12px13px15px17px
Tarix:22/05/15

“Microsoft Imagine Cup” müsabiqəsinin milli finalçıları mükafatlandırıldı

Bu gün Bakıda “Microsoft  Imagine   Cup” gənc peşəkarlar arasında keçirilən illik müsabiqənin milli finalı keçirilib.

“ICTnews” xəbər xidmətinin verdiyi məlumata əsasən, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Microsoft” və “Nar Mobile” şirkətlərinin iştirakı ilə irəli sürülmüş bu təşəbbüsün mahiyyətinin,azərbaycanlı tələbələrin beynəlxalq müsabiqələrdə iştirakı üçün şərait yaratmaq və yeni innovativ tətbiqlərin yaradılmasını təşviq etməkdən ibarət olduğunu qeyd edib.
 
“Microsoft” şirkətinin hər dəfə maraqlı ideya və təşəbbüslərlə çıxış etməsi bizim tərəfimizdən alqışlanır.  Bu müsabiqə  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas məqsədlərinə cavab verir, burada yeni həllərin, innovativ ideyaların tətbiqinin təşviqi, gənclərin bu prosesə cəlb edilməsi və aktiv inkişafı və eyni zamanda yerli startapçıların məhsullarının beynəlxalq müsabiqələrə və bazarlara çıxarılması məsələləri öz əksini tapıb. Bizim əsas məqsədimiz gənclərimizin inkişafı və yeni biliklərə yiyələnməsini təmin etməkdir. Hazırda ölkədə Yüksək Texnologiyalar Parkı yaradılır və bu, o deməkdir ki, bu gün İT peşələri üzrə təhsil alan tələbələr sabah bacarıqlarına uyğun işlə təmin olunacaqlar. Bundan başqa “Microsoft” şirkəti ilə YTP arasında imzalanmış memoranduma əsasən, tələbələr artıq bu gün şəhərin mərkəzində yerləşən Texnoparkda “Microsoft” şirkətinin onlara təqdim etdiyi 50 min manat dəyərində proqram təminatı əsasında proqram tərtibatı ilə məşğul ola bilərlər. Bu, tələbələrin yaradacağı əhəmiyyətli məhsulların “Microsoft” şirkətinin əlavə proqramları sırasında öz yerini tapmaq şansını verir. Startapların yaradılması üçün bu gün Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən istənilən şərait yaradılıb, gənclər öz növbələrində  üzərilərində işləməlidirlər və beynəlxalq səviyyədə təqdim edilə biləcək faydalı həllər hazırlamalıdırlar”, - deyə nazir müavini qeyd edib.
Tədbir çərçivəsində həmçinin “Microsoft”, “Nar Mobile” şirkətlərinin və YTP-nin nümayəndələri  çıxış edərək yeni startapların və innovativ ideyaların təşviqi üçün gördükləri işlərdən bəhs etdilər.
Sonda milli finalda qalib gələn “No Obs”, “Mar Tec”, “İdealists” komandalarının mükafatlandırma mərasimi keçirilib. Bakı Dövlət Universiteti və Xəzər Universitetinin tələbələrindən ibarət olan “No Obs” komandası onurğa sütununun sağlamlığı üçün nəzərdə tutulmuş “Spinal” proqramını təqdim edib. Proqram oturaq işdə işləyən ofis işçiləri, rəqs və idman ilə məşğul olan insanlar üçün nəzərdə tutulub. İnsan belini və ya çiynini əydiyi halda ona xəbərdarlıq edir.
ADA Universitetinin tələbələrindən ibarət olan “Mar Tec” komandası məhdud fiziki imkanlara malik olan insanlar üçün qapı zəngini çalan lazer pultu icad edib. Mexanizm fotorezistorlar üzərində qurulub və komanda onu təmənnasız şəkildə yaymaq təşəbbüsü ilə çıxış edir.
 
ADA Universitetinin digər komandası “İdealists Windows Phone” əməliyyat sistemi üzərində işləyən “Hero of Time” adlanan virtual oyun yaradıb. Oyunun baş qəhrəmanı radioaktiv maddələrdən dünyanı təmizləmək istəyir və oyun boyu bu maddələri toplayaraq əraziləri təmizləyir. Hadisələr 30 müxtəlif şəhərdə baş verir. Oyunda zaman maşını olduğuna görə oyunçuya 3 geriyə qayıtmaq şansı verilir. Bundan başqa, oyunda əlavə ödəniş vasitəsi ilə geriyə qayıtmaq imkanlarının sayını artırmaq, yeni mərhələ açmaq, köməkçi vasitələrin aktivləşməsinə imkan verir.
 
Qeyd edilən layihələr  qlobal “Microsoft Imagine Cup” müsabiqəsinin final yarışmasına təqdim edilib və müsabiqənin nəticələri iyun ayının 1-də elan ediləcək.
 
“Microsoft Imagine Cup” müsabiqəsi bu il Azərbaycanda ilk dəfə keçirilir və gələcəkdə bu təşəbbüsün davamlı olacağı təşkilatçılar tərəfindən bildirilib. 
 
Aynur  Vəliyeva
 
 



Baxış sayı: 1107

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024