12px13px15px17px
Tarix:09/06/15

I Avropa Oyunları zamanı radio və TV yayımına fasiləsiz nəzarət həyata keçiriləcək

“Bakı 2015” I Avropa Oyunlarının uğurlu təşkilində radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi də xüsusi yer tutur. Sözügedən istiqamət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) üzərinə düşən əsas vəzifələrdən biridir. Artıq bu sahədə bütün işləri başa çatdıran RYTN ilk Avropa Oyunlarının keçirilməsinə tam hazırlıqlıdır.

 

Hədəf - informasiya təhlükəsizliyinin qorunması, radioelektron vasitələrin qanunsuz fəaliyyətinin aşkarlanması

 

Əvvəlcə onu qeyd edək ki, bu gün Azərbaycanda radiotezlik zolaqları Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən ayrılır. Müdafiə, kəşfiyyat və əks kəşfiyyat istisna olmaqla, komissiya tərəfindən radiotezlik ayrılmadan radioelektron vasitələrin (REV) istehsalı, xaricdən alınması və respublika ərazisində istismarı yolverilməzdir. Mülkü məqsədlər üçün Komissiya tərəfindən icazə verilən tezlik nominallarının ayrılması, uçotu və həmin tezliklərdə istifadə olunan radioelektron vasitələrin qeydiyyatı isə RYTN-in Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən aparılır. Dövlət Radiotezliklər İdarəsi əsasən respublikada fəaliyyət göstərən hüquqi və fиziki şəxslərin qanunvericilikdə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, təhlükəsizliyin təmin edilməsi, insanların həyat və sağlamlığı, əmlakı, ətraf mühit üçün törədilə biləcək amillər nəzərə alınmaqla, mülki dövriyyəsi məhdudlaşdırlımış əşyaların qanunsuz dövriyyəsinin qarşısının alınması və informasiya təhlükəsizliyinin qorunması istiqamətində mövcud qaydalara və qanunlara əsasən zəruri tədbirləri həyata keçirir. O cümlədən ölkə ərazisində radioelektron vasitələrinin istifadəsinin planlaşdırılması, bu vasitələr üçün işçi tezliklərin və şəbəkə üçün çağırış siqnallarının təyin edilməsi və qeydiyyata alınması da idarənin əsas vəzifələrindəndir. İdarə radioelektron vasitələrinin efirdəki qanunsuz fəaliyyətini, həmçinin efirdə qanunsuz televiziya, radio və digər yayımları aşkar edərək bu barədə tədbirlərin görülməsini və sairə bu kimi işləri həyata keçirir.

 

İnsan gözü ilə görünməyən tezliklər - bunları nəzarətdə saxlamaq üçün stasionar məntəqələr qurulub

 

Bu sahədə aparılan işlər haqqında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin Baş mühəndisi İlham Əfəndiyev məlumat verir: “Efiri nəzarətdə saxlamaq üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində yeni qurulan üç stasionar məntəqəmiz var. Efirdə çoxlu sayda radiotezliklər var. Belə ki, kabellə işləyən radioelektron vasitələrlə yanaşı, çoxlu sayda simsiz rabitə vasitələri də var. Məsələn, radioötürücü, radiostansiya, GSM - baza stansiyaları, “Wi-Fi” və s. radiorabitə vasitələri - bunların hamısı tezliklərlə işləyir. İnsan gözü ilə tezliklərin heç biri görünmür. Bunları nəzarətdə saxlamaq üçün stasionar məntəqələr qurulub və bu məntəqələr müvafiq qəbuledici avadanlıqlarla - monitorinq və pelenqasiya, yəni yer təyinetmə avadanlıqları ilə təmin olunub”.

