12px13px15px17px
Tarix:11/03/15

Uğurlu milli startaplarımız ölkə sərhədlərini aşır

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları istiqamətində əldə edilən uğurlar gənclərin də bu sahədə fəaliyyətlərini genişləndirməsinə səbəb olub.
 
Ölkədə azad və ucuz internet şəbəkəsinin mövcudluğu, İKT infrastrukturunun genişləndirilməsi əhalinin xaricdə informasiya-kommunikasiya texnologiyaları sahəsində baş verən yeniliklərdən, İT xidmətlərindən və eləcə də icrasına başlanılan yeni-yeni ideyalardan vaxtında xəbər tutmağa şərait yaradır. Qloballaşan dünyada informasiya bolluğuna düşən Azərbaycan insanı da inkişaf etmiş ölkələrin İKT üzrə inkişaf prosesini izləyir, yeni texnologiyanı tez bir zamanda mənimsəyir və beləliklə də bəşəriyyətin yaşam nəbzini tutmağa, iqtisadi tələbləri qarşılamağa çalışır.
 
 
İKT sahəsinin qısa zaman kəsiyində böyük gəlirlər gətirməsi, ilk vaxtlarda az vəsaitin tələb olunması, intellektual insanların öz beyin məhsullarını alıcılara təqdim edə bilməsi, üstəlik, intellekt sahiblərinin sahibkara çevrilmək imkanlarının geniş olması gəncləri İKT sektoru üzrə həm təhsil almağa, həm də fəaliyyət göstərməyə  cəlb edən başlıca amillərdən biridir.
 
 
Azərbaycan hökumətinin digər sahələrdə olduğu kimi, İKT sektoru üzrə də gəncləri dəstəkləməsi, onların öz bizneslərini qurması, ideyalarının reallaşdırılması üçün informasiya və maliyyə dəstəyini göstərməsi, üstəlik, ucuz ofislərlə təmin etməsi, inkubator mərkəzləri yaratması gənclərin tez bir zamanda uğur qazanmasına səbəb olan əsas tədbirlərdən hesab edilir. Bu gün istənilən şəxs özünün İT ideyasını irəli sürə, onu reallaşdırmaq üçün dövlətdən maliyyə ala və son nəticədə gəlir götürə bilər. Bu istiqamətdə heç bir məhdudiyyət qoyulmayan gənclərə yalnız maraqlı, günün tələblərinə hesablanmış, iqtisadi göstəricilərə uyğun gələn yaxşı ideya düşünmək qalır.
 
 
Məlumat üçün bildirək ki, hazırda bir sıra Azərbaycan gənci özlərinin İT sahəsindəki ideyalarını irəli sürərək onları həyata keçirməkdədir. Ölkədə startap ideyalarının reallaşdırılması və bundan qazancın əldə olunması baxımından münbit şərait olması sektor üzrə marağı artırıb. Məhz bu marağın nəticəsidir ki, tez-tez startap günləri və müsabiqələri keçirilir.
 
 
Artıq Azərbaycanda gənclərin irəli sürdüyü startap layihələri bir neçə ildir ki, gəlir gətirməyə başlayıb. Hazırda öz ideyası ilə İKT sahəsində qazanc götürən gənclərin sayı onlarladır. Onlar, şirkətlər halına gəlmiş startaplarını daha da genişləndirmək, əlavə maliyyə cəlb etməklə yeni-yeni xidmətlərini təklif etməyə başlayıblar.
 
 
Qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycan gəncləri artıq özlərinin İT ideyaları ilə ölkə ərazisində uğur qazandıqdan sonra sərhədləri aşmaq, qonşu ölkələrdə fəaliyyət göstərmək istiqamətində işlər aparırlar. Hazırda milli startaplarımız Gürcüstan, Qırğızıstan və Türkiyədə də İT sferasında xidmət göstərmək istiqamətində  layihələr işləyirlər.
 
 
Seymur Qasımbəyli 



Baxış sayı: 611

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024