12px13px15px17px
Tarix:23/10/15

ABŞ Konqresində “www.AzerbaijaniArtifacts.com” virtual sərgisinin başlanması ilə bağlı tədbir keçirilib

Vaşinqtonda, ABŞ Konqresinin binasında “http://www.AzerbaijaniArtifacts.com”  virtual sərgisinin başlanmasına həsr edilmiş "Azərbaycan mədəniyyətinə səyahət" adlı tədbir keçirilib. 
 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilati köməyi ilə "Qarabağ" Fondu tərəfindən keçirilən tədbirdə Azərbaycanın mədəni irsinin artefaktları təsvir olunmuş fotoplakatlar, tarixi xəritələr və Ermənistan-Azərbaycan münaqişəsi dövründə məhv edilmiş eksponatlar nümayiş etdirilib. Sərgidə, həmçinin layihə iştirakçılarının və ABŞ-ın azərbaycanlı icmasının nümayəndələrinin vətənlə bağlı duyğularını ifadə edən sözlər yazılmış "Mən azərbaycanlıyam" layihəsinin plakatları yer alıb.

Tədbirdə Vaşinqtonda fəaliyyət göstərən "Qarabağ" Fondunun icraçı direktoru Diana Altman, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış ediblər.
 

Səfir qeyd edib ki, Azərbaycan Avropa ilə Qərb arasında mədəni körpü, mədəniyyətlərarası dialoqun inkişafına sanballı töhfə verən bir ölkədir. Diplomat ölkəmizdəki mədəni müxtəliflik və tolerantlıq barədə söhbət açaraq mədəni irsin qorunub saxlanmasına və mədəniyyətlərarası dialoqun inkişafına dövlət tərəfindən xüsusi diqqət verildiyini vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan səfir bildirib ki, bu münaqişə öz evlərinə qayıda bilməyən dinc sakinlərin əzab-əziyyətinə, habelə Azərbaycanın mədəni irsinin - nadir mədəniyyət abidələrinin və artefaktların məhv edilməsinə gətirib çıxarıb.
 

Smitson İnstitutu yanında Asiya Mədəniyyət Tarixi Proqramının direktoru Pol Maykl Teylor tədbir iştirakçılarına özünün arxeoloji araşdırmaları və tapıntıları, bu artefaktlara həsr edilmiş "Boru kəmərləri dəhlizində keçmiş və gələcək irs: Azərbaycan, Gürcüstan, Türkiyə" kitabı barədə məlumat verib. O, kitabın bir nüsxəsini Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edib.
 

Gecə muğam ifaçısı İmamyar Həsənovun çıxışı ilə davam edib. Tədbirdə Vaşinqtondakı diplomatik nümayəndəliklərin, ABŞ Konqresinin və Amerika paytaxtındakı analitik mərkəzlərin təmsilçiləri, habelə ABŞ-ın azərbaycanlı, türk və yəhudi icmalarının nümayəndələri iştirak ediblər.
 
 
Aynur Vəliyeva
 



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024