 

“Bu avadanlıqlar imkan verir ki, efirə radionəzarəti həyata keçirək”

 

Baş mühəndis deyir ki, Bakı və Abşeron yarımadası ərazisində qurulan Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin də köməkliyi ilə 40 QHs-ə qədər olan bütün tezliklərin monitorinqi aparılır: “Radio-televiziyalar, mobil operatorlar, müxtəlif ratsiyalardan istifadə edən təşkilatlar, simsiz internet xidməti göstərən şirkətlər və s. öz xidmətlərini radiotezliklər vasitəsilə göstərirlər. Bu radiotezliklərin maneəsiz işləməsi, onların nəzarətdə saxlanması üçün sözügedən stasionar radiomonitorinq sistemi qurulub”. Bundan əlavə, həm mobil (bu məqsədlə 5 ədəd mobil radiomonitorinq stansiyası alınıb), həm də portativ (bu məqsədlə ümumilikdə 29 ədəd portativ analizator və müvafiq antena dəsti alınıb) qruplar yaradılıb: “Bu qruplar da müvafiq radiomonitorinq və yertəyinetmə avadanlıqları ilə təchiz edilib ki, onlar da radiomonitorinq işlərini həyata keçirirlər. Bu avadanlıqlar bizə imkan verir ki, efirə radionəzarəti həyata keçirək.

Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin İdarəetmə Mərkəzi vasitəsilə Sahil, Günəşli, Mehdiabadda yerləşən 3 stasionar stansiya idarə olunur”.

 

“Yalnız xaricilər deyil, eyni zamanda yerli KİV nümayəndələri də sayta müraciət edə bilərlər”

 

İ.Əfəndiyev əlavə edir ki, “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) ilə razılaşdırılaraq, “Bakı 2015”Avropa Oyunlarının təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması üçün sayt yaradılıb: “Yəni ölkəyə idxal olunan radioelektron vasitələrin sınaq yoxlanılması üçün həm test avadanlıqları var, həm də belə bir sayt yaradılıb. Məsələn, Oyunlarda 49 ölkənin iştirakı nəzərdə tutulur. Bu ölkələrin komandaları, eləcə də jurnalistlər ölkəyə gəlməzdən əvvəl sayta müraciət edərək, gətirəcəkləri müvafiq radiotezliklə işləyən avadanlıqlar haqqında məlumat verirlər. Yalnız xaricilər deyil, eyni zamanda yerli KİV nümayəndələri də sayta müraciət edə bilərlər. BAOƏK müraciətləri təsdiq etdikdən sonra tezliklərin ayrılmasına icazə verilə bilər. Təsdiqlənmə prosesindən sonra edilən müraciət araşdırılır, əgər gətiriləcək avadanlıqların texniki parametrləri uyğun olarsa, ona tezlik ayrılır”.

 

“Bu lisenziya gömrükdə lazım olacaq”

 

Daha sonra sayt vasitəsilə qarşı tərəfə avtomatik olaraq lisenziya göndərilir və istifadəsinə icazə verilmiş parametrlər göstərilir: “Ölkəmizə gələn şəxslər gömrükdən keçərkən burada müvafiq lisenziyanı təqdim edəcəklər. Eyni zamanda bu icazə sənədləri əsasında BAOƏK-lə razılaşdırılmaqla yaradılan və fəaliyyət göstərən sınaq laboratoriyasında yeni alınan laborator cihazlar (4 ədəd test-sınaq avadanlığı və 6 ədəd güc ölçən avadanlıq alınıb) vasitəsilə ölkəyə gətirilmiş avadanlıqların texniki parametrlərinin uyğunluğu yoxlanılır”.

 

“Nasaz avadanlıq gətirilərsə, tezlik kənaraçıxması olarsa...”

 

Bu proses həm təhlükəsizlik, həm də tezliklərin maneəsiz işləməsi üçün nəzərdə tutulub. Çünki nasaz avadanlıq gətirilərsə, tezlik kənaraçıxması olarsa, digər avadanlıqlara maneə yaradar. Bunun qarşısını indidən almaq üçün bu sayt yaradılıb və test-sınaq avadanlıqları alınıb. İş prosesində hər hansı maneələr ortaya çıxarsa, artıq həm stasionar, həm mobil stansiyalar, həm də portativ analizatorlar vasitəsilə aradan qaldırılması nəzərdə tutulur. Bunun üçün oyun məkanlarında DRİ-nin müvafiq mütəxəssisləri hazırlanıb və radiomonitorinq və pelenqasiya avadanlıqları ilə təchiz olunublar”. Radiomonitorinq qruplarına isə 60-a yaxın mütəxəssis cəlb edilib.

