12px13px15px17px
Tarix:26/05/15

Elektron torpaq uçotu ölkə üzrə vahid mərkəzdən torpaqların idarə olunmasına imkan yaradacaq

Bundan sonra həm dövlətə, həm bələdiyyəyə, həm də vətəndaşa məxsus mülkiyyətin həcmi, ölçüsü, sərhədi, kəmiyyət və keyfiyyət göstəriciləri aydın və dəqiq şəkildə bəlli olacaq. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yeni Əsasnaməsi həm dövlət, həm də vətəndaş prizmasından özündə bir sıra sosial-iqtisadi və hüquqi əsasları təmin edir. Bu əsaslar mülkiyyət hüquqlarının tənzimlənməsində həm dövlətin, həm də vətəndaşın mülkiyyət mənafelərinin tam təmin olunmasına zəmin yaradır.
 
Hər bir mülkiyyət növü, o cümlədən torpaq sahələri üzrə detallı, dəqiq və konkret məlumatlar əks olunan elektron bazanın və uçotun yaradılmasını təmin edir. Yeni qaydalara əsasən, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik prinsipinin tətbiqinə başlanacaq. Yəni vətəndaşlar yalnız bir ünvana müraciət etməklə onlara məxsus daşınmaz əmlakları dövlət reyestrində qeydiyyata aldıra biləcəklər. Bu da qeydiyyat üçün tələb olunan sənədləşdirmə prosesində rahatlığın, operativliyin və şəffaflığın kifayət qədər artması deməkdir. Əvvəllər vətəndaşın qeydiyyat prosesində məruz qaldığı əlavə vaxt itkisi artıq aradan qalxacaq.
 
 Eyni zamanda, yeni qaydalar mülkiyyət hüquqlarının qeydiyyatını sürətləndirəcək, sənədləşdirilmiş daşınmaz əmlakların sayının artması ilə qeydiyyat arealının genişlənməsinə səbəb olacaq. Komitədən bildirilib ki, yeni prosedurların digər üstünlüyü bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılmasıdır. Elektron torpaq uçotu torpaq sahələrinin təkcə fiziki sərhədlərinin uçotunu deyil, həm də onların keyfiyyət göstəricilərini nəzərə alır.
 
 
Bu barədə məlumatların vahid elektron bazada olması ölkə üzrə vahid mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi və münbitliyinin artırılması üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.
 
 
Qeyd edək ki,  4 may 2015-ci il tarixində imzalanmış fərmana əsasən, komitənin yeni Əsasnaməsi təsdiqlənib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024