12px13px15px17px
Tarix:04/05/15

Rasim Əliquliyev : “İnformasiya bazası yaradılaraq cəmiyyətə məlumatlar açıqlansın”

Azərbaycanda 10 il müddətində ənənəvi olaraq keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsinə çıxmış şəxslər haqqında informasiya bazası yaradılmalıdır.
 
 “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, belə bir təkliflə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev çıxış edib. O bildirib ki, informatika olimpiadalarında iştirak edənlərin cəmiyyətdə tutduqları mövqe, hansı universitetdə oxuduqları, harda işlədikləri və sairə bağlı məlumatlar toplanıb cəmiyyətə təqdim edilməli və təbliğatın, maarifləndirmənin bu yolundan da istifadə olunmalıdır:
 
“Çünki onlar qızıl fonddur və bu yaddan çıxarılmamalıdır. İnformasiya Texnologiyaları İnstitutu məlumatların toplanmasında lazım olan bütün dəstəyi verməyə hazırdır. İnformatika olimpiadalarında iştirak edənlərin arasında İKT sahəsində çalışanlar, beynəlxalq olimpiadalara çıxanlar, dünyanın aparıcı ölkələrində oxuyanlar var, eləcə də hazırda ölkədə fəaliyyət göstərən İT şirkətlərinə rəhbərlik edənlər var. Bu istiqamətdəki məlumatlar cəmiyyətə açıqlandıqca İKT-yə marağın daha da artmasını təmin edə bilərik. Hesab edirəm ki, olimpiadalar bağ kimidir. Bu gün bu bağda əkin işləri aparırıq və bir müddətdən sonra bağımız məhsul verməyə, pul gətirməyə başlayır. İnformasiyaların cəmiyyətə ötürülməsi ilə olimpiadaya gələnlərin sayının daha da artmasına nail olmaq olar”.
 
 
R.Əliquliyev qeyd edib ki, 10 il müddətində olimpiadadan iştirak edənlər Azərbaycana şərəf gətirən, ölkədə İKT-nin inkişafına dəstək verən insanlardır. Direktorun sözlərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bilavasitə koordinatorluğu sayəsində Azərbaycanda İKT üzrə əldə olunmuş nailiyyətlər gələcəyin daha parlaq olmasından, növbəti illərdə daha böyük uğurlara imza atılacağından xəbər verir: “Bununla da Azərbaycan iqtisadiyyatının biliklərə əsaslanan, informasiya texnologiyaları üzrə rəqabətə davamlı məhsulların  hazırlanması ilə daha da şaxələnməsinə nail olmaq olar. Bu istiqamətdə də informatika olimpiadalarından çıxmış şəxslərə böyük ehtiyac duyulacaq”.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 1076

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024