12px13px15px17px
Tarix:05/06/15

“AMEA-nın regional elmi müəssisələrində kargüzarlıq və kadr məsələlərinin tənzimlənməsi” mövzusunda seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Hüquq və kadrlar idarəsi "AMEA-nın regional elmi müəssisələrində kargüzarlıq və kadr məsələlərinin tənzimlənməsi" mövzusunda seminar keçirib.
 
Akademiyadan bildirilib ki, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA-nın regional elmi müəssisələrində vahid kargüzarlıq işi və düzgün sənədləşmə fəaliyyətinin təşkili baxımından seminarın əhəmiyyətindən danışıb.
 
 Son zamanlar AMEA-da əmək intizamı, hüquq və kadr siyasəti istiqamətində aparılan islahatlardan, eləcə də bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edən akademik bildirib ki, hər bir müəssisənin apardığı hüquqi islahatların səmərəli nəticələr verməsi, ilk növbədə, onun fəaliyyətini müasir tələblər səviyyəsində qurmasından asılıdır.
 
Sonra Hüquq və kadrlar idarəsinin rəis müavini Rzaqulu Hacıyev çıxış edərək ulu öndər Heydər Əliyevin 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyət orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın və "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikası Qanununun tələblərini seminar iştirakçılarının diqqətinə çatdırıb.
 
 Həmçinin sözügedən sənədlərin tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə görülən işlərdən danışıb.
 
 
Sonra seminarda AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev çıxış edib. Bildirib ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 4 may 2015-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə may ayında idarənin əməkdaşları AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Akademiyanın Naxçıvan və Gəncə bölmələri, həmçinin Lənkəran və Şəki Regional Elmi mərkəzlərinə ezam olunub. Əməkdaşlar tərəfindən bu müəssisələrdə kargüzarlıq və kadr işinin mövcud vəziyyəti öyrənilib, nöqsanlar aşkar edilərək yerindəcə aidiyyəti məsul işçilərə metodiki və praktiki köməklik göstərilib, müvafiq tapşırıqlar verilib. R.Ağasiyev regional bölmə və mərkəzlərdə görülən işlərin nəticələrinə dair arayışı seminar iştirakçılarının diqqətinə çatdırıb. Əlavə edib ki, bu tədbirlərin həyata keçirilməsi kargüzarlıq işinin daha da təkmilləşdirilməsi, onun vahid sistemə və formaya salınması məqsədi daşıyır.
 
 
Daha sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev "Elektron hökumət" layihəsi və bununla bağlı dövlət proqramlarını xatırladıb. "Elektron Hökumət" quruculuğu sahəsində son yeniliklər barədə qısa məlumat verib:
 
"Sənədləşdirmə və kargüzarlıq işlərinin elektron qaydada həyata keçirilməsinin idarəetmə sistemində yeri və rolu getdikcə artmaqdadır. Bu gün sənədləşmənin elektronlaşması məsələsi Akademiyada da obyektiv zərurətə çevrilib".
 
 
Akademik onu da qeyd edib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında dəftərxana və kargüzarlıq işinin düzgün qurulması və aparılması, fəaliyyətinin hüquqi tənzimlənməsi məqsədilə və bu xidmət üzrə çalışan əməkdaşlar təlimlərə cəlb edilməli, onlar üçün proqramlar hazırlanmalı, peşə səviyyələri yüksəldilməlidir.
 
 
Sonda AMEA-nın regional bölmə və mərkəzlərinin rəhbərləri çıxış ediblər. Rəhbərlik etdikləri müəssisələrdə kargüzarlıq və kadr məsələlərinin tənzimlənməsi işində çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq göstərişlər verdiklərini qeyd ediblər.
 
Eyni zamanda bu sahədə Hüquq və kadrlar idarəsi tərəfindən göstərilən metodiki və praktiki köməkliyə görə idarə əməkdaşlarına minnətdarlıqlarıını bildiriblər.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020