12px13px15px17px
Tarix:11/03/15

“Elektron hökumət”də yeniliklər gözlənilir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində  (MHM) “Elektron hökumət” bülleteninin mart sayının təqdimatı, eləcə də bu sahədə aparılan tədbirlərin ictimailəşdirilməsi məqsədilə növbəti brifinq keçirilib.

Mərkəzin direktoru Nail Mərdanov “Elektron hökumət” quruculuğu istiqamətində həyata keçirilən işlər, tətbiq edilən yeniliklərdən söz açıb. Daha sonra N.Mərdanov “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.
 
Vahid portala daxil olanların ümumi sayı artıq 1 329 130 nəfərə çatıb
 
 
Onun sözlərinə görə, vahid portala daxil olanların ümumi sayı artıq 1 329 130 nəfərə çatıb: “Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin fevral ayının 28-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 4 405 403 daxilolma qeydə alınıb”. Sözügedən 1 329 130 nəfər ümumən portala 4 405 403 dəfə portala baxıb və 7 949 657 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 17 439 768 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 22 saniyə olub. Bu gün portala təkrar müraciət edənlərin kütlə nisbəti də artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 30,2 faizini yeni istifadəçilər, 69,8 faizini isə təkrar müraciət edənlər təşkil edib. Fevral ayının statistikasına görə, bu dövrdə portala 469 628 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 163 641 nəfər olub. Həmin şəxslər 1 596 718 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 704 970 xidmətə müraciət edib. Portala sərf etdikləri vaxt isə ortalama 5 dəqiqə 5 saniyə təşkil edib. Fevral ayı ərzində portala müraciət edənlərin 26,7 faizini yeni istifadəçilər, 73,3 faizini isə təkrar müraciət edənlər təşkil edib. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı isə bu gün 191163-ə çatıb. Portal üzərindən təqdim edilən xidmətlərin sayı isə 410 olub.
 
 
Əmlakın alqı-satqısı ilə bağlı prosedur da elektronlaşır
 
Daha sonra çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) İnformasiya texnologiyaları və məlumat idarəetmə mərkəzinin direktoru Yaşar Niftiyev ƏMDK tərəfindən göstərilən 31 elektron xidmətdən artıq 3-nün SMS vasitəsilə də təqdim edildiyini bildirib: “Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir”.  Digər yenilik əmlakın alqı-satqısı ilə bağlıdır: “Əmlakın alqı-satqısı ilə bağlı “Forma 1” deyilən sənəd-yüklülük barədə arayış tələb edilirdi və bunun üçün vətəndaş iki dəfə qeydiyyat idarəsinə getməli olurdu - birinci dəfə müraciət edirdi, ikinci dəfə onu gedib götürürdü. İndi bu məsələni də elektron şəkildə həll etmişik. Belə ki, alıcı və satıcı birbaşa notariusa gedirlər və yüklülük haqqında arayışı notarius birbaşa komitənin informasiya sistemindən götürür. Bu yaxınlarda növbəti bir yenilik olacaq ki, vətəndaş özü müraciətini notariusdan birdəfəlik qeydiyyat idarəsinə göndərəcək. Notariusda müqavilə bağlanılacaq, elektron xidmət vasitəsilə müvafiq rüsum ödəniləcək”.
 
 
Hər bir ünvana identifikasiya kodu veriləcək, adı dəyişdirilən küçələri kodla tapmaq mümkün olacaq
 
 
Bundan başqa, başa çatmaqda olan Ünvan Reyestri İnformasiya Sistemi digər informasiya sistemlərinə daşınmaz əmlak obyektinin ünvan məlumatlarını çatdırmaqla “Elektron hökumət”in tələblərini yerinə yetirəcək, bununla da “Elektron hökumət”in qurulmasına öz töhfəsini vermiş olacaq: “Hazırda ünvan reyestri məlumatlarını “Elektron hökumət” portalına,  “Açıq Məlumatlar”a təqdim etmişik. Yeni ünvanda artıq konsepsiya dəyişib, yəni əvvəllər binanın bir nömrəsi olurdusa, indi binanın hər girişinə bir kod nömrəsi verilir. Çünki naviqasiya sistemi üçün bu daha etibarlıdır. Hazırda ünvanlar girişlərə görə toplanılır”. Onun sözlərinə görə, köhnə ünvana əsasən yeni ünvanın tapılması serveri artıq hazırdır: “Yeni ünvanın İD-lərə uyğun tapılması mümkün olacaq. Hər bir ünvana identifikasiya kodu verilir, ünvanın, küçənin adı dəyişə bilər, amma onun kodu heç vaxt dəyişməyəcək”.
 
