12px13px15px17px
Tarix:31/08/15

Təyyarənin göyərtəsində internetin sürəti nə üçün hələ də zəif və bahadır?

Təyyarənin göyərtəsində mobil rabitə və “Wi-Fi” texnologiyası tədricən adiləşsə də, ancaq internet qoşulmanın sürəti və sabitliyi hələ də ürəkaçan deyil.

Texnologiyaların inkişafı ilə əlaqədar məlumatların ötürülmə sürəti artır, ancaq iqtisadi amillər rabitənin keyfiyyətinin yaxşılaşmasının qarşısını alır.
 
Təyyarənin göyərtəsində internetə çıxış texnologiyası ilk dəfə 1990-cı illərdə “Boeing” şirkəti tərəfindən tətbiq edilib. Şirkətin başlatdığı “Connexion” peyk şəbəkəsinin inkişafı həmin illərdə mobil internetə tələbatın az olması və 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktından sonra hava daşımalarında yaşanan böhrana görə dayanıb. Aviaşirkətlər əlavə xərcləri azaltmağa məcbur olmuş və 2006-cı ildə “Connexion” layihəsi tam dayandırılıb.
 
İxtisaslaşdırılmış yerüstü baza stansiyaları əsasında öz şəbəkəsini qurmuş və ABŞ-ın bütün ərazisini əhatə etməyə müvəffəq olmuş “Gogo” şirkəti Amerika bazarında rəqabətdən qalib çıxa bilib.
 

 
“Gogo” şirkətinin sözügedən bazara çıxışı və inkişafı “iPhone” smartfonlarının populyarlığına təsadüf edir və nəticədə ABŞ aviaşirkətlərində sərnişinlərin əksəriyyəti mobil internetdən istifadəyə başlayıb.
 
Ancaq sərnişinlərin bir çoxu hələ də internetə qoşulmanın keyfiyyətindən və yüksək qiymətindən narazıdır. Belə ki, uçuşun müddətindən və hava xəttinin yüklənməsindən asılı olaraq bu qiymət 12-60 dollar arasında dəyişir.
 
Bildirək ki, birinci nəsil “Gogo” texnologiyası 3 Mb/s-dək, ikinci nəsil texnologiya isə 10 Mb/s-dək qoşulma sürətini təmin edir. Bu halda kanalın ümumi buraxılış qabiliyyəti internetə daxil olmuş salondakı sərnişinlər arasında bölünür. Nəticədə sərnişinlərin yalnız 7 faizi şirkətin xidmətindən istifadə edir.
 
ABŞ-da “Gogo”ya rəqib “ViaSat” və “Global Eagle Entertainment” şirkətləri 12 Mb/s-dək çıxış sürətinə malik daha təkmil peyk interneti texnologiyasını təklif ediblər. Bu halda “ViaSat” şirkətində kanalın buraxılış qabiliyyəti bütün sərnişinlər arasında bölünmür, onların hər birinə əlçatandır. Şirkətlər, həmçinin internetə çıxışın biletin qiymətinə əlavə edilməsi haqda ayrı-ayrı aviadaşıyıcılarla razılığa gəliblər. Belə ki, “JetBlue” aviaşirkətinin reyslərində internetə çıxışın qiyməti bir saatlıq 9 dollar təşkil edir. Nəticədə təyyarənin göyərtəsində internet istifadəçilərinin sayı 40 faizədək artıb.
 
Ancaq yuxarıda adıçəkilən şirkətlərin texnologiyasının tətbiqi ona görə çətindir ki, aviaşirkətlər artıq öz təyyarələrinə “Gogo” avadanlığını quraşdırıblar və onu dəyişdirmək xeyli vəsait tələb edir. Uçuş zamanı hələ ki insanların çoxu internetdən istifadə etmədiyinə görə telekommunikasiya nəhəngləri belə avadanlığın yaradılması ilə məşğul olmur və bütün həllər hava xətlərindəki internet provayderlərinə məxsus olduğundan internetin qiyməti baha olaraq qalır.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024