12px13px15px17px
Tarix:01/06/15

Türkiyə və Azərbaycan elm və texnologiya sahəsində yeni əməkdaşlığa imza atıb

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında beynəlxalq Saziş imzalanıb.
 
Bu məqsədlə EİF-in icraçı direktoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti TÜBİTAK-da olub. Mərasimdə TÜBİTAK rəhbərliyi və rəsmiləri, həmçinin Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Vasif Əliyev də iştirak edib.
 
 
Sazişin imzalanmasından öncə EİF və TÜBİTAK haqqında ətraflı məlumat verilib, hər iki qurum arasında əməkdaşlığın faydalı və səmərəli olacağına əminlik vurğulanıb. EİF-in icraçı direktoru Elçin Babayev Azərbaycanda elm, təhsil, mədəniyyət, idman və incəsənətin inkişafına dövlət qayğısından söhbət açıb.
 
 Sazişə əsasən, tərəflər milli iqtisadiyyatın inkişafında elm və texnologiyanın əhəmiyyətini qəbul etməklə, bərabərlik və qarşılıqlı fayda əsasında elmi və texnoloji əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, Türkiyə və Azərbaycanın elmi-tədqiqat institutları, qurumları və universitetləri arasında elm və texnologiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək barədə razılığa gəliblər.
EİF və TÜBİTAK ölkələr üçün prioritet hədəfləri nəzərə alaraq, qarşılıqlı maraq doğuran təbiət elmləri, mühəndislik və texnologiyalar, tibb və səhiyyə elmləri, kənd təsərrüfatı elmləri, sosial və humanitar elmlər sahələrində, həmçinin fənlərarası tədqiqatlarda və kadr hazırlığı üzrə əməkdaşlıq edəcəklər.  
 
 
Əməkdaşlığın xüsusi formaları kimi tədqiqat nəticələrinin, həmçinin alim, mütəxəssis və tədqiqatçıların səfər mübadilələri də daxil olmaqla birgə tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsi, birgə elmi iclaslar, konfranslar, simpoziumlar, kurslar, seminarlar, sərgilər və s. təşkili və onların işində iştirak, ikitərəfli elmi və texnoloji əməkdaşlıq çərçivəsində yaranacaq elmi-texniki tədqiqatların nəticələrinin, informasiyanın və sənədlərin mübadiləsi, müştərək tədqiqat və inkişaf layihələri üçün tədqiqat və inkişaf vasitələrindən və elmi avadanlıqdan birgə istifadə nəzərdə tutulur.
 
 
Tərəflər Avropa Birliyinin Çərçivə Proqramlarında və tədqiqat, inkişaf və innovasiya üzrə digər beynəlxalq əməkdaşlıq proqramlarında iştirak çərçivəsində də əməkdaşlıq edəcəklər. Əməkdaşlığın səmərəli icrası üçün birgə komitə yaradılacaq. İlk birgə qrant müsabiqəsinin bu ilin sonunadək elan olunması barədə razılıq da əldə olunub.  
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024