12px13px15px17px
Tarix:31/08/15

“Facebook” öz biznesini necə gücləndirir?

Mark Zukerberq bir neçə gün əvvəl bildirdi ki, “Facebook” sosial şəbəkəsinin birgünlük istifadəçilərinin sayı 1 milyardı ötüb.
 
Məlumat üçün bildirək ki, 2010-cu ildə “Facebook”un auditoriyası 500 milyon istifadəçi təşkil edib. Daha iki il sonra şirkət auditoriyasının 1 milyardadək artdığı bildirilib. Ancaq bu o demək deyildi ki, istifadəçilərin hamısı eyni zamanda şəbəkədən istifadə edir, söhbət sosial şəbəkədə qeydiyyatdan keçmiş profillərdən gedirdi.
 
Hazırda sözügedən sosial şəbəkədə təxminən 1,5 milyard insan qeydiyyatdan keçib.
 
Şirkətin məlumatına görə, ABŞ-da orta statistik smartfon sahibi öz vaxtının hər beşinci dəqiqəsini “Facebook”da keçirir.
 
“Facebook” artıq yalnız sosial şəbəkə deyil. Şirkət, “Facebook”dan başqa, həmçinin 800 milyon istifadəçi bazasına malik “WhatsApp” messenceri və 300 milyon auditoriyası olan “Instagram” xidmətinə malikdir. Bundan başqa, “Facebook Messenger”in istifadəçilərinin sayı artıq 700 milyona yaxınlaşıb.
 
Əlbəttə ki böyük sayda istifadəçi sayına malik resurs bəşəriyyətə öz təsirini göstərir.
 
“Facebook” şirkəti öz şəxsi axtarışını hazırlayıb və artıq “Microsoft”un köməyinə ehtiyacı yoxdur, belə ki, sonuncu “Bing” axtarış mühərrikini sosial şəbəkənin ehtiyacına uyğunlaşdırmışdı.
 
Hazırda Mark Zukerberq, həmçinin yoxsul ölkələrin hesabına internet istifadəçilərinin auditoriyasını artırmağa imkan verəcək “Internet.org” adlı layihənin üzərində işləyir.
 
“Facebook”, həmçinin daha bir qlobal layihə (“Aquila” pilotsuz uçan aparatları) üzərində çalışır. Hələ ki planetin ucqar nöqtələrini internetlə təmin etmək planlaşdırılır. Qeyd edək ki, bu kimi yerlərdə internet qoşulma vasitələrini yerləşdirmək iqtisadi cəhətdən əlverişsizdir.
 
Bütün bu layihələr “Facebook”un gəlirinin artımına hesablanıb. 1,5 milyard istifadəçi auditoriyasını nəzərə aldıqda istənilən miqyaslı layihə öz xərcini çıxaracaq. İndi şirkət yalnız mobil proqram istifadəçilərinin hesabına bir rüb ərzində reklamdan təxminən 2,9 milyard dollar əldə edib.
 
Şirkət, həmçinin virtual reallıq qurğularının hazırlanması üzrə liderlərdən biridir, çünki “Oculus” layihəsi artıq bu şirkətə məxsusdur.

“Facebook” 2016-cı ildə “Oculus Rift” virtual reallıq eynəyinin final versiyasını təqdim etməyə söz verib.
 
Emil Hüseynov



Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024