12px13px15px17px
Tarix:21/10/15

Şagirdlər informatika üzrə “Bebras” müsabiqəsində güclərini sınayacaq

Azərbaycan ACM Bölməsinin təşkilatçılığı ilə informatika üzrə beynəlxalq “Bebras” müsabiqəsi çərçivəsində “Bebras” Həftəsi bu il 5-11 noyabr tarixlərində keçiriləcək.

Müsabiqədə iştirak ödənişsizdir və maraqlanan məktəblər “http://www.bebras.az” veb-saytında qeydiyyatdan keçməyə dəvət olunur.  
 

Beynəlxalq “Bebras” müsabiqəsi (“Bebras” International Contest on Informatics and Computational Thinking) proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək üçün hazırlanıb. Onlayn rejimdə keçirilən müsabiqə zamanı şagirdlər 40 dəqiqə ərzində 15 suala cavab verir.
 
 
Azərbaycan məktəbliləri Beynəlxalq “Bebras” Həftəsində ilk dəfə 2014-cü ilin dekabrında iştirak ediblər. Ölkəmiz bu yarışa Bakı, İsmayıllı, Laçın, Lerik, Mingəçevir və Sumqayıtdan olmaqla 82 məktəb və 4 184 şagirdlə qoşulmuşdu. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqədə 109 nəfər final mərhələsinə keçmişdi. 2 may 2015-ci ildə ADA Universitetində keçirilmiş final mərhələsində ən yüksək nəticə göstərmiş 20 şagird müxtəlif hədiyyələrlə mükafatlandırılmışdı.
Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun üzvü, layihə rəhbəri Adil Əliyev deyir: “2014-cü ilə nisbətən bəzi prosedurlar bu il daha da təkmilləşib, daha çox bölgənin və şagirdin iştirakına ümid edirik. Hazırda iştirak üçün qeydiyyat prosesi davam etməkdədir və artıq bir neçə yeni bölgə məktəbi müsabiqəyə qoşulub”. Müsabiqədə iştirak etmək üçün maraqlanan məktəblər “http://www.bebras.az” veb-saytı vasitəsilə qeydiyyatdan keçə bilər.
 
 
Başlanğıcı 2004-cü ildə qoyulmuş “Bebras” müsabiqəsi hazırda dünyanın 30-dan artıq ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiya, ABŞ-da keçirilir. Beynəlxalq “Bebras” müsabiqəsi Avropa regionunun informatika üzrə təhsil və tədqiqat mərkəzlərini bir araya gətirən “İnformatics Europe” təşkilatının 2015-ci il Təhsildə Ən Yaxşı Təcrübə Mükafatına (Best Practices in Education Award) layiq görülüb. Daha geniş məlumatı müsabiqənin veb-saytından əldə etmək olar:
 

Qeyd edək ki, ACM (Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim, ən mötəbər və ən böyük peşəkar təşkilatdır.
 
Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır.
 
Azərbaycan ACM Bölməsi isə Qafqazda ilk və yeganə peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 818

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020