12px13px15px17px
Tarix:14/04/15

Yeni nəsil şəxsiyyət vəsiqələrində 15 yaşına qədər olan vətəndaşların sağlamlıq məlumatları yerləşdirilə bilər

Yeni nəsil şəxsiyyət vəsiqələrində bir sıra əlavə məlumatlar öz əksini tapacaq. Belə ki, bu məlumatlara vətəndaşın sağlamlıq kartında olan informasiyalar da əlavə edilə bilər.
 
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov danışıb.
 
Lakin A.Mailov qeyd edib ki, hazırda yaşı 15-dən yuxarı olan vətəndaşların sağlamlıq kartının məlumatlarının yeni nəsil şəxsiyyət vəsiqələrinə daxil edilməsi müzakirə olunmur. Amma 15 yaşına qədər olan vətəndaşlara veriləcək şəxsiyyət vəsiqələrində sözügedən informasiyaların yerləşdirilməsi mümkündür. Onun sözlərinə görə, hazırda bu məsələ İşçi Qrupunun müzakirəsindədir:
 
“Müzakirələrdə layihənin hansı etaplarında bu kimi məlumatların daxil olması məsələsi ətrafında fikir mübadiləsi aparılır”.
 
 
RYTN-in Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov da qeyd edib ki, sözügedən layihələrin həyata keçirilməsi olduqca böyük diqqət və məsuliyyət tələb edir.
 
Mərkəz direktoru bildirib ki, bütün yeniliklərin tətbiqinə heç də hər zaman tələsmək lazım deyil. Çünki seçilən texnoloji həllərin ciddi araşdırılması vacib məqamlardandır. Layihənin əhəmiyyəti böyük olduğu üçün müəyyən risklərinin də olduğunu qeyd edən N.Mərdanovun sözlərinə görə, hər hansı bir tələsik atılan addım gələcəkdə risklərlə üz-üzə qoya bilər:
 
 “Burada həm də informasiya təhlükəsizliyinə böyük önəm vermək lazımdır. Bilirsiniz ki, informasiya əsrində yaşadığımız üçün bütün dünya üzrə informasiya bazalarına müəyyən təhdidlər vardir. Yeni nəsil şəxsiyyət vəsiqələrində də yerləşdiriləcək informasiyaların təhlükəsizliyinə, onların qorunmasına və üçüncü tərəfin oğurlamamasına diqqət yetirməliyik.  Dünyada informasiya mənbələrinə edilən təhdidlərin qarşısını almaq üçün bir neçə yollar mövcuddur. Onların da öyrənilməsinə böyük ehtiyac vardır. Hazırda biz bir neçə istiqamətdə işlər görürük. Qeyd edim ki, ölkədə ilk dəfə olaraq yeni nəsil şəxsiyyət vəsiqələrinin sistemi qurulur. İlk dəfə olduğu üçün bir qədər zaman, ciddi və hərtərəfli  araşdırma tələb edir. Əvvəl mövcud olan bir sistemin yenilənməsi daha asandır. Çünki o zaman harada boşluğun olduğunu, hansı hissənin düzəlişə ehtiyacın duyulduğunu bilirsən və onları öz yoluna qoyursan. İlk dəfə qurulan sistemin isə hər bir mərhələsində bizə yeni olan məsələlərlə qarşılaşırıq və onların da həlli akademik yanaşma tələb edir. Ona görə də tələsmədən, düşünülmüş qərar vermək, dünyada tətbiq olunan təcrübələri öyrənmək, onların mənfi-müsbət tərəflərinin araşdırılması olduqca vacibdir. Bu ilin sonuna qədər yeni nəsil şəxsiyyət vəsiqələrinin pilot variantını cəmiyyətə təqdim etməyə çalışacağıq”.
 
 
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 1028

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024