12px13px15px17px
Tarix:29/09/15

Şifahi nitqi yazıya çevirən “Dilmanc İmla” proqramı təkmilləşdirildi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi çərçivəsində hazırlanan “Dilmanc İmla” proqramının yeni versiyası çıxmışdır. Tamamilə ödənişsiz yayılan “Dilmanc İmla” proqramı şifahi nitqi avtomatik olaraq yazıya çevirməklə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli yazı yazmağa, sənədləri hazırlamağa imkan verir.
 
 
Proqramın yeni versiyası şifahi danışığı yazıya çevirərkən durğu işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə yazır. Layihədən verilən məlumata görə, bütün nitqin tanınması sistemləri şifahi danışığı yazıya çevirərkən durğu işarələrinin harada olması, nitqə qulaq asaraq hansı sözün böyük hərflə yazılmalı olduğundan məlumatsız olurlar. Problemi həll etmək üçün internetdə bütün azərbaycandilli saytlardakı mətnlər köçürülərək maşın öyrənməsi alqoritmləri ilə analiz edilmiş, durğu işarələrinin yerini və xüsusi isimləri avtomatik müəyyən edən statistik modellər yaradılmışdır.
 
 
“Dilmanc İmla” proqramını ödənişsiz olaraq “Android” və “iOS” telefonlarına yükləmək mümkündür. Daha sonra layihənin saytından (dilmanc.az/dilmanc-imla) kompüterə əlaqələndirici proqram yükləmək lazımdır. Bu proqramda göstərilən kodu telefona daxil etdikdən sonra, telefona deyilən şifahi nitq avtomatik olaraq mətnə çevrilib kompüterdə yazılır və klaviaturada yazmağa ehtiyac qalmır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1291

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024