 

Sayt sonradan tezliklərin ayrılması, uçot-qeydiyyatının aparılması, REV-i üçün xüsusi icazələrin və lisenziyaların verilməsinə xidmət göstərəcək

 

DRİ rəsmisi tezliklərin ayrılması ilə bağlı indiyə qədər xeyli sayda - 2-3 mindən artıq müraciətin daxil olduğunu deyir: “Təxminən bu məqsədlə 10 minə qədər tezliklərin ayrılacağı gözlənilir. Qeyd etmək istərdim ki, Avropa Oyunları bizə sistemləri müasirləşdirməyə imkan verdi. Əvvəllər biz 3 QHs-ə qədər tezliklərə nəzarət edirdik. Bu gün isə artıq bizim imkanımız 40 QHs-ə qədər artıb”.

Qeyd edilən sayt sonradan cüzi dəyişikliklər edilməklə REV-ə (radio elektron vasitə) tezliklərin ayrılması, onların uçot-qeydiyyatının aparılmasına və REV-i üçün xüsusi icazələrin və lisenziyaların verilməsinə xidmət göstərə biləcək.

 

Radio-televiziya yayım proqramları vizual olaraq nəzarətdə saxlanılır: yayımda olan problemlər qeyd edilir

 

İ.Əfəndiyev radio-televiziyalar üzrə efirə nəzarət üçün cari ildən istifadə olunan sistem haqqında da məlumat verir: “DRİ tərəfindən Bakı şəhəri və Abşeron yarımadası ərazisində yayımlanan yerüstü radio-televiziya yayım proqramları, o cümlədən bölgələrdə stasionar Efirə radionəzarət məntəqələrində olan müvafiq radio-TV qəbuledicilər vasitəsilə mütəxəssislər tərəfindən vizual olaraq nəzarətdə saxlanılır və yayımda hər hansı bir dayanma, kəsilmə olduqda dayanma və qoşulma vaxtı mütəxəssislər tərəfindən müvafiq jurnallarda qeyd edilir. Respublika ərazisində radio-televiziya proqramlarının yayım parametrlərinin ölçülməsi isə DRİ-nin Radiomonitorinq şöbəsi tərəfindən radio-TV proqramlarının yayım parametrlərinin ölçülməsini təmin edən müvafiq analizatorlar vasitəsilə (həm rəqəmli və həm də analoq yayımları ölçmə imkanlığı olan) təmin edilir”.

 

Bu sistem vasitəsilə həm rəqəmli TV, həm də analoq radio-TV proqramların yayımlarına avtomatik olaraq nəzarət edilir

 

Bakı şəhəri və Abşeron yarımadası ərazisində radio-televiziya proqramlarında olan dayanmalara vizual nəzarətin avtomatik olaraq həyata keçirilməsi üçün yeni radio-TV vizual nəzarət sistemi qurulub ki, bu sistem vasitəsilə həm rəqəmli TV, həm də analoq radio-TV proqramların yayımlarına avtomatik olaraq nəzarət edilir: “Yeni sistem vasitəsilə (hazırda Bakı şəhəri və Abşeron yarımadasında olan 3 Mehdiabad, Yeni Günəşli və Sahil məntəqələrində qurulub) məntəqələr tərəfindən qəbul edilən radio-TV yayımlar qeyd edilən məntəqələrarası qurulan optik xətt vasitəsilə İdarəetmə mərkəzinə ötürülür. Mərkəzdə radio-TV proqramları vizual görünməklə yanaşı, efirdə olan dayanmalar və qoşulmalar avtomatik olaraq kompüterdə qeydə alınır və bu məqsədlə qurulmuş serverin yaddaşında saxlanılır”.

 

Həqiqət İSABALAYEVA





Baxış sayı: 1385

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024