12px13px15px17px
Tarix:27/07/15

Qlobal baxış - mobil operatorların ödəniş sistemlərində rolu sürətlə artır

Son hesablamalara görə, qlobal məkanda 2020-ci ildə onlayn biznesin 2 trilyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.

Tədqiqatlar onu da təsdiq edir ki, e-ticarətin sürətli inkişafı, yeni ödəniş metodlarının yaranması nəticəsində onlayn ödənişlərin miqyası əhəmiyyətli dərəcədə artıb.

Belə ki, istifadəçilərin daha təhlükəsiz, effektiv və rahat ödəniş alətinə ehtiyacı ödəniş sistemində innovasiyaya təkan verir. Bu baxımdan, elektron ticarətin artması innovativ ödəniş sistemlərinə tələbin artması ilə nəticələnib. İstifadəçilər davamlı olaraq daha rahat yolla ödəniş etməyin yollarını axtarırlar.

Həmçinin istifadəçilər ödəniş xidmətlərinin təhlükəsizliyini tələb edirlər ki, bu tələbatın qarşısında təchizatçılar keyfiyyətli xidmət, sürət, inam, təhlükəsizlik və etibarlılığı təmin etmək üzərində rəqabətə davam edirlər. Amma buna hansı formada nail olunur?

Dünyada bu istiqamətdə həyata keçirilən yeniliklər Mərkəzi Bankın (MB) növbəti dəfə təqdim etdiyi “Ödəniş sistemləri üzrə son meyillər və qlobal tədqiqatlar”da yer alıb.
 
 
“Süzgəc”dən keçirilən təmassız ödənişlər
 
İlk növbədə təmassız ödənişlər sahəsində həyata keçirilən işlər “süzgəc”dən keçirilib. Böyük Britaniya Kartlar Assosiasiyası tərəfindən dərc olunmuş məlumata əsasən 2014-cü ilin mart ayı üzrə təmassız kartlarla edilən ödənişlərin həcmi 100 milyon funt-sterlinqi keçib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Aylıq təmassız ödənişlərin sayı isə bir il ərzində 3 dəfədən çox artıb. MB-nın Tədqiqatlar və İnkişaf Mərkəzindən bildirilib ki, hazırda təmassız kartlardan təhlükəsizlik məqsədi ilə əsasən kiçik ödənişləri yerinə yetirmək üçün istifadə olunur. Təmassız kartların təhlükəsizlik sistemi kredit və debet kartlarında tətbiq olunan təhlükəsizlik sistemi ilə eynilik təşkil edir.
 
 
Təmassız ödənişlər üzrə ən son yenilik “Apple”-dən gəldi
 
Ödənişi daha sürətli etmək üçün hər dəfə təhlükəsizlik kodu tələb olunmur, buna  baxmayaraq itirilmə və oğurluq hallarının olmasını nəzərə alaraq təhlükəsizlik kodu bir neçə əməliyyatdan sonra tələb oluna bilər. Təmassız ödənişlər üzrə ən son yeniliklərdən biri də “Apple” şirkəti tərəfindən “Iphone 6” telefon modelində, həmçinin “Apple” qol saatlarında təqdim olunan “Apple Pay” ödəniş sistemidir. Bu cihazlarda yerləşdirilən “NFC (Near-field communication)” texnologiyasının köməyi ilə ödənişlər telefonu və ya qol saatını POS-terminala yaxınlaşdırmaqla həyata keçirilir.
 
 
“Apple Pay” sisteminin üstünlüyü ondadır ki...
 
 
Göstərilən texnologiya avtomatik olaraq POS-terminalın müştərinin hesab detallarını tanımasına imkan yaradır və müştəri sadəcə barmaq izi ilə ödənişi təsdiqləyir. Bu isə ödənişin daha sürətli həyata keçməsini təmin edir. Biometrik tanınmanın, yəni barmaq izinin istifadə olunması təhlükəsizlik risklərinin minimum endirilməsinə kömək edir.
 “Apple Pay” sisteminin digər oxşar məhsullardan üstünlüyü ondadır ki, artıq “Itunes”-da (Apple şirkətinə məxsus olan musiqi və video bazası) qeydiyyatdan keçmiş istifadəçilərin yenidən bank detallarını daxil etməsinə ehtiyac yoxdur. Artıq ABŞ-da bir neçə böyük şəbəkə (McDonald’s, Walgreens, Subway) tərəfindən “Apple Pay” vasitəsilə ödənişlər qəbul edilir. “Apple Pay” vasitəsilə ödənişlərin Avropada da tətbiq ediləcəyi gözlənilir.
 
 
Elektron və avtomatlaşdırılmış vasitələrdən istifadə ənənəvi bank filiallarının rolunu azaldır
 
 
Tədqiqatlar göstərir ki, bu gün ödəniş sistemlərində elektron və avtomatlaşdırılmış vasitələrdən istifadə ənənəvi bank filiallarının rolunu azaldır. Ümumiyyətlə, yeni bank xidməti təchizatçılarının yaranması ödəniş sistemlərində yeni tendensiyalar yaradıb. Belə ki, bank filiallarının bazarına qeyri-banklar da daxil olur. Bunların əsas nümunələri mobil operatorlar, “müxbir” banklar, digital-rəqəmli valyutaların ödəniş vasitəsi kimi istifadə olunması və “Peer-to-peer” adlanan kreditlərdir.
Yeri gəlmişkən, qeyd edək ki, ödəniş sistemlərində innovasiyaların inkişafına ekzogen və endogen amillər təsir edir: “Ekzogen amillər ödəniş sisteminin kənar mühit, xüsusilə, texniki inkişaf, istifadəçilərin davranışı və tənzimləmə ilə əlaqədar olmasını nəzərdə tutur. Endogen amillər isə ödəniş sisteminin daxili mühiti, məsələn, əməkdaşlıq, qiymət strukturu və təhlükəsizliklə əlaqədardır”.
 