 
“Tələbə-məzun” dövlət elektron informasiya sisteminin vahid portala inteqrasiyası martın sonuna qədər tamamlana bilər
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ərizə qəbulunun ilk dəfə 2008-ci ildə internet vasitəsilə həyata keçirildiyini deyən TQDK-nın Məlumat bazalarının aparılması və elektron arxivlə iş sektorunun müdiri Sahib Mərdanov “Tələbə-məzun” dövlət elektron məlumat sistemi (DEMS) ilə bağlı aparılan işlərdən də söz açıb. Onun sözlərinə görə, sistemə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatlar daxil edilir. TQDK tərəfindən idarə olunan DEMS-in məlumat bazasından vətəndaşlara  “Elektron hökumət” portalı vasitəsilə arayışların verilməsindən də danışan S.Mərdanov bu istiqamətdə bir sıra texniki məsələlərin yaxın günlərdə həllinə çalışdıqlarını bildirib: “Çalışırıq ki, “Tələbə-məzun” dövlət elektron informasiya sisteminin vahid portala inteqrasiya olunması, servislərin aidiyyəti qurumlara verilməsi və s. kimi məsələlər mart ayının sonuna qədər öz həllini tapsın”.
 
 
 
B1+ B3 = bundan sonra “Elektron hökumət” portalında “Sığortaolunanlara məlumatların verilməsi” illik deyil, rüblük məlumatları əks etdirəcək
 
 
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İnformasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev “Elektron hökumət” bülletenində yer alan dövlət qurumları arasında DSMF-nın daim ilk yerlərdə olduğunu bildirib: “Bunun da başlıca səbəbi odur ki, DSMF ölkə əhalisinin 45 faizdən artıq sayı əhatə edən bir kontingentinə xidmət göstərir. Buraya 1 milyon 290 minə yaxın pensiyaçı, eləcə də 3 milyona yaxın sığortaolunan daxildir”. Fondun təqdim etdiyi elektron xidmətlər arasında əhali tərəfindən daha çox maraqla qarşılanan isə “Sığortaolunanlara məlumatların verilməsi”dir: “İndiyə qədər bu məlumatlar illik hesabatlar vasitəsilə yenilənirdi. Həmin hesabatın adı  “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat – B3”-dür və o, işəgötürənlər tərəfindən öz işçiləri barədə ildə bir dəfə təqdim olunurdu. 2014-cü ilin dekabr ayında “Məcburi dövlət sosial sığorta haqqının toplanması və  məcburi dövlət sosial sığortası üzrə uçot qaydaları”na edilmiş dəyişikliyə əsasən, həm əvvəllər mövcud olan rüblük B1 hesabatı, həm də B3 hesabatının birləşdirilərək, artıq vahid bir hesabat formasında toplanması barədə qərar qəbul olunub.  Bundan sonra işəgötürənlər rüblük hesabatlar təqdim edəcəklər, yəni öz işçiləri barədə məlumatlar rüblük olacaq. Təbii ki, bu da informasiya bazasında, dolayısı ilə “Elektron hökumət” portalı vasitəsilə təqdim edilən və müvafiq elektron xidmətdə yer alan məlumatların əldə edilmişi dövriliyini bir ildən rüblük dövrə qədər salacaq. Hazırda bu istiqamətdə işlər aparılır, müvafiq proqram təminatı hazırlanır. Yaxın müddət ərzində həmin hesabatın sırf “Elektron hökumət” portalı üzərindən qəbul olunması istiqamətində tədbirlərimizi davam etdiririk”.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1250

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024