12px13px15px17px
Tarix:21/04/15

"İKT-nin qadınların həyatında rolu" mövzusunda konfrans keçiriləcək

Aprelin 23-də qlobal səviyyədə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində "İKT-də Qızlar günü" (Girls in ICT Day" qeyd ediləcək.
 
Bu təşəbbüsün əsas məqsədi qızları İKT sahəsində təhsil almağa və peşəkar fəaliyyətə cəlb etməkdir.

Bu günədək dünyanın 140 ölkəsində 3,500 belə tədbir təşkil olunub və bu tədbirlər 111 min qız və qadını qlobal səviyyədə əhatə edib.

Qeyd edək ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də "İKT-də Qızlar günü" çərçivəsində tədbir təşkil olunacaq. Belə ki, "Femmes Digitales - Azərbaycan qadınları İKT-də" klubunun təşkilatçılığı ilə aprel ayının 23-də saat 16:00-da "İKT-nin qadınların həyatında rolu" mövzusunda konfrans keçiriləcək.
 
Azərbaycan və ingilis dillərində keçiriləcək tədbirə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

Konfransda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin, ATƏT-in, ADA Universitetinin, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM), Azərbaycan Qadınlarının İKT Klubunun və "GoldenPay" şirkətinin nümayəndələri iştirak edəcək və konfrans iştirakçılarını salamlayacaq.


Qeyd edək ki, "Bakutel 2014" sərgi-konfransı çərçivəsində "Femmes Digitales - Azərbaycan qadınları İKT-də" klubu yaradılıb və bu qurumun əsas məqsədi BTİ-nin qadınların və qızların İKT sahəsinə cəlb edilməsi ilə bağlı qlobal məqsədlərin Azərbaycanda reallaşmasına kömək etməkdir.
 
Konfransda iştirak etmək istəyənlər onlayn qeydiyyatdan keçməlidir.

Heç kimə sirr deyil ki, İKT sektoru qadınlar üçün parlaq gələcək vəd edir. Bu sektor kreativlik, innovasiya və kişilərlə yanaşı, qadınlar üçün də işləməyin və öyrənməyin yeni-yeni yollarını təqdim edir.

Gələcəyin İnstitutu (The Institute for the Future) gələcəyin işçi qüvvəsini xarakterizə edən altı istiqaməti müəyyən edib. Bura  daha uzunmüddətli fəaliyyət dövrü; "ağıllı" cihaz və sistemlərin inkişafı; hesablama sistemlərinin inkişafı; yeni multimedia texnologiyaları; sosial medianın davamlı təkamülü və qlobal miqyasda əlaqələndirilmiş dünya daxildir. Birmənalı olaraq demək mümkündür ki, gələcək İKT ilə birlikdədir.

Qızların və qadınların İKT sektorunda iştirak səviyyəsinin yüksəldilməsini hədəfləməklə, konfransın keçirilməsində əsas məqsədlər aşağıdakılardır:

• Azərbaycanda İKT sektorunun qadınların işlə təmin olunmasında uzunmüddətli perspektivlər vəd etdiyinə dair məlumatlılığın artırılması;

• milli səviyyədə rəqəmsal iş yerlərinin yaradılmasını hədəfləyərək dövlət və özəl sektorları arasında səmərəli əməkdaşlığın dəstəklənməsi;

• iştirakçılar arasında təcrübə mübadiləsinin həyata keçirilməsi.

İKT sektorunda qadınların iştirakının əsas məsələlərinə diqqəti yönəltməklə, konfrans aşağıdakı prioritetlər üzrə səylərin bir araya gətirilməsini dəstəkləyir:

• İKT sektorunda qadınların mövqelərinin gücləndirilməsi;

• Karyera prosesinin peşəkar şəkildə yönləndirilməsi üçün effektiv təcrübənin təşviq edilməsi;

• İKT sahəsinin qızlar və qadınlar üçün karyera baxımından cəlbediciliyinin artırılması və İKT sahəsində çalışan şirkətlərin qadınları əməkdaş kimi görmələrinə inamlarının yüksəldilməsi məqsədilə qadınlar və İKT üzrə akademik biliklər və təlimlər verən ali təhsil ocaqları, eləcə də İKT sahəsində çalışan şirkətlər arasında dialoqun təşviq edilməsi;

• İKT sahəsində karyeraya başlamaq istəyən qadınlarla birbaşa ünsiyyətin qurulması və onlara bu istiqamətdə yardımın göstərilməsi.
 



Baxış sayı: 1102

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024