12px13px15px17px
Tarix:29/10/15

İTİDF Azərbaycan Dövlət Neft və Sənaye Universitetində məlumat sessiyası keçirib

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) elan etdiyi 3-cü qrant müsabiqəsi ilə bağlı məlumat sessiyası keçirilib.
 
 
Tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı çıxış edərək Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində mühüm addımların atıldığını vurğulayaraq İTİDF-nin yaradılmasının buna bariz nümunə olduğunu söyləyib. Adıçəkilən fondun İKT üzrə olan dövlət maraqlarını və prioritetlərini həyata keçirdiyini qeyd edən rektor onun gənclər üçün böyük imkanlar yaratdığını önə çəkib.
 
 İTİDF-nin İKT-yə əsaslanan ideyaların maliyyələşdirilməsinə və onun fonunda müəssisələrin yaradılmasına çalışdığını, bu sahəyə sərmayələrin qoyulmasını və dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirlərinin yüksəlməsini təmin etmək istiqamətində fəaliyyət göstərdiyini qeyd edən M.Babanlının sözlərinə görə,  bütün bunlar da ölkədə biliklərə söykənən iqtisadiyyatın inkişaf etdirilməsi üçün olduqca böyük əhəmiyyət kəsb edir:
 
“Biz də öz növbəmizdə tələbələrdə müəyyən maraq oyatmalıyıq ki, onlar təhsil aldıqları dövrdə həm də fondun yaratdığı imkanlardan faydalansınlar. Gənclərimiz fərdi layihələr hazırlamaqla yanaşı, komanda şəklində də startap ideyalarını ortaya qoya bilərlər. Tələbələrin universitet həyatında elə bir ağlasığmaz ideyalar əmələ gələ bilir ki, onun ölkə üçün gəliri hər hansı bir müəssisənin onilliklərlə verdiyi gəlirdən üstün ola bilər. Məsələn, tələbə gənclər “Facebook” kimi sosial şəbəkə yaradıblar və sair”.  
 
 
Sonra fondun icraçı direktoru Elçin Zeynalov fondun keçirdiyi müsabiqə barəsində geniş məlumat verib.
 
Hazırkı durumda dünyada yeni bir biznes sahəsini kəşf etməyin çox çətin olduğunu vurğulayan icraçı direktor qeyd edib ki, Azərbaycan dövləti gəncləri bu istiqamətdə çətinlik çəkmədən, öz ideyalarını reallaşdırmaq üçün həm lazımi mühitlə, həm də lazımi vəsaitlə təmin edir. Çox az ölkələrdə dövlətin belə imkanlar yaratdığını vurğulayan E.Zeynalov gəncləri İT ideyalarla çıxış etməyə və fondun keçirdiyi müsabiqələrə qoşulmağa çağırıb.
 
Bundan sonra tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb. Həmçinin qeyd olunub ki, 3-cü qrant müsaqbiqəsinə olan geniş maraq nəzərə alınaraq layihələrin qəbul müddəti fond tərəfindən cari ilin noyabrın 10-u tarixinədək uzadılıb və əlavə olunub ki, elan edilən son müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə  həyata keçirilir:
 
 
  1. Mütərəqqi proqram təminatının hazırlanması
 
  1. İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması
 
 
  1. İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyanın inkişafı və onların kommersiyalaşdırılması
 
  1. Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması
 
 
  1. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.
 
 
Qeyd edək ki, qrant müsabiqəsində layihələr yalnız fondun rəsmi internet səhifəsində yerləşdirilmiş e-qrant bölməsi vasitəsi ilə onlayn təqdim edilə bilər.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024