12px13px15px17px
Tarix:22/10/15

BMTİP ilə gələcək əməkdaşlıq çərçivəsində reallaşdırılacaq İKT layihələri müzakirə edilib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Olivier Adamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Nazir Əli Abbasov nümayəndə heyətini ilk növbədə Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi, həmçinin ölkəmizdə müxtəlif sahələrdə layihələrinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə  görə Azərbaycan Prezidentinin sərəncamı ilə BMT-nin bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə təbrik edib.
 
 Daha sonra BMT-nin müvafiq qurumları ilə əməkdaşlığın dövlət tərəfindən yüksək dəyərləndirildiyini ifadə edən nazir BMT-Azərbaycan münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən İKT sahəsində dinamik inkişafına toxunaraq, BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlığı çərçivəsində ölkədə bir sıra İKT layihələrinin həyata keçirildiyini xatırladıb.
 
Xüsusən İT sahəsinin gələcək inkişafı üçün mayak rolunu oynayan “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın hazırlanmasında, ölkədə elektron idarəçiliyin inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili üçün müvafiq platformanın yaradılmasında, İnternet İdarəçiliyi Forumunun təşkilində və digər sahələrdə BMT İP-in əsas tərəfdaş kimi çıxış etdiyini diqqətə çatdırıb.
 
 
Səmimi qəbula görə nümayəndə heyəti adından nazirə minnətdarlığını ifadə edən Olivier Adam ilk olaraq BMTİP-in rəhbəri xanım Helen Klarkın salamlarını çatdırıb.
 
Azərbaycanın İKT sahəsində inanılmaz uğurlara imza atdığını deyən BMT rəsmisi bu istiqamətdə qazanılan təcrübənin BMT-nin digər üzv ölkələri üçün model rolunu oynaya biləcəyini, həmçinin əldə edilən nailiyyətlərin digər ölkələrlə bölüşdürülməsində BMT İP-in yaxından iştirak edə biləcəyini nəzərə çatdırıb, eyni zamanda təşkilatla əməkdaşlıq çərçivəsində Azərbaycanın Əfqanıstanda e-idarəçilik sahəsinin inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
 
 
Görüşdə daha sonra cari layihələr, o cümlədən Azərbaycan üzrə 2016-2020-ci illəri əhatə edəcək ölkə proqramında İKT layihələrinə daha geniş yer ayrılması, “Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü” çərçivəsində “AzDataCom” layihəsi üzrə əməkdaşlığın davam etdirilməsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
 



Baxış sayı: 942

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024