12px13px15px17px
Tarix:05/06/15

Bütün kateqoriyalı torpaqların elektron uçotu və məlumat bankı yaradılacaq

Son illərdə Azərbaycanda tətbiq olunan elektron, onlayn, SMS və mobil ofis xidmətləri, qeydiyyatı prosesinin sadələşməsi, eləcə də mütəmadi keçirilən "kütləvi çıxarış" kampaniyası daşınmaz əmlakın qeydiyyatının artmasına səbəb olub.
 
"ICTnews" xəbər xidmətinin məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Gəncə sakinləri üçün "Daşınmaz əmlakın qeydiyyatında bir pəncərə və ictimai məmnunluq"  mövzusunda keçirdiyi vətəndaş forumunda bildirilib. Forumda qeyd edilib ki, elektron hökumətin reallaşdırılması nəticəsində  ilin ilk rübündə regionlarda əmlakın qeydiyyatı 20%-dən çox yüksəlib. 2015-ci ilin birinci rübündə ölkədə 49 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb.
 
 
Qeyd edək ki, vətəndaş forumu dövlət başçısının komitənin yeni Əsasnaməsini təsdiq edən 04 may 2015-ci il tarixli Fərmanı, daşınmaz əmlakın qeydiyyatında "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı bir çox məsələlərin izahına həsr olunub. Məqsəd bu Fərmandan, o cümlədən komitənin yeni Əsasnaməsindən irəli gələn sosial-hüquqi üstünlükləri və bir ünvanda qeydiyyat prosedurunu vətəndaşların diqqətinə çatdırmaq, bunun vətəndaşlara məkan və zaman faydalarını ictimaiyyətə açıqlamaqdır.
"Açıq qapı" günündə komitənin yeni Əsasnaməsini təsdiq edən Fərmanın həm qeydiyyat, həm də torpaq idarəçiliyi sahəsində vətəndaşlar üçün sosial əhəmiyyəti vurğulanıb.
 
 Bildirilib ki, Fərmana əsasən mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik, qeydiyyatda "bir pəncərə" prinsipi  tətbiq edilir. Vətəndaşlar artıq bir ünvana, bir quruma müraciət edərək daşınmaz əmlak üzərində hüquqlarını qeydiyyata aldıracaqlar.
 
Bununla da, vətəndaşların əvvəllər torpaq sahələri ilə bağlı müvafiq sənədlər üçün ayrı-ayrı qurumlara getmək məcburiyyəti aradan qalxıb. Bu da vaxt itkisinin və digər çətinliklərin qarşısının alınmasına səbəb olub.  
 
Beləliklə, qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativlik, rahatlıq, şəffaflıq və sosial məmnunluq artacaq.
 
 Eyni zamanda, bu yeniliklər mülkiyyət hüquqlarının qeydiyyatını stimullaşdıracaq, ölkə üzrə daşınmaz əmlakların maksimum sənədləşməsini təmin edəcək.
 
 
Qeyd edilib ki, bütün kateqoriyalı torpaqların elektron uçotu və məlumat bankı yaradılacaq.
 
Eyni zamanda torpaqların dəqiq xəritələşməsi aparılacaq. Torpaq məlumat bankında və elektron bazada torpaq sahələri barədə detallı və dəqiq məlumatlar əks olunacaq. Həm dövlət, həm bələdiyyə, həm də vətəndaş mülkiyyətinin həcmi, ölçüsü, sərhədi aydın şəkildə əksini tapacaq.
 
Torpaqların dəqiq koordinatlarının təyin edilməsi, torpaq sərhədlərində uyğunsuzluqların aradan qaldırılması maksimum təmin ediləcək. Bundan əlavə, dövlətə məxsus torpaq sahələri üzərində dövlət nəzarəti güclənəcək. Qeyri-qanuni istifadə ilə bağlı halların qarşısını alan daha effektiv tədbirlər həyata keçiriləcək.
 
Bu da, optimal və şəffaf torpaq idarəçiliyini təmin edəcəkdir.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 291

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020