12px13px15px17px
Tarix:27/02/15

İKT-nin təhsilə tətbiqi və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mentorluq xidmətləri göstəriləcək

“Təhsildə İnnovativ Texnologiyalar” (İTE) Əlavə Təhsil Mərkəzi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Bakı şəhəri üzrə seçilmiş məktəblərdə müxtəlif təlimlərdən keçmiş müəllimlər və inzibati-idarəetmə heyəti üzvlərinə informasiya-kommunikasiya texnologiyalarının (İKT) təhsilə tətbiqi və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mentorluq xidmətləri göstəriləcək.
 
Mərkəzdən bildirilib ki, pedaqoji heyətin peşəkarlığının inkişafına və təkmilləşdirilməsinə dəstək göstərəcək mentorlar təhsil müəssisələrindəki və məktəblərdəki real vəziyyəti qiymətləndirmək;  mentorluq dəstəyi göstəriləcək müəllimləri və inzibati heyəti müəyyən etmək; pedaqoji heyətin peşəkarlığının inkişafına və təkmilləşdirilməsinə dəstək göstərmək istiqamətində məqsədləri müəyyən etmək; əyani və distant dəstək göstərməklə pedaqoji heyətin təkmilləşmə prosesini təşkil və müşahidə etmək kimi fəaliyyətləri həyata keçirəcəklər.
 
Eyni zamanda onlara mentorluq dəstəyi göstəriləcək hər bir müəllim və inzibati heyət üzvü üçün fərdi inkişaf planı tərtib etmək; pedaqoji heyətin fəaliyyətinin təkmilləşmə prosesini təhlil etmək; pedaqoji heyətin fəaliyyətinin təkmilləşmə prosesini qiymətləndirmək kimi bacarıqlar aşılanacaq.
 
Bu məqsədlə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən ümumi təhsil məktəblərində yeni kurikulumlar və informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi üzrə təlimlərdən keçmiş müəllimlər və inzibati-idarəetmə heyəti üzvlərinə həm pedaqoji, həm də tədris prosesində təhsil texnologiyalarının tətbiqi üzrə dəstək göstərə biləcək peşəkar mentorlar hazırlanır. Mentorların seçimi mərhələlərlə aparılacaq.
 
Belə ki, ilk növbədə elektron müraciət üzrə seçim, daha sonra şirkət tərəfindən keçirilən təlim paketləri üzrə seçim həyata keçiriləcək. Növbəti mərhələlərə təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq; ibtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə üzrə treninq; təhsildə İKT, müasir təlim strategiyaları və layihə metodikasının istifadəsi üzrə treninq; müəllimlər və inzibati-idarəetmə heyətinin İKT-nin tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə mentorluq xidməti üzrə treninq; müsahibə üzrə seçim daxildir. İştirakçılara qarşı tələblərə gəlincə, təlimdə müəllimlərlə əməkdaşlığın yaradılmasında mühüm rol oynayan ünsiyyət bacarıqları və onlardan istifadə etməyin yollarını birgə planlaşdıran, ümumi təhsil məktəblərində müəllimlər və inzibat idarəetmə heyəti ilə əməkdaşlıq etməyi, onların ehtiyaclarını müəyyən etməyi, öz ideyalar və təcrübəsi üzərində düşünməyin yollarını, dərs planı və məktəb idarəetmənin qiymətləndirilməsi üçün meyarların müəyyən edilməsi, məktəbin, müəllimin peşəkar inkişafının təkmilləşdirilməsi yollarının aşılanmasında müəyyən bilik və bacarıqlara malik müəllimlərin və məktəb rəhbərlərinin iştirakı arzuolunandır.
 
Bütün seçim mərhələlərini uğurla keçən iştirakçılar sonda mentor adı qazanaraq fəaliyyətə başlayacaq və mentorlar göstərdikləri mentorluq fəaliyyətinə uyğun olaraq şirkət tərəfindən xidmət haqqı alacaqlar. İştirak etmək istəyənlər müraciət formasını 2 mart tarixinə qədər tamamlamalıdırlar.
 
Mərkəzdən o da qeyd edilib ki, təlimdə iştirak üçün yalnız Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində və təhsil müəssisələrində çalışan pedaqoji işçilər müraciət edə bilər. Şirkət tərəfindən keçirilən təlim paketləri üzrə treninqlərdən sonra sertifikatlar təqdim olunacaq.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 2120

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024