12px13px15px17px
Tarix:10/04/15

Nail Mərdanov: “Elektron arayış istifadəçilərinin sayı durmadan artır”

“Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron arayış istifadəçilərinin sayı durmadan artmaqdadır. Bu gün artıq banklarla və kredit verən təşkilatlarla yanaşı, eyni zamanda lizinq şirkətləri də bizimlə müqavilələr bağlayırlar və portal tərəfindən verilən elektron arayışlardan istifadə edirlər”.
 
Bu fikirləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ( RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov söyləyib. O bildirib ki, artıq ötən aydan etibarən Təhsil Nazirliyi tərəfindən 2 elektron arayışın verilməsinə başlanılıb:
 
 “Bunlardan biri “Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış”, digəri isə  “Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış”dır”.
 
N.Mərdanov qeyd edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanan və artıq yekunlaşmaqda olan növbəti elektron arayış da yaxın günlərdə vətəndaşların istifadəsinə təqdim olunacaq:
 
 “Hesab edirəm ki, bu da çox gözəl bir arayış formasıdır. Onunla vətəndaş hansı ali təhsil ocağına nə vaxt qəbul olunduğu, nə vaxt bitirdiyi, hətta diplomun əlavəsinə qədər olan sənədləri əldə edə biləcək. Ümumiyyətlə, elektron arayışlar istiqamətində işlərimiz genişləndirilir. Düşünürəm ki, onların sayının çoxalması çox müsbət haldır”.
 
 
Qeyd edək ki, “Ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış” elektron xidməti vasitəsilə ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki işçilər “Elektron hökumət” portalında qeydiyyatdan keçib xidmətə daxil olmaqla avtomatik olaraq ad, soyad, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, işlədiyi ümumtəhsil məktəbinin adı, nömrəsi və vəzifəsi barədə məlumatları özündə əks etdirən arayışı formalaşdıra və aidiyyəti üzrə təqdim edə bilərlər. Arayışın təsdiqlənməsi üçün QR-koddan istifadə edilir.

“Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış” e-xidməti vasitəsilə şagirdlər istifadəçi adı, soyad, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adını sistemə daxil etməklə təhsil aldığı yer haqqında e-arayış əldə edə bilərlər. Sözügedən e-arayış şagirdin adı, soyadı, ata adı və təhsil aldığı ümumtəhsil məktəbinin adı, sinif nömrəsi, təlim dili, öyrəndiyi xarici dil, məktəbə daxilolma tarixi və şəhadətnaməsi üzrə məlumatları əhatə edir.
 
 
Seymur Qasımbəyli
 
 



Baxış sayı: 857

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024