12px13px15px17px
Tarix:23/04/15

Məcburi köçkünlərə tətbiq edilən güzəştlərə bundan sonra elektron qaydada nəzarət ediləcək

Məcburi köçkünlərə tətbiq edilən güzəştlərə bundan sonra elektron qaydada nəzarət ediləcək. Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssislərinin  birgə iştirakı ilə “Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarəetmə sistemi”  dövlət informasiya sistemi hazırlanıb.
 
Sistem “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanın və Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı”nın və İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərinin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında qərarının icrası ilə əlaqədar ərsəyə gətirilib.
 
 
“Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarəetmə sistemi”nin mahiyyətini açıqlayan MHM-in direktor müavini Nazim Mədətov qeyd edib ki, sistem hazırda 6 funksional bölmədən ibarətdir. Buraya güzəşt tətbiq edilən məcburi köçkünlərin siyahısı; digər qurumlardam göndərişlər; siyahıya yeni məcburi köçkün əlavə et; ünvanlar üzrə yerdəyişmə; əməliyyatlar üzrə tarixçə; hesabatlar daxildir. “Güzəşt tətbiq edilən məcburi köçkünlərin siyahısı”nda çörək pulu və kommunal xərcləri dövlət tərəfindən qarşılanan məcburi köçkün ailələrinin tərkibi ilə siyahısı əks olunur. Siyahıda düzəliş etmək və arxivləmə funksiyasıları  da yerləşdirilib.
“Digər qurumlardan göndərişlər” bölməsi qurumlar arasında əks əlaqə üçün nəzərdə tutulub. Mövcud bölmə vasitəsilə digər quruma müraciət etmək və göndərişlər qəbul etmək mümkündür. “Siyahıya yeni məcburi köçkün əlavə et” bölməsindən adından da göründüyü kimi, yeni məcburi köçkünün qeydiyyatı zamanı istifadə olunur. “Ünvanlar üzrə yerdəyişmə” bölməsindən istifadə etməklə məcburi köçkünün bölgə üzrə yaşayış yerini dəyişmək mümkündür. “Əməliyyatlar üzrə tarixçə” bölməsi vasitəsilə sistem üzrə aparılan bütün əməliyyatları görmək olar. “Hesabatlar” bölməsində ümumi statistik göstəricilərin dəqiq siyahısını əldə etmək mümkündür.
 
 
Qeyd edək ki, “Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarə etmə sistemi” mövcud əməliyyatların maksimum dəqiq, şəffaf və qanunauyğun şəkildə icrası üçün nəzərdə tutulub. Müvafiq sistemin gələcəkdə çörək pulu və kommunal xərclərin ödənilməsi mərhələsinin tam elektronlaşdırılması məqsədilə banklarla inteqrasiyası da nəzərdə tutulur. 
 
“Məcburi köçkünlərə güzəştlər üzrə avtomatik idarə etmə sistemi” tətbiqi, həmçinin, kağız əməliyyatlarınında ləğvinə tezliklə zəmin yaradacaq. Məlumatların elektronlaşması tam olaraq başa çatdırıldıqdan sonra məcburi köçkünlərə təqdim edilən elektron xidmətlər real vaxt rejimdə cavablandırılacaq, müxtəlif dövlət orqanlarının informasiya sistemlərinə isə veb servislər vasitəsilə məlumat mübadiləsi aparmaq imkanları veriləcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 958

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024