12px13px15px17px
Tarix:05/03/15

Dünya mobil telefonlar bazarının həcmi 4 faiz artıb

"Gartner" analitik şirkəti dünyada satılan mobil telefonların sayını açıqlayıb. "Apple" şirkəti "iPhone 6" və "iPhone 6 Plus" modelləri sayəsində dünyada ikinci telefon istehsalçısı olub.
 
Ekspertlərin 2014-cü il üçün məlumatına görə, adi mobil telefonların və smartfonların dünya səviyyəsində ümumi satış həcmi 1,88 milyard ədəd təşkil edib ki, bu da bir il əvvəldən 3,9 faiz çoxdur. Müsbət dinamika mobil telefonlara tələbatın müvafiq olaraq 2,8 və 9,1 faiz azaldığı Yaponiya və Qərbi Avropadan başqa bütün regionlarda müşahidə olunub. Mütəxəssislər tədqiqatda azalmanın səbəbini qeyd etmirlər.  
 
"Samsung Electronics" şirkəti nəhəng mobil telefon istehsalçısı olaraq qalsa da, rəqiblərin təzyiqi fonunda Cənubi Koreya istehsalçısının qurğularının satışı azalmağa doğru gedir. 2014-cü ildə dünya istehlakçıları 392,5 milyon "Samsung" telefonu alıb, halbuki 2013-cü ildə bu göstərici 444,5 milyon təşkil edib. Nəticədə hesabat dövründə istehsalçının bazar payı 24,6 faizdən 20,9 faizədək azalıb. Lakin bu hələ də onun yaxın izləyicilərindən xeyli çoxdur.  
 
"Apple" ötən ili 191,4 milyon satılmış "iPhone" modeli ilə başa vurub ki, bu da ümumi həcmdə bazarın 10,2 faizi deməkdir. Bir il əvvəl bu göstərici 8,3 faiz təşkil edib. ABŞ şirkəti "Microsoft/Nokia" korporasiyasını qabaqlayaraq ikinci iri istehsalçı olub. Bu birləşmiş korporasiya 185,7 milyon satılmış qurğu ilə üçüncü yeri tutub ki, bu da 2013-cü illə müqayisədə 65 milyon telefon azdır. "Gartner"in hesablamasına görə, "Microsoft/Nokia" dünya mobil telefonlar bazarının 9,9 faizinə nəzarət edir.
 
Nəhəng mobil telefon şirkətləri reytinqində dördüncü yerə "Motorola" şirkətini satın alan Çinin "Lenovo" istehsalçısı yüksəlib. 2014-cü il ərzində "Lenovo" və "Motorola" markalı satılan telefonların sayı 84 milyon ədədə (ümumdünya göstəricisinin 4,5 faizi) çatıb, halbuki ötən il satış həcmi 66,5 milyon ədəd (3,7 faiz) olub.
 
Beşinci yeri tutan "LG" şirkətinin ötənilki payı 2013-cü ildəki 3,8 faizdən 4 faizədək artıb. Cənubi Koreya şirkəti 2014-cü ildə 76,1 milyon telefon satıb. İstehsalçının yaxın izləyicilərində - "Huawei" və "TCL" Communication" şirkətlərində bu göstərici müvafiq olaraq 70,5 (3,8 faiz) və 64 (3,4 faiz) milyon qurğu təşkil edib.  Onlardan sonrakı yerlərdə "Xiaomi" (3 faiz), "ZTE" (2,9 faiz), "Sony" və "Micromax" (hərəyə 2 faiz) şirkətləri qərarlaşıb, - "DailyComm" yazır.



Baxış sayı: 642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024