12px13px15px17px
Tarix:03/06/15

“Mançester Yunayted” Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilir

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışlarının başladığını elan edir.

Yay futbol məktəbinin məqsədi paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.
 
Məktəbə Gəncə, Qax, Xaçmaz, Sumqayıt və Bakıda təşkil olunmuş seçimlərdə 965 uşaq iştirak edib. Seçim prosesi AFFA-nın “Elit Məşq” layihəsinin məşqçiləri və “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Benet (Mick Bennett) tərəfindən həyata keçirilib.
 
 Seçimdən müvəffəqiyyətlə keçən 34 nəfər gənc iyun ayının 1-dən 5-dək Bakıda “Bayıl Arena” stadionunda təşkil olunan təlim-məşq toplanışlarında iştirak edir. Təlimlərə “Mançester Yunayted” klubunun Azərbaycana ezam olunmuş məşqçiləri Qarvey Luiz (Garvey Louis) və Ollieuz Kristofer (Ollieuz Christopher) rəhbərlik edir.
 
“Üçüncü dəfədir ki, AFFA və “Mançester Yunayted” ilə birlikdə “Mançester Yunayted” Yay Futbol Məktəbini təşkil edirik. Bu il seçimlərdə iştirak edən uşaqların sayı ötən ildəkindən təxminən 300 nəfər artıqdır və bu sayın ildən-ilə artması layihənin uğurlu olmasına işarə edir. Bu il seçilən uşaqlar arasında elələri var ki, onlar ikinci və hətta üçüncü dəfədir ki, seçimdə iştirak edir və müvəffəqiyyətlə növbəti mərhələyə keçirlər.
 
Bu, o deməkdir ki, insanlar seçim prosesinin şəffaflığına və məktəbin effektivliyinə etibar edirlər. Hazırda məktəbimizin məzunlarının 80%-dən çoxu perspektivli klubları təmsil edir, digərləri isə müxtəlif maraqlı təkliflər alırlar. Onlardan biri bu il U-13 Liqasında ən yaxşı oyunçu adına layiq görülüb, başqa bir  iştirakçının isə “Fenerbahçe” klubunda çıxış edəcəyi gözlənilir. Azərbaycanlı uşaqların futbol sahəsindəki uğurları bizi sevindirir”, -  deyə “Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva  bildirib.
 
 
AFFA-nın baş katibi Elxan Məmmədov “Mançester Yunayted” kimi təkcə Avropada deyil, bütün dünyada tanınmış bir brendin Azərbaycanda olmasının çox müsbət hal olduğunu vurğulayıb:
 
 “Bu layihə artıq üçüncü ildir ki, uğurla həyata keçirilir. Futbola həvəsi olan, yaşıdlarından öz istedadları ilə seçilən 30-dan artıq uşağın əvvəlcə Bakıda toplanışda olması, sonra onların arasından bir neçə nəfərin seçilərək İngiltərəyə - “Mançester Yunayted” Yay Futbol Məktəbinə göndərilməsi həmin uşaqların peşəkar futbol mühitinə doğru inamlı addım atmasına münbit şərait yaradıb. Bu layihədən bir müddət sonra Bakıda daimi fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinin öz işinə başlamasını da yüksək qiymətləndiririk. İnanırıq ki, bu əməkdaşlıq və uğurlu layihələr sayəsində istedadlı uşaqların peşəkar futbolçu kimi yetişməsi istiqamətində müsbət nəticələr əldə edə biləcəyik”.
 
RƏVAN



Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024