12px13px15px17px
Tarix:03/11/15

Son 5 il ərzində ölkənin İT sektoru təqribən 2,2 dəfə genişlənib

Bu gün Azərbaycan iqtisadiyyatı dünyada maliyyə-iqtisadi böhranın davam etdiyi və neftin qiymətinin aşağı düşdüyü şəraitdə uğurla inkişaf edir. Bu inkişaf həyata keçirilən şaxələndirmə tədbirləri, qeyri-neft sektorunun  gücləndirilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması hesabına təmin edilir. İnformasiya-kommunikasiya texnologiyaları da yüksək artım tempinə malik yeni iqtisadi sahə kimi qeyri-neft sektorunda aparıcı rol oynayır. Ölkədə İKT infrastrukturunun inkişafı və genişləndirilməsi ilə yanaşı, hökumət tərəfindən İT istehsalına və tətbiqinə də xüsusi diqqət yetirilir.

 
Bu sahədə inkişaf üçün ölkədə əlverişli biznes şərtləri və investisiya mühiti mövcuddur. Azərbaycanın İT sektorunda xidmət və ticarət sferaları, eyni zamanda İT istehsal sahəsi üzrə inkişaf var.

 
Son 5 il ərzində ölkənin İT sektoru təqribən 2,2 dəfə genişlənib. 2014-cü ildə isə ölkənin İT sektoru əvvəlki illə müqayisədə 14,9% artmışdır. Hazırda ölkənin İT sektorunda istehsal sahəsinin xüsusi çəkisi 19,2%, xidmət-ticarət sahəsi isə 80,8% təşkil edir. İT sektoru üzrə gəlirlərin ölkənin İKT sektorunda xüsusi çəkisi 11% təşkil edir və bu rəqəm ilbəil artmaqdadır.
 

Ölkəmizdə müasir İKT məhsul və xidmətlərinin istehsalının genişləndirilməsi həmişə qarşımızda duran prioritet məqsədlərdən olub.

 
Bu sahədə rəqabət şəraitinin inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi və biznes mühitinin cəlbediciliyinin artırılması üzrə həyata keçirdiyimiz işlər müsbət nəticələr verib. Qeyd edək ki, hazırda yerli istehsalçı şirkətlər geniş çeşiddə İKT məhsulları, o cümlədən kompüter və ofis texnikası, ehtiyat hissələri, periferiya avadanlıqları və proqram həllərini təqdim edirlər. Məsələn, Mingəçevir şəhərində yaradılmış KÜR zavodu eyni adlı ticarət markası altında ümumtəhsil məktəbləri və ev təsərrüfatları üçün fərdi kompüterlər, dövlət və biznes qurumları üçün müxtəlif kompüter texnikası istehsal edir.

 
 “KÜR” populyar milli brenddir. Digər yerli şirkət “Ultra” “NEXUS” ticarət nişanı altında fərdi kompüter və noutbukların, həmçinin “Azpad” markalı planşetlərin istehsalını uğurla həyata keçirir.

 
Bunlarla yanaşı, “AZEL” şirkətinin “Lazer” markalı monitorları, noutbuk və kompüter aksesuarları da yerli istehsaldır. “R.İ.S.K.” şirkətinin işləyib hazırladığı “PANDA” yeni nəsil proqram təminatları toplusu isə müxtəlif xarici ölkələrin aeronaviqasiya xidmətləri sahəsində geniş tətbiq edilir.
 

Bununla belə hesab olunur ki, bu sahənin imkanları genişdir və ixraca yönəlmiş innovativ məhsul və xidmətlərin istehsalının artırılması üçün yeni addımlar atılmalıdır.
 

Əgər ixracyönlü, ölkə iqtisadiyyatına töhfə verə biləcək biznes layihələri olarsa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onların gerçəkləşdirilməsinə dəstək verməyə hazırdır. Artıq belə bir nümunə var. Ölkə başçısının müvafiq fərmanı ilə “KÜR” zavodunun bazasında yaradılmış Mingəçevir Yüksək Texnologiyalar Parkında dünyanın tanınmış “ACER” şirkətinin kompüter avadanlıqlarının istehsalına başlanılıb.
 

Burada istehsal olunan məhsullar həm daxili tələbat, həm də ixrac üçün nəzərdə tutulacaq. Xatırladaq ki, ölkədəki texnologiya parklarının rezidentləri bir çox vergidən azaddır. Mingəçevir Yüksək Texnologiyalar Parkında kompüter avadanlıqlarının istehsalı ilə bağlı idxal olunan qurğular isə Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli qərarı ilə idxal gömrük rüsumundan da azad edilib. Bu təcrübənin genişləndirilməsi nəzərdə tutulur və investorlardan maraqlı təkliflər olarsa, analoji layihələrin həyata keçirilməsinə maraq göstərilir.
 



Baxış sayı: 825

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024