12px13px15px17px
Tarix:17/08/15

Oyun sənayesinin əsas “oyunçu”su

Ötən ay “Nintendo” şirkətinin prezidenti Satoru İvata 56 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi. Satoru İvata kimdir və o, hansı xidmətləri ilə yaddaşlarda qalacaq? “Persona” rubrikasında məhz bu suallara cavab tapmağa çalışacağıq.

Satoru İvata 2002-ci ildən yapon korporasiyası olan “Nintendo”-nun prezidenti və baş direktoru olub. O, bundan əvvəl 2000-2002-ci illərdə “Nintendo”-nun korporativ planlaşdırma bölməsinin başçısı postunu tutub, 1993-dən 2000-ci ilə qədər  videooyunların istehsalı üzrə ixtisaslaşdırılmış “HAL Laboratory” şirkətinin prezidenti olub. İvata “The Legend of Zelda”, “Mario” və “Animal Crossing” seriyasından olan oyunların yaradılmasında iştirak edib.
 
Satoru İvata kimdir?
 
Satoru İvata 1959-cu il, 6 dekabr tarixində Hokkaydo prefekturasının paytaxtı olan yapon şəhəri Sapporoda dünyaya göz açıb. Hirosi İvata onun atası idi: 1979-cu ildən 1995-ci ilə qədər Hokkaydonun Muroran şəhərinin meri vəzifəsində çalışıb.

İvata Sapporo böyük cənub məktəbində (Sapporo Minami Koutougakkou) oxuyub və gəncliyindən hesablama texnikası ilə maraqlanıb. Özünün birinci proqramlaşdırılan kalkulyatorunu səyyar qəzet satışından pul toplayaraq hazırlayır. İvata proqramlaşdırma üzrə oxumağa başlayır və öz kalkulyatoru üçün evdə ilk oyunlarını - beysbol, voleybol və stend atışının simulyatorlarını yaradır.

O, 1980-ci ildə, “HAL Laboratory” firmasına ştatdankənar proqramçı kimi işə qəbul edilir. Bu, gələcəkdə videooyunların hazırlanması ilə məşğul olan “Nintendo”-nun filialı olacaqdı. İvata 1982-ci ildə universiteti bitirdikdən sonra “Hal Laboratory”-də ştata qəbul edilir. O, kiçik firmanın beşinci əməkdaşı olur, kompüter oyunları ilə məşğul olmağa davam edir.

O, “HAL Labarotory”-də oyun avtomatları və “Nintendo” istehsalı olan konsollar üçün oyunların, o cümlədən “Balloon Fight”, “NES Tournament Open Golf”, “Kirby” və “Earthbound”-un hazırlanmasında iştirak edir. İvata proqramlaşdırmadan başqa firma məhsullarının marketinqi ilə məşğul olurdu.
1992-ci ildə “HAL Labaratory” iflas həddində çatır, İvataya şirkətin prezidenti olmaq təklif edilir. O razılaşır. 1993-cü ildən şirkətə başçılıq edir və onu böhrandan müvəffəqiyyətlə çıxara bilir.
 
 “Nintendo” dövrü
 
Satorunun işi “Nintendo” prezidenti Hirosi Ymautinin diqqətini cəlb edir. 2000-ci ildə İvata “HAL Laboratory” konsultant kimi qalaraq “Nintendo”-nun korporativ planlaşdırma bölməsinin başçısı təyin edilir. Bu postda o, “GameCube”-un yeni oyun konsolunun bazarda işə salınmanı koordinasiya edir: şirkətin satış həcmi 2001-ci ilin sonuna, “Sony” ilə rəqabətə baxmayaraq 20 faiz də artır və 4,4 milyard dollar təşkil edir.
2002-ci ilin mayında Yamauti istefa edir, öz varisi olaraq İvatanı elan edir: Yamautinin sözlərinə görə, o, şirkəti etibarlı əllərə tapşıraraq tərk edir. Beləliklə, İvata 42 yaşında “Nintendo” kimi böyük korporasiyanın baş direktoru və prezidenti olur.

