12px13px15px17px
Tarix:11/04/15

Nazir: “İnvestisiyalarımız həm idxalatı azaltmağa, həm də öz məhsullarımızı dünya bazarına çıxarmağa yönəlib” - MÜSAHİBƏ


"Biz yaxın gələcəkdə sadəcə Azərbaycan üçün rentabelli olan layihələri həyata keçirməyi düşünürük"
 
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun APA-nın Türkiyə müxbirinə müsahibəsi
 
- Rəhbəri olduğunuz nazirlik müasir infrastrukturu, texnologiya investisiyaları və iş metodunun şəffaflığı  baxımından fərqlənir. Buna necə nail oldunuz?
 
- Nazirliyimizin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ixrac potensialının daha da gücləndirilməsindən ibarətdir. Bu məqsədlə biz müasir biznes şəraiti yaratmaq üçün lazım olan qanun və qaydaları qəbul etmişik. Bu gün Azərbaycanda yüksək texnologiya, innovativ tutumlu məhsulların istehsalı və xarici bazarlara çıxarılması üçün xeyli güzəşt və  təşviq var. Maliyyə resurslarına çıxışlar çox asanlaşıb. Biz, həmçinin, Türkiyənin təcrübəsindən, bazar iqtisadiyyatının inkişafı sahəsində əldə etdiyi nailiyyətlərdən bəhrələnmək üçün Türkiyə və Azərbaycan şirkətlərini bir araya gətirməyə və birgə layihələrin həyata keçirilməsi üçün onlara imkanlar yaratmağa çalışırıq.
 
- Yeni investisiyalar üçün Azərbaycanın maddi problemləri varmı? Azərbaycanın Türkiyədə həyata keçirdiyi nəhəng layihələrdə belə bir problem görünmür, sizin sahənizdə vəziyyət necədir?
 
- Düzdür, bu gün Azərbaycan regionda daha çox enerji və nəqliyyat layihələrinə üstünlük verir. Amma  imkanlarımızdan istifadə edərək bazardakı varlığımızı genişləndirmək üçün yüksək texnologiyalar sahəsində yeni addımlar atmalıyıq və biz bunu edirik, məqsədimiz budur. Azərbaycanın kifayət qədər maliyyə imkanları olsa da, neftin qiymətinin aşağı düşməsini nəzərə almalıyıq ki, bu da Azərbaycana daxil olan maliyyə resurslarının müəyyən dərəcədə məhdudlaşmasına səbəb olur. Ona görə də biz yaxın gələcəkdə sadəcə Azərbaycan üçün rentabelli olan layihələri həyata keçirməyi düşünürük. Azərbaycana idxal edilən malları  əvəz edəcək məhsulların bazara çıxarılması və həm də istehsal etdiyimiz malların bir qismini ixrac etmək üçün təklif edilən layihələrə dəstək veririk. Bu prosesdə biz təkcə müasir texnologiya istehsal edən şirkətlərlə yox, həm də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edirik. Beynəlxalq banklardan çox ucuz və əlverişli şərtlərdə kreditlər ala bilirik. Bankların dəstəyindən istifadə etmək öz yerində, ancaq bizim üçün əsas şərt budur ki, layihələr öz investisiya məsrəflərini ödəyərək gəlir gətirə bilsin. İnvestisiyaya sərf edilmiş xərclərin geri qaytarılması bizim üçün başlıca şərtdir. Bu kriteriyalar çərçivəsində biz bu gün yeni layihələrin həyata keçirilməsinə başlamışıq. Bu istiqamətdə Türkiyə şirkətləri ilə əməkdaşlıq bizə çox şey verir.
 
- Regionda infrastruktur çalışmaları və yüksək texnologiyalara investisiyalar sahəsində Azərbaycanın lider olduğunu görə bilirik. Bəs Qafqaz ölkələri arasındakı iqtisadi inteqrasiyaya mane olan əsas amil nədir?
 
- Regional iqtisadi layihələrin uğurla həyata keçirilməsinə əngəl olan ən böyük faktor ölkələr arasındakı siyasi münasibətlərdir. Hər halda, Avrasiya regionu da ölkələr arasında isti siyasi münasibətlər yaradılması baxımından asan region deyil. Burada siyasi strukturu müxtəlif olan ölkələr var. Eyni zamanda, aralarındakı münasibətlər fərqli olan ölkələr mövcuddur. Ona görə də regional layihələrin həyata keçirilməsində siyasi münasibətlərin vacibliyinə bir daha diqqəti cəlb etmək istəyirəm. Bizim regiona baxanda hamıya məlumdur ki, Ermənistan təcavüzkar siyasəti ilə tanınır. Digər ölkələrə baxanda onların çoxunda iqtisadi-siyasi sabitliyin və ictimai əmin-amanlığın olmadığını görürük, konfliktlər var. Bunların hamısı bölgədəki inteqrasiyaya əngəl olan faktorlardır. Amma mən əminəm ki, prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu siyasət bir çox əngəlləri aradan qaldırmağa imkan verir və verəcək.
 
- Əməkdaşlıq etdiyiniz böyük əcnəbi firmalara hansı təşviqləri verirsiniz? Bundan sonrakı dönəm üçün yeni təşviqləriniz olacaqmı?
 
- Biz əcnəbi investisiyaları ölkəmizə cəlb etmək üçün lazım olan addımları atmışıq. Bunun üçün ilk şərt olan hüquqi bazanı yaratmışıq. Hüquqi bazanın həyata keçirilməsi üçün funksional mexanizmlərimiz də hazırdır. Yüksək texnologiyalar sahəsindəki investisiyalarda əqli mülkiyyətin qorunması və gömrük əməliyyatlarının sadələşdirilməsi çox vacibdir. Ucuz maliyyə resurslarına asan şəkildə çıxışın təmin edilməsi də investisiyaları uğurlu edən başqa bir faktordur. Biz bunların hamısını etmişik. Ən əsası da budur ki, ölkələr arasında normal münasibətlər təmin edilsin, bu, bizə çox vacibdir. Azərbaycan prezidenti və hökuməti bu istiqamətdə lazım olan addımları atıb və atmağa davam edir.



 



Baxış sayı: 1066

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024