12px13px15px17px
Tarix:22/06/15

Onlayn ödənişlərdə yenilik

Azərbaycanda inkişaf etdirilən onlayn ödəniş sistemlərinin əhali arasında populyarlığını artırmaq və istifadəçilərinin sayını çoxaltmaq məqsədi ilə həm hökumət, həm də bu işlə məşğul olan özəl şirkətlər tərəfindən müxtəlif tipli maarifləndirici və cəlbedici kampaniyalar həyata keçirilir.
 
 Hökumət məsələnin informasiya və qanunvericilik tərəflərini öz üzərinə götürərək onlayn ödənişlərin daha böyük kütlənin gündəlik həyatına daxil olması üçün azad rəqabət mühiti yaradıb və hər bir şirkətə özünü inkişaf etdirməsi üçün geniş və sərbəst meydan formalaşdırıb.
 
 Şirkətlər də öz növbəsində müştərilərinin sayını çoxaltmaq üçün müxtəlif tipli uduşlu kampaniyalar həyata keçirməklə həm cəlbedicilik səviyyəsini artırmağa, həm də  öz dövriyyəsini yüksəltməyə səy göstərir.
 
Bu cür addımlardan sonuncusunu ölkədə həyata keçirilən önlayn ödənişlərin böyük bir qismini özündə cəmləşdirən “Hesab.az” atıb.
 
Belə ki, şirkət müştərilərinə verdiyi bonusların mobil telefon danışıqları üçün pulsuz dəqiqələrə çevrilməsi sistemini quraraq ictimaiyyətin istifadəsinə təqdim edib.
 
“Hesab.az” sözügedən əməliyyatı asanlaşdırmaq məqsədi ilə bonusların yazıldığı bölmədə xüsusi link təklif edir ki, hər bir müştəri bu linkə daxil olaraq topladıqları bonusları asanlıqla telefonların balansına yükləyə bilər. Hələlik şirkət bu xidmətini “Bakcell” abonentləri üçün açıq elan edib.
 
Cin nömrə işlədən hər bir şəxs 2000 bonusunu 1 mobil danışıq dəqiqəsinə çevirə bilər. Amma “Hesab.az” rəhbərliyi eyni sistemin “Azercell” abonentləri üçün də keçərli olması üçün ikincilərlə danışıqlar apardığını açıqlayıb.
 
Yeri gəlmişkən qeyd olunmalıdır ki, cəmiyyətə sızdırılan informasiyalara görə, “Azercell”-in pulsuz dəqiqələrini əldə etmək onlayn ödəmələr edən şəxslərə daha baha başa gələcək. Belə ki, “Azercell” abonentləri 1 dəqiqəlik pulsuz danışıq vaxtı əldə etməsi üçün təxminən 5 min bonusdan keçməli olacaqlar. Bunun səbəbi kimi isə “Azercell” dəqiqələrinin yükləndikdən sonra istifadə müddətinin daha uzun, yəni bir ay olmasıdır. Amma cin nömrə istifadə edən şəxslər pulsuz dəqiqələrini 3 gün müddətində danışmalıdırlar.
 
 Əks təqdirdə hədiyyə edilən dəqiqələr ləğv olunacaq və beləliklə də ödənilən bonuslar hədər gedəcək. Ona görə də şirkət yalnız danışa biləcəyiniz dəqiqələrin götürülməsini tövsiyə edir.
 
O da qeyd olunmalıdır ki, ödənişsiz dəqiqələr yalnız şəbəkədaxili zənglər üçün nəzərdə tutulub.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 618

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024