12px13px15px17px
Tarix:21/10/15

MSK-nın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib (FOTOLAR)

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun iştirakı ilə MSK-nın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib.
 








Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində veb-kameralarla bağlı son hazırlıq işləri ilə tanış olan nazir və MSK sədri daha sonra bu münasibətlə təşkil olunan mətbuat konfransına qatılıblar.
 
 Konfransda rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bu sahədə görülən işlər haqda geniş təqdimatla çıxış edib.
 







Qeyd edilib ki, seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi Azərbaycanın seçki tarixində 2008-ci ildən etibarən tətbiq olunur.  
 
Bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması, nəticələrin müəyyənləşdirilməsini və nəticələr haqqında rəsmi protokolların hazırlanmasını arasıkəsilmədən canlı müşahidə etmək imkanı əldə edir.

 







Həmçinin Mərkəzi Seçki Komissiyasını ölkə ərazisindəki mövcud 125 seçki dairəsi ilə birləşdirən optik xətlər, eyni zamanda rabitə təhlükəsizliyinin təmin olunması məqsədilə ehtiyat optik xətt çəkilib, 1000 məntəqə videokameralarla təchiz edilib, bütün məntəqələrin telefonlaşdırılması, məlumatların aşağı seçki komissiyaları tərəfindən yuxarı seçki komissiyasına ötürülməsinin onlayn rejimdə həyata keçirilməsi təmin edilib.
 
 
 
Təqdimatdan sonra rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və MSK sədri Məzahir Pənahov jurnalistlərin suallarını cavablandırıblar.
 
Nazir Əli Abbasov seçkilərdə rabitə və informasiya texnologiyalarından istifadə olunmasının  ölkəmizdə seçki sisteminin təkmilləşdirilməsi, onun informasiya təminatının müasir tələblər səviyyəsində qurulması, seçki prosesində aşkarlığın və şəffaflığın təmin olunmasına xidmət etdiyini vurğulayıb.
 


Prosesdə informasiya təhlükəsizliyinin qorunmasının əsas məqsəd kimi önə çəkildiyini deyən Ə.Abbasov kiberhücumlara qarşı mübarizə tədbirlərindən söz açıb. Nüfuzlu tədbirlərdə kibertəhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan rabitəsinin böyük təcrübə qazandığını deyən nazir seçkilər zamanı müdaxilə hallarının baş verməsinin qarşısını almaq məqsədilə tədbirlərin gücləndirildiyini, 3 qat ehtiyatlılıq sisteminin qurulduğunu, eyni zamanda bu istiqamətdə xarici tərəfdaşlarla yaxından əməkdaşlıq edildiyini, ehtiyac yarandığı təqdirdə həmin tərəfdaşlara avtomatik müraciət imkanlarının mümkün olduğunu diqqətə çatdırıb. Nazir seçki zamanı teleradio yayımının yüksək səviyyədə təşkili və etibarlılığın təmin olunması məqsədilə ölkəmizin ilk telekommunikasiya peyki "Azerspace-1"-in bütün imkanlarından istifadə olunacağını da qeyd edib.
 



 


Seçki prosesində İKT imkanlarının genişləndirilməsindən danışan Məzahir Pənahov da bildirib ki, internetdən istifadə seçki proseslərinin birbaşa izlənməsinə, eyni zamanda aşkarlığın və şəffaflığın daha yüksək səviyyədə təmin olunmasına şərait yaradır.


 
 Bu sahədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) ilə sıx əməkdaşlıq edildiyini deyən MSK rəhbəri RYTN-ə minnətdarlığını da ifadə edib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 890

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024