12px13px15px17px
Tarix:06/10/15

“ICANN” domen qeydiyyatçıları üçün məsuliyyət sığortası tələbini ləğv edib

İnternetdə domen adların və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatının Direktorlar Şurası əvvəllər bütün domen adları qeydiyyatçılarına şamil edilən sığorta məsuliyyəti tələbinin ləğv edilməsini nəzərdə tutan qətnaməni təsdiq edib. Bu barədə “ICANN”-ın rəsmi bloqunda təşkilatın vitse-prezidenti Sayrus Namazi bildirib.
 
Qaydalara görə, əvvəllər "ICANN” ilə saziş imzalayan bütün domen qeydiyyatçıları 500 min dollar məbləğində təzminatla sığorta məsuliyyəti haqqında sənədi mütləq qaydada təqdim edirdi. Bu tədbirin qeydiyyatçıların səhvə yol verməsi, məsələn, adların qeydiyyat müddətinin vaxtında uzadılmaması və s. hallarda onların maraqlarını qoruyacağını nəzərdə tutub.  
 
Lakin təşkilat tərəfindən altı ay ərzində aparılan tədqiqatdan məlum olub ki, sığorta məsuliyyəti xidmətləri təqdim edən şirkətlərin əksəriyyəti bu insidentləri sığorta hallarına daxil etmir. Belə olan halda isə qeydiyyatçı maraqlarının qorunmasından danışmaq yersizdir. Digər tərəfdən, qeyd olunan sığorta növünün baha olması çox vaxt qeydiyyatçı şirkətlər, xüsusilə Afrika və Cənubi Amerikanın inkişaf etməkdə olan ölkələri üçün ağır yük olurdu. Belə ki, məsələn, Nigeriyada 500 min dollar məbləğində təzminatla sığorta məsuliyyətinin qiyməti əhalinin adambaşına düşən ÜDM-dən təxminən 157 dəfə çoxdur.
 
“ICANN” nümayəndələri ümid edirlər ki, sığorta məsuliyyəti tələbinin ləğv edilməsi domen qeydiyyatı xidmətləri bazarının artımını stimullaşdırmağa kömək edəcək, - "CNews www.cnews.ru” yazır.
 



Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024