müraciətin nəzərə alınacağını qeyd edib, eyni zamanda optik şəbəkədə xaotikliyin qarşısının alınması üçün uçotun aparılmasını da vacib sayıb.

Həqiqət İSABALAYEVA




Baxış sayı: 857

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024