12px13px15px17px
Tarix:25/06/15

Elektron elmin inkişafına dair Fəaliyyət Planı müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-dan bildirilib ki, iclasda AMEA üzrə elektron elmin inkişafına dair Fəaliyyət Planı müzakirə olunub.
 
 Bununla bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev elektron elmin formalaşması və inkişaf etdirilməsi istiqamətindəki tədbirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamla təsdiqlədiyi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və Milli Strategiyanın icrası üzrə Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar olduğunu bildirib. Bu sahədə müvafiq tədbirlər həyata keçirməyə böyük ehtiyac duyulduğunu deyən R.Əliquliyev AMEA-nın Ümumi Yığıncağının 29 aprel 2014-cü il tarixli iclasında Akademiyada elektron elmin inkişafı ilə bağlı tədbirlər görmək istiqamətində qərarlar qəbul olunduğunu xatırladıb.
 
R.Əliquliyev Akademiya üzrə 2014-cü il üçün elektron elmin monitorinqinin aparılması, kommunikasiya infrastrukturunun modernləşdirilməsi, “AzScienceNet” şəbəkəsinin istismarı, infrastrukturu və əməkdaşların İKT üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, AMEA üçün müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması, elektron elmin formalaşmasının elmi-praktiki problemlərinin araşdırılması, həmçinin ölkədaxili, beynəlxalq inteqrasiyanın inkişaf etdirilməsi, elektron elmin populyarlaşdırılması və təbliğat işinin aparılması istiqamətində planlaşdırılmış işlərin fəaliyyət planında yer aldığını söyləyib. Bildirilib ki, Azərbaycanın milli elm və təhsil şəbəkəsi olan “AzScienceNet”in sürətli inkişafına nail olunması, AMEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların şəbəkənin elektron infrastrukturu üzərindən qabaqcıl şəbəkə texnologiyaları və xidmətlərlə təmin olunması, keyfiyyəti yüksəltmək üçün texnoloji imkanlar baxımından lazım olan şəraitin yaradılması, AMEA-nın regional elmi bölmə və mərkəzlərində distant tədris mərkəzlərinin yaradılması və digər istiqamətlərdə bir sıra işlər görülür. R.Əliquliyev bu yöndə öz fəaliyyətini daha da genişləndirməyə çalışan Akademiyanın elmi müəssisə və təşkilatların veb-resurslarının monitorinqinin aparılması, onlara elmi-metodiki və texnoloji dəstək verilməsi, AMEA-nın informasiya-sorğu sistemi, Milli Terminoloji İnformasiya Sistemi və "Azərbaycan Milli Elmlər Akademiyası haqqında məlumat" sisteminin qurulması, həmçinin Wiki-mərkəzin fəaliyyətinin gücləndirilməsi ilə müxtəlif təyinatlı informasiya sistemləri və resurslarının formalaşdırılmasında əməli addımlar atmaqda olduğunu deyib. Elektron elmin formalaşması və inkişafının elmi-nəzəri və praktiki problemlərinin araşdırılması, təkliflər və tövsiyyələrin işlənilməsi, E-elm və e-təhsilin inteqrasiyasının inkişaf etdirilməsi, virtual məkanda beynəlxalq elmi bazalarda müxtəlif vebometrik və elmmetrik göstəricilər üzrə Azərbaycan elminin, həmçinin AMEA-nın vəziyyətinin qiymətləndirilməsinə dair məlumatların müntəzəm olaraq monitorinqinin aparılması və müvafiq hesabatların hazırlanması, elektron elmə dair biliklərin populyarlaşdırılması və təbliğinin, o cümlədən bu sahələrdə əsası qoyulan əməkdaşlıqların elektron elm sahəsində böyük əhəmiyyət kəsb etdiyini bildirib. Eyni zamanda H.Əliyev Fondu, Akademiya, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə informatika fənni üzrə ümumrespublika olimpiadasının keçirilməsi, əməkdaşların beynəlxalq elmi bazalara çıxışının təmin edilməsi elm və təhsil ictimaiyyətinə töhfələr verəcəyini vurğulayıb.
 
 
Tədbirdə AMEA üzrə elektron elmin inkişafına dair fəaliyyət planı təsdiq edilib. Eyni zamanda planın icrasından irəli gələn məsələlərin həll edilməsi üçün AMEA İnformasiya Texnologiyaları İnstitutuna müvafiq tapşırıqlar verilib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 489

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024