12px13px15px17px
Tarix:26/10/15

Bakıda elektron kənd təsərrüfatı və coğrafi informasiya sistemləri mövzularında dinləmələr keçirilib

Azərbaycanda keçirilən beynəlxalq elmi praktik konfransda elektron kənd təsərrüfatının yaradılması zəruriliyi və coğrafi informasiya sistemləri (CİS) istiqamətində məruzələr oxunub.
 
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetində baş tutan və “Aqrar elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər” mövzusuna həsr edilən konfransda kənd təsərrüfatı sahəsində tətbiq olunan informasiya-kommunikasiya texnologiyalarına xüsusi diqqət ayrılıb. Hazırda digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sektorunda da İKT tətbiq olunmadan daha böyük nəticələrin əldə edilməsinin mümkünsüzlüyü qeyd edilərək hazırkı qlobal tələbin bu istiqamətdə olduğu vurğulanıb.
 
 
Qeyd edək ki, dünyanın 16 ölkəsindən 73 nəfər alim və tədqiqatçının iştirak etdiyi  konfransın məqsədi 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar sahənin inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək üçün respublikamızın və dünyanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri bölüşmək, ortaq problemləri müzakirə etmək və onların həllinə tövsiyələr verməkdir.
 
 
Amerika, Almaniya, Belçika, Fransa, Çexiya, Gürcüstan, İraq, İran, İtaliya, Hindistan, Pakistan, Polşa, Qazaxıstan, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna, eləcə də respublikamızın aparıcı ali təhsil və elmi tədqiqat müəssisələrinin alim və tədqiqatçılarının iştirak etdiyi konfransın materialları artıq 3 cilddə nəşr olunub.
 
 
Məlumat üçün bildirək ki, plenar iclasda dünya miqyasında tanınan rektorlar və professorlar aqrar elmin və təhsillin innovativ inkişafına dair aktual məruzələr ediblər.
 
Dünyada ərzaq təhlükəsizliyi problemləri və onun həlli yolları,  açıq və örtülü torpaq tərəvəzçiliyində yeni texnologiyaların tətbiqi,  inteqrir bitki mühafizəsi, zərərverən orqanizmlərə qarşı mübarizədə pestisidlərin idarə edilməsi, dayanıqlı kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və ekoloji problemlər, təhsilin və istehsalın inteqrasiyası, aqro və texnoparklar və sair mövzularda çıxışlar edilib. 
 
 
SEYMUR



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024