Proqramçı İvata “Nintendo” şirkətinin ilk  direktoru olub ki, onun qurucusu Yamauti ailəsinin üzvü olmayıb.
 
“Nintendo”-nun yeni inkişaf yolu İvata ilə başlayır
 
“Nintendo” İvatanın başçılığı altında yeni inkişaf yolu seçir. Yeni oyunlar üçün keyfiyyətli üçölçülü qrafikanın yaradılması uzun müddət və böyük kapital qoyuluşu tələb edirdi. O, daha az vaxt və daha az pul üçün daha sadə oyunları yaratmağı üstün tutur. İvata “Nintendo”-nu hər yaşda olan insanlar üçün maraqlı etməyə qərar verir.

Bir çox məşhur oyunların yaradıcılarından olan Siqeru Miyamoto ilə birlikdə İvata “Wii” yeni oyun konsolunun hazırlanmasına rəhbərlik edir. O, ilk dəfə 2005-ci ilin mayında onu “E3” illik sərgisində təqdim edir. “Wii” Yaponiyada məşhurluq üzrə rəqabət aparan konsolları ötməyi bacarır.
İvata “Nintendo” konsollarının satışını ABŞ-da da yaxşılaşdırmağı bacardı. 2008-ci ildə “Wii”-nin satş həcmi “Microsoft” və “Sony” konsolunun satış həcmini qabaqlayırdı: üç rüb ərzində 22,5 milyon “Xbox 360” və 16,8 milyon “PlayStation 3”-ə qarşı 34,6 milyon “Wii” satılmışdı.

“Nintendo”-nun başqa yeni məhsulu “Nintendo DS” əl oyun konsolu oldu. Onun üçün çoxlu inkişaf etdirici oyunlar yazılmışdı. 2008-ci ildə İvata bildirirdi ki, “Microsoft”-dan və “Sony”-dən fərqli olaraq onun şirkəti oyunlarda cəmləşmək istəyir və istifadəçilərə pullu onlayn xidmətlər verməyə və internet vasitəsi ilə filmləri satmağa hazırlaşmır.

2008-ci ilin avqustunda İvata onu elan etdi ki, “Nintendo” oyun konsolunun yeni versiyasını – “Wii 2”-ni hazırlayır.
 
“Ginnesin Rekordlar Kitabı”na düşən oyunun həmmüəllifi
 
Satoru İvata zamanında böyük populyarlıq əldə etmiş su borularının təmirçisi Mario haqqında oyunun yaradılmasında iştirak edib. Bu personaj dünyada ən çox tanınan kompüter oyunu kimi “Ginnesin Rekordlar Kitabı”na düşə bilib. Onu da qeyd etmək yerinə düşərdi ki, 1993-cü ildə bu videooyunun süjeti əsasında çəkilmiş ilk “Mario super qardaşları” bədii filmi təqdim olunub.
 
 
Satoru İvatanın rəhbərliyi ilə insanın yorğunluq səviyyəsini müəyyənləşdirən  məişət cihazı hazırlandı
 
“Nintendo” şirkəti tərəfindən insanın yorğunluq səviyyəsinə nəzarət üçün məişət cihazı hazırlanması da Satoru İvatanın fəaliyyəti dövrünə düşdü. Bu, insan yuxusunun dərinliklərinə nəzarət üçün dünyanın ilk məişət cihazı oldu.  Yatağa yerləşdiriləcək cihaz mikrodalğalı şüalanma vasitəsi ilə yatmış insanın nəfəsini, nəbzini və vəziyyətinin digər parametrlərini izləmək imkanına malikdir.

Əldə edilən məlumatlar uzaqda yerləşən serverə göndərilərək orada təhlil edilir və aparat sahibinə onun yorğunluq dərəcəsi barədə xəbər verir.
 
Cahangir Atakişiyev
 



Baxış sayı: 377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020