12px13px15px17px
Tarix:11/04/15

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki seminarı keçirilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) "AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri" mövzusunda respublika elmi-praktiki seminarı keçirilib.
 
İTİ-dən bildirilib ki, seminar ölkənin elm və təhsil qurumlarının "AzScienceNet" elm-kompüter şəbəkəsinin mövcud infrastrukturu, göstərdiyi xidmətlər, yüksək hesablama və yaddaş imkanları, elektron elmin inkişafında rolu, rouminq və bulud xidmətləri, şəbəkənin monitorinqi və təhlükəsizliyi, beynəlxalq elmi mühitə inteqrasiyası, habelə bu şəbəkədə formalaşan informasiya bazası üzərində elmi-tədqiqat imkanları kimi aktual məsələlərlə bağlı məlumatlandırılması məqsədi daşıyıb.
 
Tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seminarın "Azərbaycan 2020: gələcəyə baxış: İnkişaf Konsepsiyası", "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"dan irəli gələn vəzifələrin yerinə yetirilməsinə xidmət etdiyini bildirərək tədbirin əhəmiyyətini vurğulayıb.  
 
Belə ki, həmin konsepsiya və strategiyalarda elmin informasiya təminatının gücləndirilməsi, elmi fəaliyyət sahəsində İKT-nin tətbiqi və elektron elmin formalaşdırılması kimi mühüm vəzifələr müəyyən edilib. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın həyata keçirilməsi üçün 2014-2017-ci illəri əhatə edən tədbirlər planında da "AzScienceNet" elm-kompüter şəbəkəsinin inkişaf etdirilməsi məsələsi öz əksini tapıb.
 
 
R.Əliquliyev müvafiq konsepsiya və strategiyalardan irəli gələn vəzifələrin icrasında AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksəksəviyyəli internet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan "AzScienceNet" elm-kompüter şəbəkəsinin mühüm rol oynadığını qeyd edib.
 
Sonra Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov çıxış edib.
 
İnstitutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev "AzScienceNet şəbəkəsində formalaşan informasiya bazası üzərində elmi-tədqiqat imkanları" haqqında məruzəni seminar iştirakçılarının nəzərinə çatdırıb. "AzScienceNet şəbəkəsinin elektron elmin formalaşmasında rolu" adlı məruzə ilə çıxış edən institutun şöbə müdiri Təhmasib Fətəliyev bildirib ki, "AzScienceNet" elm-kompüter şəbəkəsi ölkəmizdə formalaşmaqda olan elektron elmin şəbəkə platforması və infrastrukturu kimi də çıxış edir:
 
"Belə ki, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" çərçivəsində elmi fəaliyyətin İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Həmçinin AMEA Rəyasət Heyətinin qərarı ilə "E-elm layihəsinin işlənməsi və reallaşdırılması" elmi proqramı həyata keçirilir".
 
 
İTİ-nin şəbəkə administratoru Məmmədrəsul Yaqubzadə "AzScienceNet" şəbəkəsində "Eduroam" xidmətinin yaradıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu şəbəkədə yerləşdirilmiş server respublika üzrə milli operator funksiyasını yerinə yetirir və 2011-ci il noyabrın 11-də TERENA təşkilatının nəzdində fəaliyyət göstərən "European Eduroam Confederation" təşkilatında qeydiyyatdan keçib.
"AzScienceNet" elm-kompüter şəbəkəsində "Cloud"-xidmətlərdən istifadənin üstünlüklərindən danışan "AzScienceNet"-in şəbəkə administratorlarından biri Tural Mustafayev istifadəçilərin şəbəkə mühitində böyük təşkilatların verilənlərin emal mərkəzlərinin, hesablama və yaddaş resurslarından istifadə edərək məsələlərin emalı və yadda saxlanılmasına xidmət edən hesablama sistemi olan "Cloud Computing" haqqında məlumat verib. AMEA-nın institut və təşkilatları, ölkənin ali təhsil müəssisələri, digər elmi qurumlar və fərdi istifadəçilərin "AzScienceNet" elm-kompüter şəbəkəsinin təqdim etdiyi "Cloud Computing" xidmətindən yararlanmaq imkanı olduğunu dilə gətirib.
 
 
İnstitutun sektor müdiri Babək Nəbiyev "AzScienceNet" şəbəkəsində monitorinq və təhlükəsizlik məsələləri haqqında məruzə ilə çıxış edərək "AzScienceNet" informasiya təhlükəsizliyinin monitorinqi sisteminin şəbəkənin fəaliyyətinin təmin edilməsinə, AMEA əməkdaşlarının internet resurslarından istifadəsinin monitorinqi və təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş proqram-aparat kompleksi olduğunu söylədi. "AzScienceNet" informasiya təhlükəsizliyinin monitorinqi sisteminin AMEA-nın Rəyasət Heyəti və bütün təşkilatlarına məxsus olan informasiya resursları, informasiya sistemləri və şəbəkələrindən, tətbiqi proqramlarından hər hansı formada istifadə edən bütün AMEA əməkdaşlarına şamil edildiyini vurğulayıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 742

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024