Mobil telefon və smartfonların inkişafı mobil telefonları  ödəniş vasitəsinə çevirib
 
Ekzogen amillərə gəlincə, texniki inkişaf bu amillərin əsas göstəricisinə çevrilib. Belə ki, son onillikdə elektron ticarətin sürətli inkişafı, o cümlədən yeni ödəniş metodlarının yaranması nəticəsində onlayn ödənişlərin miqyası əhəmiyyətli şəkildə artıb. Bundan başqa, mobil telefon və smartfonların inkişafı mobil telefonları  ödəniş vasitəsinə çevirib.
Təsadüfi deyil ki, bu gün mobil operatorların ödəniş sistemlərində rolu sürətlə artır.
Mobil operatorların öz xidmət dairəsini hətta ən ucqar ərazilərdə yaşayan insanlara
da çatdırması həmin istifadəçilərin maliyyə vasitələrinə çıxışını təmin edir. Bu isə öz növbəsində nağdsız ödənişlərin inkişafını dəstəkləyir.
 
 
Bank agentləri rolunda poçt idarələri də çıxış edirlər
 
Dünya praktikasında mobil operatorların təklif etdiyi əsas xidmətlərə nümunə olaraq SMS vasitəsilə ödənişlər, əvvəlcədən ödənilən təmassız kartların istifadəsi və sim kartlara yüklənmiş şəkildə elektron pulları göstərmək olar.
“Müxbir” banklar bəzi ölkələrdə bank filiallarının göstərdiyi xidmətləri yerinə yetirməyə başlayıb. Belə ki, bank agentləri rolunda lotereya satış məntəqələri, poçt idarələri və pərakəndə satıcılar çıxış edirlər. Göstərilən xidmətlərə isə kommunal ödənişlər, depozit qoyuluşu, nağd pulun çəkilməsi və pulköçürmələri daxildir. “Müxbir” bankların əsas üstünlüyü xərclərin az və müştərilər üçün daha əlçatan olmasıdır.
 
 
Ödənişlər sahəsində ən son yeniliklərdən biri - rəqəmli valyutalar
 
 
Rəqəmli (digital) valyutalar ödənişlər sahəsində ən son yeniliklərdən biridir.
Rəqəmli valyutaların əsas xüsusiyyətlərindən biri mərkəzləşdirilmiş  (decentralized) olmamasıdır. Kriptoqrafiya qaydalarından istifadə etdiyinə görə rəqəmli valyutaları kriptovalyutalar da adlandırırlar. Son illər fəaliyyət dairəsini genişləndirən “Peer-to-peer” maliyyələşmə borcalan və investorlar
arasında bank olmadan maliyyə axınını təmin edir. Bu sistemin işləmə
mexanizminə gəlincə, istifadəçilər “peer-to-peer” internet səhifəsində borc alan və ya sərmayəçi kimi qeydiyyatdan keçirlər.
 
 
İnternet və sosial şəbəkələrin inkişafı “peer-to peer” maliyyələşmə üçün əsas amilə çevrilib
 
 
Borc alan borc almaq üçün anket təqdim edir. Əgər internet səhifəsinin mütəxəssisləri tərəfindən təsdiq olunarsa, həmin borc alanın məlumatları vəsait cəlb etmək üçün internet səhifəsinə yerləşdirilir. Sərmayəçilər riskləri azaltmaq üçün adətən kreditləri müxtəlif borcalanlar arasında diversifikasiya edir. İnternet və sosial şəbəkələrin inkişafı “peer-to peer” maliyyələşmə üçün əsas amil olub. Belə ki, ən böyük “peer-to peer” maliyyələşmə portallarından biri olan “Lending Club” ilk dəfə “Facebook” sosial şəbəkəsinin bir tərkibi kimi yaradılıb.
 
 
Banklar smartfon istehsalçıları ilə əməkdaşlığa başlayır
 
Bu tendensiyaları nəzərə alaraq, banklar öz filiallarının strukturunu və qeyri-banklarla münasibətlərini yenidən nəzərdən keçirməli olurlar. Artıq dünyanın qabaqcıl bankları tərəfindən tətbiq olunan və hazırda genişlənən belə tədbirlərə filialların yenidən dizaynı və yeni bank xidməti təchizatçıları ilə birgə fəaliyyət nəticəsində nağdsız ödənişlərin stimullaşdırılması daxildir. Bu cür əməkdaşlığa bankların smartfon istehsalçıları ilə əməkdaşlığı nəticəsində yaradılan və istifadəçi üçün rahat olan mobil proqram təminatı, elektron ticarət platformaları və s. daxildir.
 
 
Xidmət sahəsində avtomatlaşdırılmış vasitələrdən istifadə bank filiallarının xərclərinin azalmasına kömək edir
 
 
Filialların yenidən dizaynı zamanı nəzərə alınan əsas məqamlar isə filialların yerini və iş vaxtını müştərilərin daha rahat istifadə edəcəyi şəkildə müəyyən etməkdir. Həmçinin, xidmət sahəsində avtomatlaşdırılmış vasitələrdən istifadə bank filiallarının xərclərinin azalmasına və qeyri-banklarla rəqabətə tab gətirməsinə kömək edir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024